Evi çökən astaralı müəllim Prezident İlham Əliyevə müraciət etdi – MƏTN
Fətəli Fərziyev: "İnanıram ki, ailəmizin üzləşdiyi bu problemin həlli ancaq Sizin iradənizlə mümkün ola bilər"
Bu günlərdə LEGİON-da “Astarada ev dağılır, amma FHN və RİH ortaq məxrəcə gələ bilmir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, Astara rayonu Miki kənd kənd məktəbində hərbi hazırlıq müəllimi, ehtiyatda olan baş leytenant Fətəli Fərziyevin evi təbii fəlakət nəticəsində deformasiyaya uğrayıb. Məqalədə qeyd olunurdu ki, FHN və Astara RİH arasındakı “anlaşılmazlıq”, eləcə də Ombudsman Aparatının laqeydliyi ucbatından F.Fərziyevə və onun risk altında yaşayan ailəsinə yardım göstərilmir. Dekabrın 30-da F.Fərziyev LEGİON-a bildirdi ki, problemin həllində son ümid ünvanı olaraq Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına müraciət etməyi qərara alıb. Fətəli Fərziyevin dövlət başçısına müraciətini LEGİON oxucularına təqdim edirik:

Cənab Prezident!
Əvvəla qeyd edim ki, Ümumilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin layiqli davamçısı olaraq, ölkəmizin inkişafı və qüdrətli dövlətə çevrilməsi yolunda atdığınız addımları yüksək qiymətləndiririk. Azərbaycanın bu gün Cənubi Qafqaz regionunda həm ən güclü iqtisadiyyata, həm də ən peşəkar orduya malik olmasında xidmətləriniz əvəzsizdir. Hər bir Azərbaycan vətəndaşının qarantı olaraq, Sizə müraciət etməyi lazım bildim və inanıram ki, ailəmizin üzləşdiyi bu problemin həlli ancaq Sizin iradənizlə mümkün ola bilər. Mən illərdir məktəblərdə gənclərimizin hərbi hazırlığının yaxşı olması, ordu sıralarına layiqli gənc kimi, vətənpərvər ruhda qoşulması üçün Vətənimə xidmət göstərirəm.
Əmək fəaliyyətim dövründə Sizin çağırışlarınızı özüm üçün rəhbər tutmuş, dərs dediyim şagirdlərin də bu ruha köklənməsinə çalışmışam. Təəssüflər olsun ki, mənim müəllim maaşım son zamanlar üzləşdiyim problemlərin həllinə imkan vermir, Sizin tapşırıqlarınız əsasında vətəndaşlara xidmət göstərməli olan məmurlar isə laqeydlik göstərirlər.
Qeyd edim ki, mən 1987-ci ildə SSRİ silahlı qüvvələrində xidmət etdiyim zaman şəhadət barmağımdan məhrum olmuşam, lakin indiyə qədər əlillik dərəcəsi ala bilməmişəm. Bu vəziyyətimlə belə, 1994-dən 1999-cu ilə qədər taqım komandiri kimi, 4 il 8 ay Azərbaycan Milli Ordusunda xidmət etmişəm. Ehtiyata ayrıldıqdan sonra isə dörd nəfərdən ibarət ailəmlə, Miki kəndindəki ikiotaqlı evdə yaşayıram və müəllimlə birtəhər ailəmi saxlamağa çalışıram. Amma evim yağışlardan sonra sürüşmə nəticəsində deformasiyaya uğramış, yerli məmurları və dövlət qurumlarını bu problemin ciddiliyinə inandıra bilməmişəm.

Möhtərəm Dövlət Başçısı!

