Rüfət Quliyev: “Neftdən itirdiyimizdən də artıq gəlirlər əldə edəcəyik” – MÜSAHİBƏ
“Azərbaycanın xaricdə saxlanılan valyuta ehtiyatlarının ölkəyə gətirilməsinin qəti əleyhinəyəm”
Millət vəkili, iqtisadçı alim Rüfət Quliyev Qafqaznews.az-a müsahibəsində Azərbaycan iqtisadiyyatının 2016-cı ildə üzləşdiyi problemlərdən, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və perspektivlər mövzusunda bir sıra maraqlı məqamlara toxunub.
Eləcə də, deputat Rüfət Quliyev son zamanlar məmurlar tərəfindən göstərilən “büdcəni doldurmaq cəhdləri”ni şərh edib.
Sözügedən müsahibəni oxuculara təqdim edirik:
– Rüfət müəllim,  Azərbaycan iqtisadiyyatının  2016-cı ildə üzləşdiyi problemlərdən danışarkən, hansı məqamlara toxunmaq olar? Və bir iqtisadçı kimi, geridə qoyduğumuz ili necə xarakterizə edərdiniz?

– Dünyanın bir çox ölkələrində, xüsusilə Azərbaycanın strateji patrnyorları olan ölkələrdə və həmçinin qonşuluqda olan ölkələrdə davam edən iqtisadi və maliyyə böhranı 2016-cı ildə Azərbaycandan da yan keçməyib. Neftin qiymətinin dəfələrlə ucuzlaşması, qonşu ölkələrin valyutalarının devalvasiyası, Azərbaycanın özündə ABŞ dolların  məcburən 2 dəfədən çox bahalaşması ölkəni bəzi problemlərlə üz-üzə qoyub.Manat dəyərini itirmiş, xaricdən alınan mal və avadanlıqlar bahalaşmış, inflyasiya 11%-dən yuxarı olub. Ölkə rəhbərliyi tərəfindən bu halların qismən də olsa qarşısının alınması üçün bir çox qabaqlayıcı tədbirlər görülmüşdür. Digər tərəfdən belə vəziyyət məhsul istehsalçılarını daha çevik olmağa, rəqabətədavamlı mallar istehsal etməyə məcbur edib. Xaricdən alınan malların bahalığı yerli istehsalın həcminin artmasına təkan verib və bu bütün sahələrdə hiss olunur. Aparılan iqtisadi islahatlar, görülən tədbirlər imkan yaradıb ki, böhranın təsirləri genişlənməsin, lokallaşdırılsın və bu istiqamətdə işlər davam etdirilir.
–  Qeyri-neft sektorunun inkişafı üçün nə kimi cəhdlər göstərilir və bu istiqamətdə  hansı poblemlər, eləcə də pespektivlər görürsünüz?

