Astarada ev dağılır, amma FHN və RİH ortaq məxrəcə gələ bilmir? FOTOLAR
Ombudsman Aparatında belə, Fətəli Fərziyevin ailəsinin taleyinə biganədirlər...
Dövlət qurumlarının vətəndaşları get-gələ salması, süründürməsi, hansısa problemi başqa bir qurumun üzərinə atması Azərbaycanda çoxumuza tanış haldır. Düzdür, Prezidentin sərəncamı ilə bürokratik süründürməyə son verən ASAN-Xidmət yaradılıb. Lakin elə məsələlər var ki, burda birbaşa məmurların vicdanı və məsuliyyəti tələb olunur, o dediklərimiz isə qətiyyən hiss olunmur. Bu günlərdə Astara rayonu Miki kənd sakini Fətəli Fərziyev LEGİON-a müraciət edib. Vətəndaş müraciətində bildirir ki, Miki kənd orda məktəbində müəllim işləyir.
“Ailəmlə özümüzə məxsus olan fərdi evdə yaşayırıq. 2015-ci ilin oktyabr-noyabr aylarında müntəzəm yağan güclü yağışların yaratdığı sellərin axması nəticəsində torpaq sürüşməsi yaranmış və bizim yaşayış evimiz çökərək deformasiyaya uğrayıb. Bu səbəbə evin divarları çatlamış, tavan əyilmişdir. Mən bu barədə müvаfiq orqanlara məlumat vermişdim. Astara rayon İcra Hakimiyyəti, Fövqaladə Hallar Nazirliyinin, Siyəkü kənd bələdiyyəsi və digər qurumların əməkdaşlarından təşkil olunmuş komissiya bizim evdə olmuş, müvafiq sənədləri tərtib etmişlər və evimizin bərpa olunması üçün yardım olunacağını deyib getmişlər. Həmin vaxtdan xeyli keçsə də, heç bir tədbir görülməyirdi. Ev isə getdikçə daha da çökürdü. Mən dəfələrlə özüm gedib müraciət etdim və hər dəfə mənə ümid verib yola salır
dılar.
Mən yazılı olaraq Astara rayonu: İcra Hakimiyyətinə, Prokuroruna, Məhkəməsinə, Fövqaladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə digər aidiyyəti təşkilatlara dəfələrlə müraciət etsəm də onlar müxtəlif mücərrəd cavablarla məsələnin həllini absurd bir cavabla özlərindən kənarlaşdırırlar. Həmin cavab məktublarının bir neçəsinin surətini məktubuma əlavə edirəm. Hal-hazırda yenə qış vaxtıdır, əgər bir neçə gün davamlı qar yağsa evin damı ağırlıqdan yataraq bizi ailəlikcə məhv edə bilər. Son illər baş verən torpaq sürüşmələri evimizin ətrafını elə bir vəziyyətə salmışdır ki, yaranmış yarğanlar nəinki abtomobillə, hətta piyada getmək çətindir.
Mənim 82 yaşlı anam, digər ailə üzvlərimiz və qonşumuz Nəzərova Sevilin ailə üzvləri də çıxılmaz vəziyyətə düşmüşük, çünki, hətta biz istəsək belə həmin yolları bərpa edə bilmərik. Evlər yenidən tikilsə belə mütəmadi baş verən torpaq sürüşmələri onları yenidən yararsız hala salacaqdır. Bizim düçar olduğumuz bəlanın həll olunmasında məsələnin ictimailəşdirilməsini və müvafiq orqanların diqqətinə çatdirilmasını sizdən xahiş edirəm”, - deyə F.Verdiyev bildirib.
F.Fərziyevin sözlərinə görə, məmurlar “pul verəcəyi” təqdirdə bu problemin həll olunacağını bildiriblər. O, həmçinin, LEGİON-a FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin sədr müavini Elxan Əsədovun məktubunun surətini də təqdim edib. Məktubda deyilir ki, onun FHN-ə müraciəti nəzərdən keçirilib.
“Qeyd edək ki, təbii fəlakət zamanı əmlaka dəymiş zərərlə əlaqədar tədbirlərin görülməsi yerli icra hakimiyyəti orqanlarının fəaliyyət dairəsinə aiddir. Vətəndaşlar təbii fəlakət nəticələrinin aradan qaldırılması üçün yerli icra hakimiyyətinə müraciət etməlidirlər”, - deyə E.Əsədovun məktubunda bildirilir.
