"Dövlətimizin siyasətinə öz töhfələrimizi verməliyik"
İşərişəhər “Cümə” Məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədlinin SİA-ya müsahibəsi

 - Hacı Surxay, son dövlərdə, xüsusilə Yaxın Şərqdə baş verən məlum hadisələr çərçivəsində dini radikalizm mövzusu yenidən ictimai rəyin müzakirə obyektinə çevrilib. Sizcə, bu faktor arxasında hansı amillər dayanır?

- Bismillahir Ramənir Rahim! Öncə, bu kimi aktual mövzuya toxunduğunuza və mənim də rəyimi öyrənmək istədiyinizə görə saytınıza dərin təşəkkürümü bildirmək istərdim. Çünki həqiqətən də qeyd etdiyiniz kimi, dini radikalizm faktoru xüsusilə son bir neçə ildə bəşər övladına kifayət qədər çox ziyan vurub. Yaxın Şərqdə – Suriya, İraq, Yəmən, Əfqanıstan, Fələstin kimi ölkələrdə  biz on minlərlə günahsız insanların, körpələrin, qocaların və qadınların həlak olması ilə yanaşı, radikal dini qruplar halında cəmləşən terror təşkilatlarının daha da azğınlaşdıqlarını, qana susadıqlarını görməkdəyik.

“Nəyə görə belə olmasını araşdırmaq politoloqların, siyasət mütəxəssislərinin işidir”

Xüsusilə, İŞİD, Ən-Nusra, Əl Fəth, Ceyşül-İslam, Boko-Haram və s. kimi dindən-imandan, insanlıqdan uzaq olan cinayətkarların İslam dini pərdəsi altındakı vəhşilikləri buna aşkar sübutdur. Artıq dini radikalizm nəninki Yaxın Şəqri, eləcə də  Qərbi Avropanı cənginə almaqdadır. Fransada, Almaniyada, Belçidaka biz bütün bunların şahidi olmuşuq. Lakin qeyd etmək istərdim ki, adlarını çəkdiyim, ya da çəkmədiyim terror qruplarının əksəriyyətinin təməli məhz Qərbdə qoyulub. Bunun isə əlbəttə ki, siyasi səbəbləri var və nəyə görə belə olmasını araşdırmaq politoloqların, siyasət mütəxəssislərinin işidir.

“İslamı “təfriqətçi din” kimi təqdim edərkən, bunu bölünmüş məzhəblərlə sübuta yetirməyə çalışırlar”

-Bəs dini, yaxud şəri baxımdan bu amili necə izah etmək olar?

-Məsələyə dini tərəfdən yaxınlaşdıqda isə vurğuylamalıyam ki, İslam dini digər dinlərdən fərqli olaraq sülh, dialoq, xoşməramlığı təbliğ edən, mənəviyyat aşılayan bir dindir. Bu gün İslam adına ləkə gətirmək istəyənlər isə təəssüf ki, İslama heç bir aidiyyatı olmayan “qanunlarını” tətbiq edir, “fətvalar” verir, bununla da hansısa maraqlı dairələrin əmrlərini yerinə yetirmiş olurlar. Bəziləri İslamı “təfriqətçi din” kimi təqdim edərkən, bunu bölünmüş məzhəblərlə sübuta yetirməyə çalışırlar. Lakin mən bunu belə deməzdim. Düzdür, İslam dinində məzhəb ayrılığı mövcud olsa da, nəticə etibarilə inam və etiqad Allah kitabına - müqəddəs Qurana söykənir. Hətta bu gün müəlman ölkələrində fəaliyyət göstərən və İslam universitetlərində, elmi akademiyalarında bütün məzhəbləri bir araya gətirən beynəlxalq konfranslar, sammitlər keçirilir, necə deyərlər, vəhdət faktoru önə çəkilir. İstər şiə, istər sünni məzhəbləri arasında sülhpərvər anlaşmalar, görüşlər baş tutur. Bax, əsl İslam, əsl müsəlmançılıq da budur! Düşünürəm ki, özündə tolerantlığı əks etdirən tədbirlər daha çox keçirilməli, İslam dininin gerçək tərəfi dünya ictimai rəyinə aşılanmalıdır.

“Allahu əkbər” nidası altında ən ağılasığmaz edamlarını reallaşdırırlar, hətta deyərdim ki, heyvani vəhşiliklərə əl atırlar”

- Azərbaycanda da bəzi radikal cərəyanlar ayaq açmağa çalışsa da bunun qarşısının alınması üçün zaman-zaman müvafiq addımlar atılır. Sizcə, görülən tədbirlər səmərəli nəticələrini verirmi?

