“Heydər Əliyevin xatirəsi qarşısında baş əyirəm” – MÜSAHİBƏ
Mirkazım Seyidov: “Başlıca vəzifəmiz xalqımızın birliyini və Prezidentlə həmrəyliyimizi qorumaqdır”
SSRİ-nin süqutundan sonra, bir çox həmvətənimiz taleyin hökmü ilə digər post-sovet ölkələrində yaşamağa başladı.
Lakin bu, o demək deyil ki, onlar öz tarixi vətənlərinin siyasi və ictimai həyatında iştirak etmirlər. Azərbaycan diasporunun nümayəndələri ölkəmizin qarşısında duran hər hansı məsələdə töhfələrini verə bilmək üçün, öz imkanlarını səfərbər edirlər.
Belə insanlardan biri də, Novosibirskdəki Azərbaycan diasporunun lideri, Heydər  Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun rəhbəri, publisist, şair və ictimai xadim Mirkazım Seyidovdur.
Qafqaz Xəbər Agentliyinin
 Kavkaznews.az saytı M.Seyidovla görüşərək,  bizi maraqlandıran sualları vermək imkanı əldə edib.
– Zəhmət olmasa, rəhbərlik etdiyiniz Forumun yaranması haqda məlumat verərdiniz…
– Bu qurum Ümumilli Lider Heydər Əliyevin vəfatından sonra, 2004-cü ildə fond olaraq yaradıldı. Amma sonra, biz qurumu Heydər Əliyev adına Beynəlxalq  Azərbaycan Forumu adlandırmağa başladıq.
– Forum nə kimi işlərlə məşğul olur?

– Biz Novosibirskdə “Odlar yordu” qəzeti buraxırdıq. Bu gün isə eyniadlı jurnal nəşr edirik. Jurnalda həm Azərbaycan dilində, həm də rus və ingilis dillərində materiallar dərc olunur.
– Sizin  Forum Novosibirskdə Azərbaycan diasporunu təmsil edən yeganə təşkilatdır?

– Xeyr, 2001-ci ilə qədər Novosibirskdə “Xəzri” adlı diaspor təşkilatı olub. 2001-ci ildə Rusiya prezidenti milli-mədəni muxtariyyətlərin yaradılmazı haqqında sərəncam imzaladı. Bundan sonra, Novosobirsk şəhəri və vilayətində milli-mədəni muxtariyyətlər formalaşmağa başladı.  Şəhərdəki milli-mədəni muxtariyyətə Rasim Babayev, vilayətdəki milli-mədəni muxtariyyətimizə isə Elman Bayramov rəhbərlik edir.
Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu isə tanınan yerli diaspor təşkilatıdır.
– Forumun tanınması nədən ibarətdir?

– Novosibirskdə keçirilən bütün mədəni tədbirlərə bizi – Forum nümayəndələrini ekpert kimi dəvət edirlər. Təşkilatımız Novosibirskin “Qızıl mədəniyyətlər kitabı”na salınıb. 2007-ci ildə mən Novosibirskdə ilin mədəniyyət adamı seçilmişəm.
Bizim Forum Novosibirskdə yaşayan azərbaycanlıların uşaqları üçün həftəlik məktəb təşkil edib. Bu məktəbləri onun üçün açdıq ki, Novosibirskdə yaşayan azərbaycanlıların övladları doğma dili unutmasınlar. Biz həmçinin o uşaqlara mədəniyyətimizi və adətlərimizi öyrədirik.
Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu  Novosibirskdə ölkəmiz haqqında həqiqətləri təbliğ edir. Xüsusi diqqəti Qarabağ hadisələrinə ayırırıq.
– Bu məsələyə niyə xüsusi diqqət ayırırsınız?

– Ona görə ki, erməni diasporu Qarabağ həqiqətlərini təhrif edir. Qarabağ hadisələri, xüsusilə də, Xocalı soyqırımı haqda informasiyaları biz az qala hər keçirdiyimiz tədbirdə və jurnalımızın hər nömrəsində insanlara çatdırmağa çalışırıq. Təəssüf ki, Azərbaycan diasporu öz say çoxluğuna baxmayaraq, siyasi gücə çevrilə bilmir.
– Diasporumuzun siyasi gücə çevrilməsinə nə mane olur?