Astara İcra Hakimiyyətinin baş memarı Balacan Həbibov vətəndaşın müraciətinə cavabında bildirib ki, evin bərbası üçün təcili işlər aparılmalıdır. Amma məktubda bu işi kimin görəcəyi qeyd olunmur. LEGİON əməkdaşı Astara RİH-ə bu barədə sualı ünvanladıqda, RİH-in baş məsləhətçisi Rəşad Həsənov bildirdi ki, RİH nümayəndələri ilə FHN nümayəndələri Fətəli Fərziyevin evinə baxış keçiriblər.  
“Evin vəziyyətiylə bağlı akt tərtib olunub və FHN-ə göndərilib”, - deyə R.Həsənov bildirdi. FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə LEGİON-a deyib ki, Astara RİH vətəndaşın evini öz vəsaitləri hesabına bərpa etməlidir: “Əgər vəsaitləri çatmırsa, Nazirlər Kabinetinə müraciət edə bilərlər”. Onun sözlərinə görə, Nazirlər Kabineti müvafiq vəsaitlər ayırlmalıdır. “Fövqəladə Hallar Nazirliyi də öz rəyini təqdim etməyə hazırdır”, - deyə O.Bayramov LEGİON-a bildirib.
Astara RİH-in baş memarı Balacan Həbibov isə LEGİON-a bildirib ki, Fətəli Fərziyev öz evinin ətrafında sel səkisi tikməliydi. Lakin biz ondan “evdəki çökmə sürüşmə nəticəsi ola bilərmi?” deyə soruşduqda baş memar belə cavab verdi: “Dəqiq deyə bilmərəm, bu haqda FHN mütəxəssisləri rəy verməlidir”.
Xatırladaq ki, B.Həbibov bundan əvvəl F.Fərziyevə yazdığı məktubda evə mütəxəssislərlə birgə baxış keçirildiyini qeyd etmişdi (!). Miki kəndinin də daxil olduğu Siyakü kənd icra nümayəndəliyinin rəhbər müavini Hökməli Əliyevin sözlərinə görə, sürüşmə xətti F.Verdiyevin evinin yanından keçir: “Həqiqətən də, onun evində çatlar var”. Fətəli Fərziyev Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlıya da müraciət etdiyini deyib. Məktubuna isə belə bir cavab alıb: “Vizual baxış zamanı məlum olub ki, sizin evinizin problemləri təbii fəlakət nəticəsi deyil və buna görə də, sizə yardım edilməsi qeyri-mümkündür”.
Tanınmış hüquqşünas Azər Quliyev LEGİON-a A.Səfixanlının cavabını belə şərh edib: “Əgər burda vətəndaşın hüquqları pozulubsa, Ombudsman Aparatı bu məsələni dövlət qurumlarının diqqətinə çatdırmalıdır”.
Humanitar məsələlər üzrə ekspert Əli Abbasov isə hesab edir ki, Ombudsman Aparatı vətəndaşı sadəcə “başdan etməyə” çalışıb. “Ombudsman Aparatı hərtərəfli yoxlama aparmalıydı. Onlar başa düşməlidir ki, əks təqdirdə, bir ailənin məhvindən söz gedə bilər”, - deyə Ə.Abbasov vurğulayıb. LEGİON oxucularında sual yarana bilər, kənd məkəbində müəllim işləyən, cüzi maaşı ilə ailəsini dolandırmağa çalışan bir müəllimin şikayətini kim eşidəcək?
Ombudsman Aparatında belə, Fətəli Fərziyevin ailəsinin taleyinə biganədirlər... Görəsən, Fətəli Fərziyevin insan hüquqlarına dövlət qurumlarından həssaslıq gözləmək də daxil deyilmi? Əgər, belədirsə, tezliklə bu problemin həll olunacağına ümid edirik. Yox, əksinədirsə... Fətəli Fərziyevə digər müəllimlər hansı ideallara əsaslanaraq dərsə girməlidirlər? Sadəcə maaş üçün? Bu və digər sualların tezliklə cavabını tapacağına inanırıq.

Tamerlan Zeynallı

LEGİON