“Ucuz və keyfiyyətsiz armaturlar binalarda qəza vəziyyəti yaradır” – Müsahibə
Ramin Kərimov: “Bəzi inşaat şirkətləri az pul xərcləmək üçün kustar sexlərin məhsulundan istifadə edir, bu isə insanların həyatı üçün təhlükəlidir”
Azərbaycanda bir sıra yeni tikilən binalarda çatlar və çökmə halları ilə bağlı  olaraq, vaxtaşırı şikayətlər eşidilməkdədir. Mütəxəssislər bunu yalnız inşaat işləri səhlənkarlıqla yox, həm də ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə ilə əlaqələndirir.
Qafqaz Xəbər Agentliyi
 öz araşdırmaları zamanı müəyyən edib ki, bir sıra inşaat şirkətləri və MTK-lar inşaat materiallarını, xüsusilə də armaturu ölkənin əsas armatur istehsalçısı “Baku Steel Company”dən yox, müxtəlif armatur sexlərindən alırlar. Həmin sexlər isə xammal kimi daha çox “qara metal”dan, korroziyalı tullantılardan istifadə edirlər… Əlbəttə, burdan sual yaranır ki, bəs həmin armatur sexlərində məhsulların keyfiyyəti nə dərəcədədir və bu məhsulların tikintidə istifadəsi sakinlərin həyatı üçün nə kimi təhlükə yaradır?
Bu və digər məqamlara aydınlıq gətirmək üçün, Qafqaznews.az-ın əməkdaşı “Baku Steel Company”nin baş direktor müavini Ramin Kərimovla həmsöhbət oldu.
– Ramin müəllim, “Baku Steel Company” Azərbaycanın armatur ehtiyacını ödəyə bilirmi?

– Bəli, hətta artıqlamasıyla ödəyə bilir. “Baku Steel Company”nin nominal istehsal gücü 1,1 milyon tondur. İki əritmə sexi fəaliyyət göstərir.
– Azərbaycanda tələbat nə qədərdir?

– Bir ara Azəraycanda tikinti bumu oldu, lakin indi aşağı düşüb. Bizim qiymətləndirməmizlə, ölkədə armatura tələbat 400-500 min ton arasıdır. Hər halda biz bu tələbatı ödəmək gücündəyik. Üç çeşidli yayma xəttimiz var. İnvestisiya qoyub təzə yayma xətti yaratdıq, künclük, ikitavr və şveller istehsal edirik.
Siz müsahibədən əvvəl kiçik sexlərdən söz açdınız. Söhbət kimin istehsal etməsindən, ancaq “Baku Steel”in istehsal etməsindən getmir. Əsas məsələ bu işin keyfiyyətli görülməsində və məhsulun MDB səviyyəsində tanınmış standartlara,  QOST-lara cavab verməsindədir. Əgər kimsə investisimg_2112iya qoyub, bütün standartlara cavab verən məhsul istehsal edə bilirsə, buyursun… Biz bir söz demirik. Lakin onların çoxu nə edir? Türkiyədən, Çindən üç-dörd köhnə dəzgah alıb gətirir, harda uçulmuş bir zavod, zirzəmi varsa, orda quraşdırıb armatur istehsal edirlər. Hansı üsulla? İsti yayma üsuluyla… Halbuki, bu, qadağandır. Azərbaycan seysmik zonada yerləşən ölkədir. Bu üsulla armatur istehsalı ölkəmizdə yolverilməzdir. Özbəkistan Bekabaddakı köhnə zavodu bağladı ki, tələb olunan standartlara cavab vermir. Türkiyədə belə sexlər çox yayılmışdı, lakin 2000-ci ildə baş verən zəlzələdən sonra, onların fəaliyyəti qadağan olundu. Azərbaycanda tikinti üçün QOST 52-544 standartı qəbul olunub, parlamentimiz də bunu ratifikasıya edib.
Kiçik armatur sexlərində köhnə relsləri, “qara metal” tullantılarını yığır, qızdırır, yayma üsulu ilə armatur düzəldirlər. Nə kimyəvi tərkibi, nə xassəsi bəllidir.
Relsin tərkibində karbonun miqdarı 0,7 faizdir. Standartlarda isə karbon miqdarı 0,2 faizdən çox olmamaqla nəzərdə tutulub. Karbon çox olduqca, bərklik artır, bərklik olduqca da armaturun kövrəkliyi artır. İnşaat armaturu beton konstruksiyalarda yükdaşıyıcı elementdir. Kiçik zəlzələ təkanı olsa, Allah göstərməsin, o binalar uçub yerlə bir olar. Bu cür ucuz və keyfiyyətsiz armaturlar binalarda qəza vəziyyəti yaradır.
Türkiyədə kiçik armatur sexləri qadağan olunduqdan sonra, onların bir çoxu Azərbaycan və Gürcüstana üz tutdu, ya da öz köhnə avadanlıqlarını burdakı sex sahiblərinə satdılar. Onlar ucuz və keyfiyyətsiz məhsulu bazara çıxardır, bir çoxları da az xərc çəkmək üçün, inşaatda bu cür armaturlardan istehsal edirlər. Biz deyirik ki, istehsal edirsənsə, keyfiyyətli məhsul təqdim edin. Keyfiyyətli məhsul üçün isə milyonlarla sərmayə lazımdır. Onlar bunu edə bilmir və etmək istəmir.
İrad bildirəndə deyirlər ki, biz azərbaycanlılara yeni iş yeri açırıq. Halbuki, o sexlərin çoxunda azərbaycanlı işçilərin sayı azdır. Çindən və Özbəkistandan ucuz işçi qüvvəsi gətirib, burda işlədirlər.
– Dövlət qurumları bu işlərlə məşğul olurmu?

– Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu işlə məşğul olur. İnanıram ki, ən qısa zamanda bu cür “kustar” sexlərlə bağlı tədbir görüləcək. Məsələ ondadır ki, bu sexlərin çoxunda laboratoriya da yoxdur. Məhsulun kimyəvi tərkibi ilə bağlı orda araşdırmalar, tənzimlənmə işləri aparılmalıdır. Mexaniki sınaq laboratoriyası olmalıdır. Məhsul yoxlanılmalıdır, laboratoriyalar da ildə bir dəfə akkreditasiyadan keçməlidir. Lakin bu, o sexlərin sahibləri üçün maraqlı deyil. Biz isə istəyirik ki, ölkədə bazara standartlara uyğun məhsul çıxarılsın, sağlam rəqabət olsun.
– Sizin şirkəti bəzən “monopolist” adlandıran da olur…

– Bununla razı deyiləm və tamamilə yalnış dəyərləndirmədir. Bu gün metallurgiya sahəsində “Baku Steel Company” qədər sərmayə yatıran, müasir texnologiya gətirən, işinə məsuliyyətlə yanaşan, bazara müvafiq həcmdə məhsul çıxaran ikinci şirkət yoxdur. Biz də istərdik ki, belə bir şirkət olsun, sağlam şərtlərlə rəqabət aparaq. Biz Qafqaz regionunda flaqman şirkətik. Yeni şirkət açanda ilk növbədə biznes-plan olmalıdır. Bu barədə düşünən şirkətlər də görür ki, bazarda iri investor var, onunla ayaqlaşmaq üçün güclü sərmayə lazımdır. Nəticədə isə, başqa bir sahəyə investisiya yatırmağa üstünlük verirlər. Digər tərəfdən, ölkəmizdən valyuta niyə xaricə çıxmalıdır ki? Xaricdən gələn armatur baha başa gələcək, həm də dollar verib alacaqsınız. Elə manatla bizim məhsulu daha ucuz qiymətə ala bilirsiniz.img_2116
– Bir sıra inşaat şirkətlərinin bu sexlərlə əməkdaşlıq etdiyini, hətta bəzilərinin sex saxladığını eşitmişik…

– İri tikinti şirkətləri bizimlə əməkdaşlıq edir. Təkcə yayma xəttinin avadanlığı 15 milyon dollardır. Bunun başqa xərcləri də var. İki bina üçün bu qədər xərc çəkmək məntiqə uyğun deyil. Lakin ola bilər ki, hardasa kustar sexlər var və bəzi tikinti şirkətləri az xərc çəkmək üçün bu sexlərdəki ucuz və keyfiyyətsiz məhsullardan “yararlanırlar”. Bu isə insanların həyatı üçün təhlükəlidir. Axı o binalarda insanlar yaşayır. O insanların həyatını təhlükəyə atmaq olmaz.
Araz Məmmədov

Qafqaznews.az