– Bizim vahid mərkəzimiz yoxdur. Heç cür birləşə bilmirik.
– Səbəb nədir?

– Ona görə ki, diasporumuzun bütün nümayəndələri birinci olmağa çalışır. Bu da, bütün işlərimizdə, fəaliyyətimizdə bizə mane olacaq. Təəssüf ki, 25 il ərzində hələ də öz gəncliyimizi Rusiya cəmiyyətinə inteqrasiya  edə bilməmişik. Novosibirskdə ali məktəblərdə 200-dən çox azərbaycanlı tələbə təhsil alır. Amma ali təhsil aldıqdan sonra, onlar işə düzələ bilmir, halbuki, aralarında texniki ixtisalara malik olanlar, o cümlədən, həkimlər var. Düşünürəm ki, bu, gizli göstərişlər əsasında baş verir. Novosibirskdə polisə və digər hüquq orqanlarına düzələn azərbaycanlıların çoxu nəticədə müxtəlif bəhanələrlə işdən çıxarılıblar.

Belə problemlər başqa diasporlarda yoxdur. Bizdən fərqli olaraq, ermənilər Novosibirskin polis və prokurorluq orqanlarında geniş təmsil olunurlar.
Azərbaycanlıları isə bu strukturlarda barmaqla saymaq olar. Bunun səbəbi ondadır ki, bizim diaspor hələ də siyasi gücə çevrilə bilməyib. Diaspor siyasi gücə çevriləndə, dövlət də onunla hesablaşır.
Nəinki hesablaşır, hətta iradlarını dinləməyə də hazır olur. Məsələn, Ucardan, Ordubad və Naxçıvandan gələn azərbaycanlılar ayrı-ayrılıqda öz diaspor təşkilatlarını yaradırlar.  Novosibirskdə azərbaycanlıların sayı 70 minə yaxındır. Ermənilər isə daha azdır, təxminən, 30 min nəfərdirlər.
Lakin “Azərbaycan Evi”nin rəhbəri Mais Məmmədovun Novosibirsk Qanunvericilik Yığıncağına seçilməsinə nail ola bilmişik. Bu, Azərbaycan diasporunun siyasi gücə çevrilməsində atılan addımlardan biri sayıla bilər.
– Deməli, Novosibirskin siyasi həyatında da iştirak edirsiniz.