Təbii ki, verir. Biz son dövrlər bunun şahidi olmaqdayıq. Amma digər fakta da nəzər salmaq istərdim. Bu gün radikal islamçılar, yəni İslama heç bir aidiyyatı olmayanlar terror qrupları şəklində özlərini “əshli sünnə vəl cəmaa” kimi təqdim edərək, guya Muhamməd peyğəmbərin (s) sünnəsini –yəni qayda-qanunlarını icra etdiklərini iddia edirlər. Amma gəlin-görək bu belədirmi? Əsla! Biz görürük ki, bu qatillər toplumu nəninki qeyri-müsəlmanlara, o cümlədən sünni məzhəbindən olan hənbəlilərə, şafiilərə, malikilərə, hənəfilərə, eləcə də sufilik, nəqşi-bəndilik, həmçinin şiəlik cərəyanlarına qarşı amansızcasına davranırlar. “Allahu əkbər” nidası altında ən ağılasığmaz edamlarını reallaşdırırlar, hətta deyərdim ki, heyvani vəhşiliklərə əl atırlar. İslam dininin müqəddəslərinə aid məqbərələr, ağır ocaqlar partladılır, dağıdılır. Hətta Peyğəmbərimizin (s) səhabələrinin məzarları yerlə-yeksan edilir və inanın ki, bu çox ürəkağrıdan bir haldır! O cümlədən, İslam dinindən, habelə digər səmavi dinlərdən əvvəl mövcud olmuş sivilizasiyaların tarixi-mədəniyyət abidələri də məhv edilir, tarixdən silinir. Uzağa getməyərək, İŞİD terrorçularından azad olunmuş Suriyanın qədim Palmira şəhərinin indiki vəziyyətinə baxaq. Antik dövrlərdən qalan əsrarəngiz tarixi abidələrin demək olar ki, əksəriyyəti məhv edilib. Budurmu İslam? Budurmu Muhamməd ümməti? Budurmu bizə qoyulan əmanət? Əlbəttə ki, bu deyil və ola da bilməz! Bu, bayaq da qeyd etdiyim kimi, bir sıra Qərb dairələrinin və onlara bağlı olan radikal “xristian klublarının” İslam adına gətirmək istədikləri ən böyük ləkədir və biz bütün bunların qarşısını almaqdan ötrü yalnız və yalnız vəhdət şəklində birləşərək öz sözümüzü deməliyik və deyirik də. Bu gün Azərbaycan yeganə azsaylı ölkələrdən biridir ki, burada bütün məzhəblər bir araya gələrək, vəhdət namazları qılırlar. Eyni zamanda, digər dinlərin icmaları ölkəmizdə kifayət qədər rahat şəkildə fəaliyyət göstərir, ayinlərini icra edirlər.

“Cənab İlham Əliyevin məqsədi və amalı Azərbaycanı dünya ölkələri sırasında birinci etməkdir”

- Azərbaycanda dövlət tərəfindən dini radikalizm və ekstremizmə qarşı tətbiq edilən qanunlarla bağlı nə deyə bilərdiniz?

- Bayaqkı sözümün davamı olaraq bird aha qeyd etmək istərdim ki, Azərbaycanda da bəzi radikal dini cərəyanlar ayaq açmağa çalışsada bu istiqamətdə dövlətimiz tərəfindən önləyici tədbirlər görülür. Dini radikalizmi təbliğ edən məscidlər bağlanır, onların dırnaqrarası icma başçılarının səlahiyyətlərinə son qoyulur.

Xatırlatmaq istərdim ki, ölkə Prezidenti cənab İlahm Əliyevin ötən il imzaladığı çox önəmli, əhəmiyyətli qanun da bunu ehtiva edir. Bu, Dini ekstremizmə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunudur.

Bu Qanuna görə, Azərbaycan Respublikasında dini radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir. Əlbəttə ki. Biz də bu Qanundan yararlanaraq dövlətimizin siyasətinə öz töhfələrimizi verməliyik. Azərbaycan güclü və  müstəqil dövlətdir və bu dövlətin qətiyyətli, müdrik Prezidenti var. Cənab İlham Əliyevin məqsədi və amalı Azərbaycanı dünya ölkələri sırasında birinci etməkdir. Bu səbəbdən, digər sahələrlə yanaşı, dinin də möhkəm sütunlara dayanması istiqamətində zaman-zaman müvafiq dövlət qanunlar imzalanır. Ona görə də, bir daha təkrar edirəm, biz bu işdə möhtərəm Pezxidentimikin yanında olmalıyıq. Dini ekstremizm və radikallığın kökünün kəsilməsi üçün, ümumiyyətlə nəninki Azərbaycanda, eləcə də dünyada yox olması üçün hər bir insan övladı ilk öncə öz daxili aləmindəki iman səsini eşitməlidir. Bu imandan faydalanaraq, ölkəmizin güclənməsidə, inkişaf etməsində səmərəli fəaliyyətimizi artırmalıyıq.

