Kadırov bildirdi ki, sağlamdır və azərbaycanlı nazirə təşəkkür etdi
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bildirib ki, yeni ili respublika klinikalarından birində planlı tibbi müayinədən başlayıb.
Virtualaz.org-un məlumatına görə, R.Kadırov bu barədə öz İnstagram səhifəsində yazıb.
“Bizim klinikalarımızdan birində mən, kardiologiya daxil olmaqla, nevrologiya, qastroenterelogiya, dayaq-hərəkətedici aparatı, nəfəs orqanları, qan dövranı, endokrin sistemi… müayinəsindən keçdim. Həkimlər bildirdilər ki, sağlamam!” — deyə respublika rəhbəri qeyd edib.
R.Kadırov müayinəni təşkil etmiş respublikasının səhiyyə naziri Elxan Suleymanova, həmçinin bütün həkimlərə və tibb bacılarına təşəkkür edərək onlara sağlamlıq və əmin-amanlıq arzulayıb.
Xatırladaq ki, Elxan Suleymanov 2014-cü ilin aprelində Ramzan Kadırovun dəvəti ilə Moskvadan Qroznıya köçüb və respublika onkoloji dispanserinə başçılıq edib. O, nazir olana qədər eyni zamanda səhiyyə məsələləri üzrə respublika başçısının məsləhətçisi vəzifələrini yerinə yetirib.
Elxan Suleymanov əslən Azərbaycanın Qusar rayonundandır. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə qurtarıb, sonra Bakı Onkologiya elmi mərkəzində işləyib. Moskvada N.N. Bloxin adına Rusiya Onkologiya Mərkəzinin bazasında aspiranturanı bitirib. Tibbi elmlərin namizədidir. ABŞ-da və Almaniyada təcrübə keçib.