«Heydər Əliyevin adı birinci gəlirdi» - Maksim Musayev
Maksim Musayev: «Deputatların içində ölkədəki vəziyyətdən narahatlıq keçirən bir qrup yaranmışdı»

Ötən əsrin 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər respublikalarında  millətlərin və xalqların azadlıq hərəkatı başladı. Yaranan tarixi şərait nəticəsində də Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Çətin, müəmmalı iqtisadi-siyasi vəziyyət yarandı, hərbi münaqişələr də başladı. Dağlıq Qarabağda yaradılan münaqişə Azərbaycan xalqını növbəti bir sınaqla üz-üzə qoymuşdu. Az keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı».

Bunu “Bizim Yol”a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan sabiq deputat Maksim Musayev bildirib. O, 1990-cı illərin əvvəllərində ölkədə baş verən mürəkkəb siyasi proseslərə münasibətdə milli mənafelərə sadiq qalaraq yüksək obyektivlik nümayiş etdirdiyini deyir. 

“1991-1992-ci illərdə respublika elə vəziyyətdə idi ki... Ermənilər ölkə ərazisini addım-addım işğal etməyə başladı, iqtisadiyyat çökmüşdü, vətəndaşlar ölkəni tərk edirdi, “siyasətçi”lər isə meydan oxuyurdu. Hansı ki, onların idarət etmək qabiliyyəti yox idi. Səriştəsiz şəxslər yüksək vəzifələr tutmuşdular. Respublikada hər şey, siyasi, iqtisadi, mədəni sahələr dərəyə doğru yuvarlanırdı. Deputatların içərsində narahatlıq keçirən bir qrup yaranmışdı. Onlar hər gün düşünürdülər ki, bu ağır vəziyyətdən ölkəni kim çıxara bilər? Ölkəni bu vəziyyətdən 6 nəfərin çıxaracağından söhbət gedirdi. Amma onların adlarını açıqlamayacam. Onların içində Heydər Əliyev birinci gəlirdi. Bəli, hələ Yeni Azərbaycan Partiyası yaranmamışdı və 91-lər olmamışdan öncə Heydər Əliyev haqqında Milli Məclisin deputatlarının öz fikiri vardı. Onun Azərbaycan üçün bu çətin illərdə necə lazımlı olduğunu, ölkənin düşmüş ağır vəziyyətdə onun çıxara biləcəyini görürdülər. 

Bir məsələni vurğulayım ki, H.Əliyevin deputat seçilməsinə də o vaxtlar Qarbaçov razı deyildi. Manelər törədirdi. O, nəzarətdə idi. H.Əliyevin namizədliyini veriləndən ona qarşı əks işlər aparırdılar. O, təzyiqlərə baxmayaraq Babək rayonunun Nehrəm seçki dairəsindən deputat seçildi. Onun Naxçıvan Ali Məclisinə sədr seçilməsi isə SSRİ rəhbərliyində şok yaratdı. H.Əliyev bütün təzyiqlərə rəğmən cəsarətlə işləyirdi. Xəbərim var ki, hətta gecəni Ali Məclisin iş otağında çalışırmış. İşıq yox idi, lampa işığına qalırdı,-deyə Maksim Musayev bildirir.

Onun sözlərinə görə, H.Əliyev Naxçıvanın müdafiəsində dönməzcəsinə fəaliyyəti, əhalinin aclıqdan ölməməsi üçün İran və Türkiyə ilə əlaqələr qurması, bu ölkələrdən ərzaq alınması SSRİ rəhbərliyinə və Naxçıvanda olan bir qrup şəxslərin xoşuna gəlmirdi: “Ona qarşı aksiya keçirənlər də olurdu. Ən böyüyü o oldu ki, 1992-ci ilin oktyabrın 24-də axşam saatlarında Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə və Televiziya və Radio Komitəsinə hücum edib, bu qurumları ələ aldılar. Silahlı etirazçılar komitədə olan avadanlıqları məhv etdilər, bəzi işçləri isə bir neçə saat girov saxladılar. 

Heydər Əliyev Naxçıvan əhalisinə müraciət edərək iki dövlət təşkilatının qanunsuz olaraq  ələ keçirildiyini bildirdi. Bir neçə saat ərzində 30 minə yaxın əhali Naxçıvan şəhərinin mərkəzinə yığıldı, dövlətə dəstək verdilər. Silahlı dəstə bunu görərək tutduqları qurumları tərk etdilər. Oktyabrın 25-də bu olaylardan xəbər tutan bir qrup ziyalı, deputat və əmək adamları Naxçıvanın siyasi hakimiyyətinə dəstək vermək üçün paytaxt Bakıda birləşdilər. Mən Xızı rayonun rəhbəri idim və Ali Sovetin deputat olaraq bu proseslərdə çəkinmədən fəal iştirak edirdim. Mənə xəbər çatdı ki, Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunun direktoru Zahid Qaralov Naxçıvandakı vəziyyətlə əlaqədar iş otağında iclas keçirir. Mən də iclasda iştirak etmək üçün Xızıdan inistituta yollandım. İclasda qərara aldıq ki, “Heydər Əliyevin müdafiə Komitəsi» yaradılsın. Bu barədə bəyanat verdik”.

Naxçıvan Ali Məclisi də 25 oktyabrda iclasını keçirdi, 11 nəfərdən ibarət komissiya yaratdı və öz qərarını verdi. 

Maksim Musayev bildirir ki, elə həmin dövrdə Naxçıvanda yaranmış gərginlik, təhlükəsizlik problemləri və muxtar respublikanın Ali Məclisinin sədri Heydər Əliyevə qarşı təzyiqlərə son verilməsi ilə bağlı bəyanat veriblər: “Bu bəyanata qeyri-Naxçıvanlılardan ibarət deputatlar imza atmışdı. H.Əliyevin müdafiəsi ilə bağlı yaradılmış qurupa Ali Sovetin mən də daxil olmaqla on deputat qoşulmuşdu. Onların içərsində Ağsatafadan Samur Novruzov, Tərtərdən Arif Rəhimzadə, Mingəçevirdən Rasim Ağayev, Zəngilandan Tofiq Mehdiyev, İsmayıllıdan Feyruz İsayev, Bakıdan Mixael Zabelin və Afat Qurbanov, Goranboydan Araz Əlizadə var idi”.