Diqqətinizi bir nüansa çəkmək istərdim. Bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəninki Qafqazda, o cümlədən, dünyanın dini mərkəzlərində kifayət qədər nüfuzlu qurum kimi uğurlu fəaliyyətini göstərir. QMİ-nin rəhbəri Hacı Allahşükür Paşazadə həzrətləri başda olmaqla, mənim də təmsil olunduğum bu qurum beynəlxalq çərçivədə İslam dininin əsaslı təməllərini dünya ictimaiyyətinə aşılayır, o cümlədən, Azərbaycanın tolertantlığın mərkəzi olduğunu sübuta yetirir. Bu gün ölkəmizdə bütün dini konfensiyalar birlik-bərabərlik şəklində fəaliyyət göstərirlər. Azərbaycan hazırda dünyaya açılan  tolerantlıq nümunəsidir və bu tolerantlığın təməlində güclü dövlət idarəçiliyi dayanıb. Biz, bunu qorumalıyıq, biz bunu inkişaf etdirməliyik!  

“Hacı Allahşükür Paşazadə həzrətlərinin rəhbərliyi altında uğurlu fəaliyyətimiz davam etdirməkdədir” 

- Hacı, QMİ ilə dövlət qurumları arasında əlaqələr mövcuddurmu, ümumiyyətlə, bu istiqamətdə ictimai rəyi maarifləndirmə fəaliyyəti nə yerdədir?

- Əlbəttə, biz ilk növbədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə sıx bağlantı şəklində fəaliyyət göstəririk. Çünki əlaqələr, birgə iş fəaliyyəti olmasa, istənilən nəticəni də əldə etmək mümkün deyil. Bu baxımdan, DQİDK ilə QMİ arasında davamlı əlqələr mövcuddur. Məsələn, DQİDK kitablar, dini bilgilər və s. külliyyatlar dərc etdirir və bir sıra tövsiyələr, məsləhətlər üçün QMİ-yə müraciət olunur. Bilirsiniz ki, QMİ-nin Qazılar Şurası fəaliyyət göstərir və bir sıra şəri məsələlərdə, dini bayramlarda fətvaların verilməsi də həmin Şuradan verilmiş nəticələrə əsaslanır. Eləcə də kitab nəşrlərində və s. maarifləndirmə işlərində QMİ-DQİDK arasında davamlı əlaqələr öz mövcudluğunu qoruyub-saxlayır.

Yeri gəlmişkən, bu ərəfələrdə DQİDK dini radikalizmin qarşısının alınması üçün ardıcıl tədbirlər həyata keçirir və həmin tədbirlərə QMİ-ni təmsil edən mütəxəssislər də cəlb olunur. Radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli  qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə QMİ bu gün də Hacı Allahşükür Paşazadə həzrətlərinin rəhbərliyi altında uğurlu fəaliyyətini davam etdirməkdədir. 

“QMİ və DQİDK arasında əməkdaşlığımız mövcuddur”

Daha bir xatırlatma etmək istərdim. Məsələn, din xadimlərinin təkmilləşdirmə kursları da fəaliyyət göstərir ki, burada DQİDK ilə əməkdaşlığımız mövcuddur. Bu ənənə bir neçə ildir qoyulub. Belə ki, artıq bir çox rayonlarda Qafqaz Müsəlmanları İdarəsinin iştirakı ilə cəlb olunmuş din xadimləri, dini icma sədrləri və nüfuzlu ilahiyyatçının iştirakı ilə təşkil olunmuş kurslarda təkmilləşdirilirlər. Ölkənin bu sahə üzrə tanınmış mütəxəssisləri “Azərbaycanda dövlət-din münasibətləri: problemlər və onların həlli yolları”, “Müstəqillikdən sonra Azərbaycanda din və milli-mənəvi dəyərlər”, “Dini radikallığın yaranma səbəbləri və təzahür formaları”, “Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları”, “Məzhəblərarası yaxınlaşma və dinlərarası dialoq prinsipinin əsasları”, “Dini radikalizmlə mübarizədə dünya təcrübəsi” və digər aktual mövzularda mühazirələr hazırlanır, ictimai rəyin diqqətinə çatdırılır. Düşünürəm ki, ardıcıl fəaliyyətlər öz uğurlu bəhrəsini verməkdədir.