– Artıq biz postneft dövrünün qanunları ilə yaşayırıq. Neft epoxası arxada qalıb və qeyri-neft sektorunun inkişafı ən prioritet istiqamətə çevrilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən məqsədyönlü siyasəti nəticəsində ölkədə iqtisadiyyatın horizontal və şaquli diversifikasiyası, yəni şaxələnməsi baş verdiyindən qeyri-neft sektorunun inkişafı üçün münbit şərait mövcuddur. Ölkədə sahibkarlar zümrəsi yaranıb və sahibkarlıq fəaliyyəti dinamik inkişaf edir. Sahibkarlıq fəaliyyətinin daha da inkişaf etməsi möhtərəm Prezidentimizin bilavasitə diqqət mərkəzindədir və bu məsələ ilə əlaqədar Prezidentin çoxsaylı sərəncam və qərarları, Proqram xarakterli sistemli göstərişləri mövcuddur. Ancaq qeyd etmək lazımdır və bu, heç də sirr deyildir ki, qeyd olunan sahədə xüsusilə aqrar sahədə hələ ləngimələr böyükdür.
“Kooperasiya haqqında” Qanunun icrası istənilən səviyyədə olmadığından, kiçik və orta sahibkarlar hələ də pərakəndə fəaliyyət göstərdiyindən yeni texnika və texnologiyalar zəif tətbiq olunur. Kiçik sahibkarların elə maddi imkanı yoxdur ki, təkbaşına traktor və ya kombayn alsın. Düzdür, aqrolizinqlər müəyyən qədər kəndlininin əlindən tutur. Amma bu da, tələb olunan effekti vermir. Çünki, onlarda maşın və mexanizmlərin sayı məhduddur. Son illər kənd təsərrüfatı sahəsi üçün dotasiyaların, güzəştli kreditlərin verilməsi artıb. Sahibkarlar yaranıb  şəraitdən səmərəli istifadə etməli, həm öz ailələrini məhsulla təmin etməli, həm də bazara mal göndərməlidirlər. Xarici bazarlara çıxış da hədəfdə olmalı və bu bazarlarda Azərbaycan malı tanınmalıdır. Qeyri-neft sektoru dedikdə, mən kənd təsərrüfatını və bu bazada yaradılan emal sənayesini ön plana çəkirəm. Çünki aqillər hələ çox əvvəllər demişlər ki, kənd bizim çörək təknəmizdir. Böyük şairimiz Səməd Vurğun demişkən:  “Çörək bol olarsa, basılmaz Vətən!”
Burada bir məqama da diqqətə çəkmək istəyirəm. Kəndlinin istehsal etdiyi məhsul ucuz qiymətə alınır, bu da onun marağını azaldır. Qiymətlər elə optimal olmalıdır ki, kəndli zəhmətinin bəhrəsini görsün və həvəslə işləsin. Hazırda kənd yerlərində bir ətalət hökm sürür. Dəfələrlə qeyd etdiyim kimi, kəndli torpağa üz tutmalı və işləməlidir. Yaxşı nəticə əldə edən sahibkarların fəaliyyəti KİV-lərdə geniş təbliğ olunmalıdır ki, digərləri üçün örnək olsun.
Kənd rayonunun deputatı kimi, mən tez-tez Lənkəranda olur və görürəm ki, torpaqlardan səmərəli istifadə olunmur. Buna son qoyulmalıdır. Kənd təsərrüfatımız 1970-80-cı illərdəki şöhrətini bərpa etməlidir. Cənab Prezident bunun üçün hər cür şərait yaradıb və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov çalışır ki, rayonda əvvəlki ab-hava yaradılsın. Qalır yalnız qollarımızı çırmalayıb işləmək. Mən inanıram ki, bu müvəqqəti çətinlikləri də dəf edəcəyik və qeyri-neft sektorumuz elə inkişaf edəcək ki, neftdən itirdiyimizdən də artıq gəlirlər əldə edəcəyik.
– Rüfət müəllim, 2017-ci ilin büdcəsi ilə bağlı şəxsi fikirlərinizi də öyrənmək istərdik. Xüsusilə də, sosial əhəmiyyətli məqamlarla bağlı…

– 2017-ci ilin büdcəsi hazırkı makroiqtisadi şəraitin yaratdığı yeni iqtisadi təlatümləri və reallıqları, habelə ölkəmizin üzləşdiyi strateji çağırışları nəzərə alır. 2017-ci il və növbəti ildə dövlət büdcəsinin neftdən asılılığının azaldılması və qeyri-neft gəlirlərinin artırılması hesabına büdcənin cari xərclərinin tamamilə qeyri-neft gəlirləri hesabına təmin olunması, sosial-iqtisadi və büdcə vergi siyasətinin başlıca prioriteti kimi götürülmüşdür. Gələn ildə büdcənin yığcamlaşdırılması davam etdiriləcəkdir və lüzumsuz xərclərə yol verilməyəcəkdir. 2017-ci ilin büdcəsi də sosialyönümlüdür və dövlət büdcəsində bu xərclərin xüsusi çəkisi 40%-dən artıqdır. Bu da 2016-cı ildəkindən çoxdur. Sosial sahənin bütün sahələri əvvəlki kimi inkişaf etdiriləcək, nəzərdə tutulmuş sosial obyektlərin tikintisi davam etdiriləcək. Təhsilə, elmə, səhiyyəyə, insanların sosial müdafiəsinə ayrılan xərclərin artırılması nəzərdə tutulur və bu tendensiya davam edəcək.
– Bank sektorundakı problemlər, xüsusilə də problemli kreditlər mövzusu bu il ən çox müzakirə olunan məsələlərdən oldu… Amma deyəsən, hələ də ortaq bir çıxış yolu tapılmayıb. Siz necə düşünürsünüz, hansı addımların atılmasına ehtiyac var?

