Hərbi Prokurorluq Arzu Rəhimovun sürücüsünə qarşı “xüsusi yanaşma” tətbiq edib? – ARAŞDIRMA
Baş Prokurorluğun saytında Bakı Hərbi Prokurorluğunun KİV-lə əlaqələrə məsul şəxsi kimi göstərilən Elnur Şamilov 2 ildir dünyasını dəyişib, digər nömrədə isə...
Bu günlərdə LEGİON-da “Arzu Rəhimov sürücüsünün dələduzluq əməllərindən xəbərsiz olub?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, təqaüddə olan polkovnik-leytenant Sevindik Xəlilovun bu günlərdə LEGİON-a müraciəti diqqəti çəkdi. S.Xəlilovun sözlərinə görə, o, 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayonu şöbəsinin rəisi vəzifəsindən təqaüdə çıxıb.
“Həmin ərəfədə mənə Arzu Rəhimovun sürücüsü Namiq Cəfərov bildirdi ki, məni Binəqədi rayonunda yeni vəzifəyə keçirə bilər. Bunun üçün mənim 200 min manat verməli olacağımı dedi. Bir az keçəndən sonra bildirdi ki, sənə ancaq Qobustan şöbəsinin rəisi əvəzi Anar İsmayılov kömək edə bilər, çünki Anarın atası Arzu Rəhimovla dostdur. Məndən 180 min manat aldılar və sonra aldatdılar. Bu məsələnin yalan olduğunu biləndə, onlardan pulumu tələb etdim, amma bir il ərzində məni get-gələ salıb yenə aldatdılar. Sonda təngə gələrək, Arzu Rəhimova müraciət etdim. Bir müddət sonra məni onun müavini Zaur Abdullayev çağıraraq qəbul etdi və dedi ki, məndən alınan pullar geri qaytarılacaq”, - deyə S.Xəlilov bildirdi.
S.Xəlilovun sözlərinə görə, Namiq Cəfərov və Anar İsmayılov onun kimi 40-a yaxın insanı aldadaraq pullarını alıb: “Zaur Abdullayev demişdi ki, iş daxili təhqiqatlar şöbəsindədir. Sonra işi göndərdilər hərbi prokurorluğa, orda istintaq şöbəsinin müdiri Oqtay Ağayev də mənə və digər zərərçəkmişlərə dedi ki, vəkil tutmayın, sizin işiniz həllini tapacaq. Sonra iş getdi Bakı Hərbi Məhkəməsinə, Anar İsmayılova 1 il, Namiq Cəfərova 6 ay iş verildi. Bizim pullarımızın qaytarılmasından isə söz getmədi. Bu müddətdə mən Anar İsmayılovun vəkilindən 85 min manat hissə-hissə almışdım. Qətnamə çıxandan sonra öyrəndik ki, biz məhkəmədə zərərçəkmiş kimi yox, şahid kimi göstərilmişik. Bakı Apellyasiya Məhkəməsinə müraciət etdik, “Siz şahidsiniz” deyib işimizə baxmadılar.
Bu il iyulun 22-də Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin rədd cavabını rədd edib, lakin Ali Məhkəmə bu işi icraata götürmür. Maraqlıdır ki, kimlərsə sanki bu boyda dələduzluq işini ört-bastır etməyə çalışır. Namiq Cəfərov və Anar İsmayılov isə telefon nömrələrini dəyişiblər və onları tapa bilmirəm. Bir dəfə Namiq Cəfərovla görüşdüm, onda da dedi ki, get hara şikayət edirsən et, pulun qayıtmayacaq”.
O qeyd edib ki, Bakı Hərbi Prokurorluğunda əvvəlcə korrupsiya faktı ilə bağlı iş açılmış, sonradan isə dələduzluq maddəsilə qərar verilmişdi. S.Xəlilovun sözlərinə görə, N.Cəfərov və A.İsmayılovun əməllərinin arxasında xidmət rəisi Arzu Rəhimovun özü durur: “Necə olub ki, 40 nəfərə yaxın insanı aldadıblar, bundan Arzu Rəhimovun xəbəri olmayıb? Birindən 150 min, birindən 120 min, məndən 180 min... Milyonlarla manat pul edir bu. Arzu Rəhimovun onları himayə etdiyini və bu işi qəsdən belə dolaşığa saldığını düşünürəm. Digər aldadılanların bir çoxu hazırda xidmətdə işləyir, onlara da rəhbərlikdən deyiblər ki, “başınızı aşağı salın, ora-bura şikayət etməyin”.
Mən digər zərərçəkmişlərə problemi mətbuata çıxaracağımı deyəndə çəkindilər, “bizə təzyiq edirlər, mətbuata çıxa bilmərik” deyib boyun qaçırdılar. Mən indi nə itirəcəm? Təqaüddəyəm, pulumu geri almaq istəyirəm”.
S.Xəlilovun vəkili Vidadi Məmmədovun sözlərinə görə, zərərçəkmişlərin “şahid” kimi göstərilməsi prosessual qanun pozuntusu olub: “İlk başdan hərbi prokurorluq məsələyə obyektiv yanaşmayıb və zərərçəkmişləri şahid kimi göstərib. Bu qanun pozuntusu məhkəmədə də davam edib. Necə ola bilər ki, müttəhim var, dələduzluq ittihamı var, amma zərərçəkmişlər yoxdur”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, baş leytenant Tofiq Əzizov da Y.Əsgərlinin sözlərini təsdiqlədi. “Bildiyimə görə, işi hərbi prokurorluq araşdırıb, məhkəmədə həmin şəxslər həbs olunublar. Xidmətin mövqeyi bundan ibarətdir”, - deyə T.Əzizov bildirdi.
