Binəqədidə evin yolunu kəsib yeni bina tikirlər
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 12-də yerləşən binaya gedən yol hasarlanıb. Sakinlərə ərazinin təmir ediləcəyi, yolun abadlaşdırılacağı söylənilib. Amma deyilənlərin əksi baş verib, hasarlanmış ərazidə çoxmərtəbəli binanın tikintisinə başlanıb.
Bu barədə bina sakinləri virtualaz.org saytına ümvanladıqları şikayətlərində bildiriblər.
Onların sözlərinə görə, fövqəladə hal baş verərsə, maşınlar binaya yaxınlaşa bilməyəcək. “Təcili yardım çağıranda maşın yaxınlaşa bilmir, bəs yanğın baş verərsə, fəlakətin qarşısı necə alınacaq? Binaların arasındakı məsafə qorunmalıdır. Digər tərəfdən, ərazi uşaqların oynadığı yeganə yerdir. Bu barədə həm Binəqədi Rayon İcra Hakimiyyətinə, həm bələdiyyəyə, həm də ərazi nümayəndəliyinə şikayət etmişik. Hələlik şikayətimizə reaksiya verən yoxdur”, – bina sakini Sabir Cabbarov deyib.
Sakinlər bildirirlər ki, ərazidə 30 küknar ağacı var. Binanın tikintisi üçün ağacları kəsmək lazım olacaq: “Gecə-gündüz ağacları qoruyuruq. Ağaclar tikintinin aprılmasına mane olacaq. Bu bina tikiləndən sonra ərazidə sıxlıqdan nəfəs ala bilməyəcəyik. Tikintini aparanlar isə deyirlər ki, bələdiyyədən, icra hakimiyyətindən icazəmiz var. Belə qanunsuzluğa heç kim icazə verə bilməz. Əraziyə gələn icra nümayəndəsi də sakinlərə ümidverici heç nə demədi”, – sakinlər əlavə ediblər.
Qeyd edək ki, sözügedən ərazidə 45 ailə yaşayır.
Binəqədi Rayon İcra Hakimiyyətindən isə məsələdən xəbərsiz olduğunu deyiblər.