– Ölkənin bank sektorunda problemlər var və bu, əsasən dolların kəskin bahalaşması və Beynəlxalq Bankda baş verən neqativ hallarla bağlıdır. Bankların təşəbbüsü ilə valyutadəyişmə məntəqələri bağlandı və bu da “qara bazar”ın çiçəklənməsinə yol açdı. Necə ola bilər ki, banklarda dollar satılmır, “qara bazar”da isə şidirğı alver gedir. Hüquq-mühafizə orqanları bunu dərindən araşdırmalıdır. Hazırda bank sistemindəki vəziyyəti düzəltmək üçün bütün zəruri tədbirlər həyata keçirilir və şübhəm yoxdur ki, bank sistemində də sağlamlaşdırma öz nəticəsini verəcək. O ki, qaldı problemli kreditlərə, bunu kredit verən banklar həll etməlidirlər. Hazırda 1 milyard 300 milyon  manatdan çox problemli kredit “havadan asılı” qalıb. Hesab edirəm ki, vaxtilə 28-30  və hətta 36%-ə kredit verən banklar indi bu faizləri 2-3 dəfə azaltmalı və ödəniş müddətini də artırmalıdırlar. Çıxış yolunu mən yalnız bunda görürəm.
– Bir sıra ekspertlər Azərbaycanın xaricdəki rezervlərinin ölkəyə gətirilməsini təklif edirlər…

– Azərbaycanın xaricdə saxlanılan valyuta ehtiyatlarının ölkəyə gətirilməsinin qəti əleyhinəyəm. Bu valyutalardakı vəsaitlər ölkəyə gətirilərsə, onlar hökmən xərclənəcək və son nəticədə valyuta ehtiyatlarımız  tükənəcək. Bəzi iqtisadçılar  hesab edirlər ki, Dövlət Neft Fondunun bu ehtiyatları ölkəyə gətirilməli və dövriyyəyə buraxılmalıdır. Elə gələn ilin büdcəsində Dövlət Neft Fondundan 6 milyard 100 milyon manat transfer ediləcəyi nəzərdə tutulur. Bu məbləğ elə özü böyükdür.  Məqsədəuyğun sayıram ki, xaricdə saxlanılan valyuta ehtiyatlarımız necə var elə də saxlanılsın. Çünki, bizim bu ehtiyatlar müxtəlif valyutalar şəklində saxlanılır. Bu valyutalardan biri devalvasiyaya uğradıqda, digəri və ya digərləri bu məbləği kompensasiya edə bilər və dövlət bundan zərər görməz. Bunu nəzərə alaraq, bir iqtisadçı alim kimi hesab edirəm bu sahədə hazırda aparılan siyasət davam etməlidir.
– Azərbaycanda milli burjuaziya yarana bilibmi və siz müasir şərtlərdə bu anlayışı necə izah edirsiniz?

– Bəli, Azərbaycanda milli burjuaziya tam da olmasa, formalaşıb. Bu, xüsusilə özünü iri holdinqlərin, şirkətlərin yaranmasında göstərir. Bu gün Azərbaycanda “Gilan Holdinq”, “Paşa Holdinq”, “Akkord” və digər 30-a yaxın özəl iri holdinq və şirkətlər fəaliyyət göstərir. Ancaq burda işləyənlərin az qismi burjua zümrəsinə daxildir, qalanlar müzdlu işçilərdir. Bu nöqteyi-nəzərdən kiçik və orta sahibkarlıq daha önəmli yer tutmalıdır. Düzdür, ölkədə kiçik və orta sahibkarların sayı durmadan artır. Ancaq Ümumi Daxili Məhsulda onların xüsusi çəkisi hələ də qənaətbəxş deyil. Onların ÜDM-də xüsusi çəkisi 50%-dən çox olarsa, bu, onu  göstərəcək ki, bu sahibkarlar zümrəsi artıq formalaşıb. Müasir şəraitdə bir şeyi xüsusilə qeyd etmək istəyirəm ki, nədənsə Azərbaycanda imkanlı, varlı insanlara mənfi münasibət mövcuddur, hətta ziyalılar belə onlara pis gözlə baxır, oğru, haramxor kimi qəbul edirlər. Bu, çox pis  tendensiyadır və insanlara mənəvi zərbə vurur. Əgər kimsə çalışqandırsa, bacarıqlıdırsa, halal yolla pul qazanırsa, bunun nəyi pisdir. Belə fərasətli adamlar obyektlər yaradır ki, bu da iş yerlərinin açılmasına səbəb olur, onlar imkansızlara da yardım göstərirlər. Tarixən Azərbaycanda Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi onlarca xeyriyyəçilər olublar ki, onlar xalqın ehtiyaclarına köməklik göstərib, təhsil və mədəni səviyyəsinin yüksəlməsində mühüm rol oynayıblar. Belə xeyriyyəçi sahibkarlarımız indi də var. Onların sayı nə qədər çox olsa, bu xalqın xeyrinədir. Atalar deyib ki, qonşunu 2 inəkli istə ki, özün də bir inəkli olasan! Bu sözlərdə böyük həqiqət var və Azərbaycanda qoy hamı imkanlı və xeyirxah olub, firavan yaşasın.
Söhbətləşdi: Rüfət Əhmədzadə

Qafqaznews.az