“Sevindik Xəlilovun sözlərinə görə, Xidmət rəhbərliyi hazırda xidmətdə işləyən digər zərərçəkmişlərə təzyiq göstərir ki, şikayətlərinə davam etməsinlər, məsələni unutsunlar...”, - deyə qeyd etdik. “Bu, yalnış məlumatdır. Belə şey ola bilməz. Xidmət rəhbərliyi heç kimə öz haqqını tələb etmək istiqamətində təzyiq göstərmir. Əgər dələduzluğa məruz qalıblarsa, müvafiq instansiyalara şikayət etmək onların hüququdur”, - deyə T.Əzizov cavab verdi.
“Yəni, bu məsələnin hazırda xidmət rəhbərliyi ilə heç bir əlaqəsi ola bilməz?” – deyə soruşduq. “Əlbəttə, ola bilməz. Xidmət rəhbərliyi bu və digər hallarla bağlı gərəkli addımlar atır”, - deyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi LEGİON-a bildirdi. Dekabrın 28-də tanınmış vəkil Elmar Süleymanov LEGİON-a bildirdi ki, Sevindik Xəlilov zərərçəkmiş yox, şahid kimi tanındığına görə, onun pulu qaytarılmayacaq. “Əgər məhkəmədə onun pul verdiyi sübut olunmuşdusa, mütləq zərərçəkmiş kimi tanınmalı idi”, - deyə vəkil qeyd etdi.
Sabiq baş prokuror və millət vəkili, “Ədalət” Partiyasının sədri İlyas İsmayılovun fikrincə, korrupsiya ilə bağlı cinayət işi açılsaydı, bu, Səfərbərlik Xidmətinin korrupsiyaya bulaşması demək olardı. Dekabrın 29-da biz Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. “Baş Prokurorluğun saytında Hərbi Prokurorluqdakı məsul şəxslərin əlaqə nömrələri var, onlarla əlaqə saxlayıb, məlumat ala bilərsiniz”, - deyə E.Sultanov bildirdi. Biz E.Sultanovun məsləhətinə qulaq asdıq...
Lakin Baş Prokurorluğun saytında "KİV-lə əlaqələrə məsul şəxslər"səhifəsində Bakı Hərbi prokurorunun köməkçisi kimi qeyd olunan Elnur Şamilovun iş nömrəsində bizə cavab verən olmadı. Saytda qeyd olunan mobil nömrəyə zəng etdikdə isə bizə bir xanım cavab verdi: “Elnur Şamilov iki il əvvəl rəhmətə gedib”.
Google-dan axtarış apararkən, avropa.info saytında Şuşa prokurorunun köməkçisi Elnur Şamilovun “Parkinson” xəstəliyindən dünyasını dəyişməsi barədə məlumata rast gəldik. Bizdə belə bir sual yarandı: Görəsən, Baş Prokurorluğun saytındakı məlumatlar neçə ildir niyə yenilənmir? Eldar Sultanova ikinci dəfə zəng etdik, o, Əfrahim Təhməzovla əlaqə saxlamağı məsləhət gördü. “Saytda hərbi prokurorluğa aid digər nömrələrlə də əlaqə saxlayıb münasibət öyrənə bilərsiniz”, - deyə E.Sultanov qeyd etdi. Respublika Hərbi Prokurorunun köməkçisi Əfrahim Təhməzova aid 493-15-60 nömrəsinə zəng etdikdə isə Veteranlar Şurasına düşdük (!).
Ordan da bildirdilər ki, bu nömrə çoxdandır Veteranlar Şurası tərəfindən işlədilməkdədir. Saytda hərbi prokurorluğa aid digər nömrələrdə oxşar problemlərlə üzləşdik. Bəzi nömrələrdə bizə “evə düşdüyümüzü” dedilər, bəzi nömrələrdə isə ancaq faks siqnalı eşidildi. Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsi Rövşən Əfəndiyevin iş nömrəsinin bütün gün ərzində faksa qoşulduğunu öyrəndik... Əlaqə yarada bilmədiyimizə görə, sualarımız cavabsız qaldı. Məsələn, bizə maraqlı gəldi: görəsən, hərbi prokurorluqda Arzu Rəhimovun sürücüsünə qarşı “xüsusi yanaşma” tətbiq olunub? 40-dan çox şikayətçinin şahid kimi tanınması hansı əsaslarla baş tutub?
Sabiq millət vəkili, “Ümid” Partiyasının sədri İqbal Ağazadə bildirir ki, burda bir çox suallar, şübhələr yarana bilər. “Lakin son nəticə olaraq, Azərbaycanda məhkəmə ədalətsizliyi problemi bir daha qabarmış olur. Əgər zərərçəkmişlərin son ümid yeri məhkəmə ədalətli keçirilsəydi, prokurorluğun hər hansı səhv yanaşmasına elə məhkəmədə aydınlıq gətirilərdi”, - deyə sabiq millət vəkili vurğuladı.
 
Rüfət Əhmədzadə
LEGİON