– Mən ictimai-siyasi xadim kimi, təkcə şəhərin deyil, bütünlükdə vilayətin ictimai-siyasi həyatında fəal iştirak edirəm. Novosibirskdə “Moment istinı” adlı qəzet dərc olunur. Orda məqalələrim çıxır və mən həmin yazılarda oxucuların diqqətinə Dağlıq Qarabağ hadisələrini də çatdırıram. Sözügedən qəzet təkcə Novosibirskdə yox, bütün Sibir regionunda yayılmaqdadır. Hər nömrəyə əlavə olaraq, bizim “Odlar Yurdu” qəzetimiz də oxuculara çatdırılır. Həmçinin, Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun nəzdində türkdilli xalqların “Dotsluq” Beynəlxalq Xeyriyyə Fondunu yaratmışıq.
 Fondun məqsəd və hədəfləri nədən ibarətdir?
– Bu fond Azərbaycan dəyərlərinin, adətlərinin təbliğatı ilə məşğuldur.
 Bəs Forumla qeyd etdiyiniz Fondun fəaliyyətləri necə fərqlənir?
– Fondda təkcə azərbaycanlılar yox, Novosibirskdə yaşayan digər türkdilli xalqlar da təmsil olunur.Yakutlar, tatarlar, qırğızlar, altaylar və digər türkdilli xalqların nümayəndələri də bizimlə birlikdə fondun işində fəal iştirak edirlər. “Dostluq” Fondunda Novosibirskdə yaşayan 17 xalqın nümayəndələri birləşib.
Bu gün Rusiyada 40 milyondan çox müsəlman birləşib. Onların 30 milyondan çoxu türkdilli xalqlardır. Qalanları isə qafqaz xalqlarıdır.
Biz siyasətə qarışmırıq və müxtəlif xalqların, o cümlədən türk və slavyan xalqlarının mədəniyyətini öyrənirik. Bu mədəniyyətlər arasında körpü yaratmaq üçün, əlimizdən gələni edirik. Bu gün Rusiya rəhbərliyi digər xalqlarla birlik yaratmağa çalışıq. Bu xalqların içində qırğızlar, tatarlar, türklər də var. Bu, Rusiyanın başlıca vəzifələrindəndir. Təbii ki, SSRİ kimi birləşmə olmayacaq. Hər bir dövlət öz suverenitetini qoruyacaq. Lakin söhbət iqtisadi və mədəni ittifaqdan gedir.
Biz yaxın aylarda türk və slavyan xalqlarının tarixi və mədəniyyətindən bəhs edən jurnal dərc etməyi düşünürük. Düşünürəm ki, belə bir jurnala tələbat da böyük olacaq. Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun təsisçiləri “Dostluq” Fondunun rəhbərliyinə də daxildirlər. Bu fondda digər xalqlar da təmsil olunur, amma təsisçilər yenə də azərbaycanlılardır. Biz bu barədə Rusiya Prezidentinin Administrasiyasına da məlumat vermişik. Prezidentin köməkçisi bizə zəng etdi və Federasiya rəhbərliyinin dəstəyini ifadə etdi.
Heydər Əliyev Fondu tərəfindən, Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada görülən işlər xüsusi diqqətə layiqdir. Heydər Əliyev Fondu Rusiya və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə çalışır.
Fevralın 25-də Xocalı faciəsinin 25 illiyi qeyd olunacaq. Əlbəttə, biz müharibə istəmirik, amma döyüşməyə hazırıq. Bizim Ali Baş Komandan İlham Əliyev dəfəərlə bəyan edib ki, biz əsgərlərimizin ölməsini istəmirik. Lakin ermənilər beynəlxalq təşkilatları dinləməsələr, biz qanı qanla yumalı olacağıq.
Bu, son tədbir olacaq. Biz inanırıq ki, torpaqlarımız qayıdacaq. Aprel döyüşləri ordumuzun yüksək hazırlıqda olmasını göstərdi. Faktiki olaraq, bütün Azərbaycan xalqı döyüşə getməyə hazır idi. 1-5 aprel hadisələri göstərdi ki, vətənpərvərlik hər bir azərbaycanlının qanındadır.
Biz – Azərbaycan diasporunun nümayəndələri deputat Mais Məmmədovun yanında toplaşaraq, ordumuza maddi cəhətdən, o cümlədən dərman və canlı qüvvə ilə yardım etməyə hazır olduğumuzu bəyan etmişdik. Azərbaycan gəncləri Qarabağ üçün döyüşməyə hazırdır. Bu,  Diasporla İş üzrə Dövlət Komitəsini yaradan Ümumilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Bu işi İlham Əliyev cənabları da davam etdirir. Mən 2011-ci ildə Dünya Azərbaycanlılarının Qurultayında iştirak etmişdim. Prezidentin çıxışı zamanı onun, diaspor problemini yaxşı bilməsi məni riqqətə gətirdi. O, səfirlərə və konsullara tapşırdı ki, diaspor təşkilatları ilə sıx əlaqə yaradılsın. Təəssüf ki, keçən beş il ərzində dəyişməyən çox şey qalıb. Hələ də, səfirliklər və diaspor təşkilatları arasında fikir ayrılıqları yaşanmaqdadır.
Prezidentlə görüşmək şərəfinə də nail olmuşam… Son qurultayda Prezident diasporçuların media strukturlarının yaradılmasından söz açmışdı. Hazırda biz bütün Sibir və Uzaq Şərqi əhatə edəcək media holdinq yaratmaqla bağlı müzakirələr aparırıq. Həmçinin, Azərbaycandakı Qafqaz Hüquq Mərkəzindən diaspor nümayəndələrimizin hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi barədə təklif almışıq. Bu əməkdaşlıq çərçiəsində Novosibirskdə Hüquqi Yardım Mərkəzi yaradılacaq.
Bir çox azərbaycanlılar bizneslə məşğul olur. Onların gömrükdə və digər strukturlarla bağlı problemləri yaranır. Yaradacağımız mərkəz isə həmvətənlərimizə bu və digər problemlərin həllində yardımçı olacaq.
2017-ci  il fevralın 26-da Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirəcəyik. Bu dəfə biz türkdilli diasporların media holdinqlərindən də nümayəndələr dəvət etməyi planlaşdırmışıq. Bu tədbir “Dostluq” Fondunun təşkilatçılığı ilə keçiriləcək.
Bu gün biz Avropa Şurası, BMT və ATƏT səviyyəsində torpaqlarımızın işğalının tanıdılmasıyla, qətnamələrin qəbuluyla bağlı böyük uğurlara nail olmuşuq. Daha başqa dövlət və beynəlxalq təşkilatlardan artıq nəsə gözləmək lazım deyil. Onlar bizim mövqeyimizin haqlı olduğunu rəsmən tanıyıblar. Torpaqlarımızı azad etmək üçün konkret addımlar atmaq lazımdır.