Ailəmlə özümüzə məxsus olan fərdi evdə yaşayırıq. 2015-ci ilin oktyabr-noyabr aylarında müntəzəm yağan güclü yağışların yaratdığı sellərin axması nəticəsində torpaq sürüşməsi yaranmış və bizim yaşayış evimiz çökərək deformasiyaya uğrayıb. Bu səbəbə evin divarları çatlamış, tavan əyilmişdir. Mən bu barədə müvаfiq orqanlara məlumat vermişdim. Astara rayon İcra Hakimiyyəti, Fövqaladə Hallar Nazirliyinin, Siyəkü kənd bələdiyyəsi və digər qurumların əməkdaşlarından təşkil olunmuş komissiya bizim evdə olmuş, müvafiq sənədləri tərtib etmişlər və evimizin bərpa olunması üçün yardım olunacağını deyib getmişlər.
Həmin vaxtdan xeyli keçsə də, heç bir tədbir görülməyib. Ev isə getdikçə daha da çökürdü. Mən dəfələrlə özüm gedib müraciət etdim və hər dəfə mənə ümid verib yola salırdılar. Mən yazılı olaraq Astara rayonu İcra Hakimiyyətinə, Prokurorluq və məhkəmə orqanlarına, Fövqaladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ,digər aidiyyəti təşkilatlara dəfələrlə müraciət etsəm də onlar müxtəlif mücərrəd cavablarla məsələnin həllini absurd bir cavabla özlərindən kənarlaşdırırlar. Həmin cavab məktublarının bir neçəsinin surətini məktubuma əlavə edirəm. Hal-hazırda yenə qış vaxtıdır, əgər bir neçə gün davamlı qar yağsa evin damı ağırlıqdan yataraq bizi ailəlikcə məhv edə bilər. Son illər baş verən torpaq sürüşmələri evimizin ətrafını elə bir vəziyyətə salmışdır ki, yaranmış yarğanlar nəinki abtomobillə, hətta piyada getmək çətindir.
Mənim 82 yaşlı anam, digər ailə üzvlərimiz və qonşumuz Nəzərova Sevilin ailə üzvləri də çıxılmaz vəziyyətə düşmüşük, çünki, hətta biz istəsək belə, həmin yolları bərpa edə bilmərik. Evlər yenidən tikilsə belə mütəmadi baş verən torpaq sürüşmələri onları yenidən yararsız hala salacaqdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizlik üzrə Dövlət Agentliyinin sədr müavini Elxan Əsədov bizə cavab məktubunda bildirib ki, Təbii fəlakət zamanı əmlaka dəymiş zərərlə əlaqədar tədbirlərin görülməsi yerli icra hakimiyyəti orqanlarının fəaliyyət dairəsinə aiddir: “Vətəndaşlar təbii fəlakət nəticələrinin aradan qaldırılması üçün yerli icra hakimiyyətinə müraciət etməlidirlər”.
Astara RİH-in baş memarı Balacan Həbibov isə həm bizə, həm də mətbuata bildirib ki, evin bərpasını biz özümüz qarşılamalıyıq. Mənə deyirlər ki, RİH-in büdcəsində pul yoxdur və özümüz xərc çəkməliyik. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə bildirib ki, guya mənim evimin deformasiya olunması təbii fəlakət nəticəsi deyil. Başa düşmürəm, bu cavablar hansı araşdırmaya əsasən verilir və bir ailənin risk altında yaşamasına necə göz yumulur? Mənə deyirlər ki, “özün xərc çəkməsən, heç cür işin düzəlməyəcək”... Mən öz müəllim maaşımla nə xərc çəkə bilərəm? Belə çıxır ki, ailəm küçədə qalmasın deyə, məmurların laqeydliyi üzündən öz şərəfli müəllim peşəmi atmalı və evimin bərpası naminə ticarətlə məşğul olmalıyam? Mən dəfələrlə yerli məmurlardan soruşmuşam: Məgər rayonlara abadlaşdırma və təmir işləri üçün ayrılan vəsaitlərdən bizim ikiotaqlı evimizi bərpa etmək üçün cüzi məbləğ ayırmaq mümkün olmazdımı? Hər dəfəsində də eyni cavab almışam: Sizin probleminiz bizə aid deyil.

Cənab Prezident!

Mən bu “bizə aid deyil” cavabını həm RİH-dən, həm FHN-dən, həm də digər qurumlardan eşitmişəm... Mən inanıram ki, Siz bu məsələni nəzarətə götürsəniz, tezliklə, bu problem həllini tapacaq, məsələnin “kimə aid olduğu” müəyyənləşəcək. Sizdən xahiş edirəm, bu məsələni nəzarətə götürərək, ailəmizin probleminin həllində, evimizin bərpası və ya yeni evlə təmin olunmağımızda bizə yardım göstərəsiniz. Sizə ümidlərimiz sonsuzdur.
Hörmətlə, Fətəli Kəlam oğlu Fərziyev

LEGİON
Mövzu ilə bağlı link:
Astarada ev dağılır, amma FHN və RİH ortaq məxrəcə gələ bilmir? FOTOLAR