Nazirlik Mingəçevirdəki məktəbləri qazanxana ilə təmin etmək istəmir?
Təhsil şöbəsinin müdiri Sahib Məmmədov: “Mingəçevirdə 7 məktəbin qazanxanası yoxdur, elektrik naqilləri dözmür”


Mingəçevir şəhər 8 saylı orta məktəbdə 10 gündür işıq olmayıb. Bu barədə yerli sakinlər məlumat verib. Bildiriblər ki, məktəbin sinif otaqlarının soyuq olması nəticəsində şagirdlərin dərsə davamiyyəti azalıb. 8 saylı orta məktəbdən faktı təsdiqləyiblər. Qeyd edilib ki, dekabrından 19-dan məktəbdə işıq yanmır. “Problemlər transformator və yeraltı işıq xətləri ilə bağlıdır. Xətlər köhnə olduğu üçün belə problemlər yaşanır. Sinif otaqları soyuq olduğundan şagirdləri evə tez buraxırdıq”. Məktəbdən, həmçinin bildirilib ki, bu gündən elektrik enerjisinin verilməsi bərpa olunacaq (azvision.az).
LEGİON
əməkdaşı məsələni araşdırmaq məqsədilə 8 saylı orta məktəbin müdiri Adil Kərimovla əlaqə saxlayıb. “Məktəbdə qazanxana yoxdur, radiaotorlara istiliyi elektrik qızıdırıcları ilə veririk. Sonra məlum oldu ki, yeraltı naqil yanıb, 200 metr elektrik naqili tapıb bərpa elədik. Həmin sistem elektrik qızdırıcıları üçün nəzərdə tutulmayıb. Hər otaqda bir “plitka” qoyulanda elektrik naqilləri dözmür. 8 ildir qazanxana tikilmir, o da yuxarıların işidir... 8 ildə iki nazir, iki başçı, iki təhsil şöbəsinin müdiri dəyişilib”, - deyə A.Kərimov bildirdi.
Mingəçevir Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov LEGİON-a bildirdi ki, Mingəçevirdə 7 məktəbimiz təmirsizdir, elektrik sobasıyla qızdırılır və heç birinin qazanxanası yoxdur: “Məktəblər əvvəl isti suyla qızdırılırdı. DRES isə isti suyu daha vermir... Bizim məktəblərdə qazanxana tikmək üçün imkanımız yoxdur, aidiyyatı üzrə qurumlara, Təhsil Nazirliyinə müraciət etmişik ki, məktəblərdə qazanxana tikilməsinə yardım olunsun. Mingəçevirdə 24 məktəb təmir olunub, avadanlıqla təchiz edilib. 7 məktəb qalıb ki, yəqin, o məktəblərlə bağlı da tədbir görülər”.
Biz Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla da əlaqə saxladıq. “Bu barədə Mingəçevirin təhsil şöbəsinin müdirinə müraciət edin”, - deyə C.Valehov bildirdi. “Danışmışıq, deyirlər nazirliyə müraciət etmişik... İndiyə qədər niyə tədbir görülmür?”, - deyə soruşduq.
“Müraciət ediblərsə, tədbir görülər. Gərək sizin sualı aidiyyatı olan şöbəyə yönəldək, onlar cavab versinlər. Öyrənib sizə məlumat verərəm”, - deyə C.Valehov vəd etdi. Amma hələ də Təhsil Nazirliyinin mətbuat xidmətindən bir məlumat ala bilməmişik.
Araz Məmmədov

LEGİON