Bu gün dünyada kiçik xalqlar sıxışdırılır. Neft və faydalı sərvətlər uğrunda savaş gedir.  Kimlərinsə kiçik xalqları qorumağa çalışması yalandır. Bu, hegemonluq yaratmaq cəhdidir. Digər dövlətlərin maraqlarının müdafiəsi də boş sözlərdir. Bu, özünü Liviyada da göstərdi. Bizim başlıca vəzifəmiz xalqımızın birliyini qorumaq və Prezidentlə həmrəy olmaqdır.
Azərbaycanla Rusiyanın son zamanlar yaxınlaşması Qərb dövlətlərini qıcıqlandırır.
Ona görə də, Azərbaycanda vəziyyəti qarışdırmaq üçün bütün imkanlara əl atırlar. Buna görə də, biz Prezidentin yanında sıx birləşməliyik. Məmur özbaşınalığıyla və diasporumuzu “otxod” adlandıran səbatsız deputatlarla hər zaman bacara bilərik.
Ermənilər istəyirlər ki, Azərbaycanda qarşıdurma yaransın. Bu gün biz Rusiyanın qardaş ölkə olmasından danışırıq. Bir-birimizə güvənməliyik.  Bizim tolerantlığımız dünyada ilk yeri tutur.
Birinci Avropa Oyunları sübut etdi ki, Azərbaycan təkcə Avropanın yox, dünyanın bir hissədir. Ölkəmizdə müxtəlif xalq və dinlərin nümayəndələri yaşayır. Məgər, bu, multikulturalizmin nümunəsi sayıla bilməz?
Hətta Bakıda yerləşən erməni məbədi belə, dövlət tərəfindən qorunmaqdadır. Fürsətdən istifadə edərək, demək istəyirəm ki, ölkədəki sabitliyi qorumaq lazımdır. Bunun üçün isə prezidentimiz ətrafında birləşmək vacibdir.
Bu gün Azərbaycanda bəzi məmurlar Ümumilli Lider Heydər Əliyevin kəlamlarını unudaraq, özbaşınalıqla məşğuldurlar. 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edən Heydər Əliyevin xatirəsi qarşısında baş əyirəm. Bütün azərbaycanlıları bu gözəl gün münasibətilə təbrik etmək istəyirəm. Həmçinin, ölkəmizdə yaşayan provaslavları 7 yanvarda qeyd edəcəkləri Milad Bayramı münasibətiə də təbrik edirəm.
Araz Məmmədov

Kavkaznews.az