Bakı şəhər prokurorluğu səhvini başa düşdü
Səhiyyə Nazirliyi isə heç bir araşdırma aparmayıb
Bu il avqustun 23-də Kavkaznews.az saytında ““Bakı Sağlamlıq Mərkəzi”ndəki ölüm hadisəsində kim günahkardır?” başlıqlı məqalə dərc olunub. Məqalədə Bakı şəhər sakini İrina Zotovanın bu il avqustun 22-də “Facebook” sosial şəbəkəsində dərc etdiyi statusundan söz açılırdı. “Bizim atamız Vladimir Zotov cümə günü, 19 avqust 2016-ci il, saat 14.50-də (vaxt xəstəlik tarixində göstərilib) təcili yardım maşını ilə  “Bakı Sağlamlıq Mərkəzi”nin reanimasiyasına , 4 mərtəbəyə aparılıb.O qarnının aşağı hissəsində çox güclü ağrılardan şikayətlənirdi. Cərrah onu müayinə etdi və bildirdi ki, onun sahəsinə aid problem yoxdur. Və məlum oldu ki, bir diaqnoz qoyan həkim tapılmır. Kritik vəziyyətdə olan xəstə reanimasiya şöbəsinə saat 14.50-də salındı! Klinikanın bir çox mütəxəssisləri iş yerlərində yox idilər!!! Buna görə diaqnozun müəyyən edilməsi üçün rentgenoqrafiya (rentgen), kompüter tomoqrafiyası (KT) və ultrasəs tədqiqatı (USM) kimi təcili tədqiqatlar növbəti günün səhərinə qədər təxirə salındı!!! Amma ən dəhşətlisi bu deyildi. Bilirsiniz ən dəhşətlisi nə idi? Ən dəhşətli odur ki, sən atanı əməliyyat edəcək cərrahı gözləyirsən və sonra həmin cərrah ağır sərxoş vəziyyətdə gəlir! Bu vəziyyətdə əməliyyatın gedişini müzakirə etmək üçün səni kabinetinə dəvət edir! O, kabinetdə kreslosuna otura bilmirdi! Atamı itirdik”, - İrina Zotova yazır. Kavkaznews.az Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov ilə də əlaqə saxladı. “Vladimir Zotovu təcili yardım maşınında gətirdilər. Ona qədər iki dəfə infarkt olmuşdu. Həkimlər onda ürək aritmiyası aşkarlayıblar. Güman ki, aritmiya ikinci infarktdan sonra başlayıb”, – deyə direktor bildirdi. “Vladimir Zotovun ölümünə səbəb nə olub? – deyə soruşduq. “Elçin Əzizov onun mədəsinə baxıb və heç bir problem tapmayıb. Lakin məlumdur ki, aritmiya tromba səbəb ola bilir. Tromb isə istənilən arteriyanı zədələyə bilər. Vladimir Zotovda bağırsaq trombozu var idi. Bağırsaq isə tezçürüyən orqandır. Mərhumu əməliyyatla xilas etmək mümkün deyildi”, – deyə H.Həsənov cavab verdi. “İrina Zotovanın sözlərinə görə, cərrah Elçin Əzizov sərxoş olub”, – deyə qeyd etdik. “Elçin Əzizov öz avtomobilində Şüvəlandan 25 kilometr yol gəlib. O, sərxoş deyildi. Bizdə video var ki, Elçin Əzizov pilləkənləri özü qalxıb. İrina Zotova həkimə böhtan atır. O, öz atasına baxmırdı. Mərhum “bomj”a oxşayırdı və çoxdan çimmirdi”, – deyə direktor bildirdi. (Kavkaznews.az)
“Dekabrın 30-da Vladimir Zotovun ölüm faktı üzrə cinayət işi qaldırılıb”, - mərhumun  digər qızı Marina Zotova bildirib. “Dekabrın 23-də mən baş prokuror Zakir Qaralovun qəbulunda oldum və həmin gün 124.1-ci maddə üzrə cinayət işi qaldırıb. İşi Nərimanov prokurorluğundan Bakı prokurorluğuna yönləndirdilər və yeni müstəntiq təyin etdilər. Çox ümid edirəm ki, indi, nəhayət, obyektiv istintaq aparılacaq və günahkarlar cəzalandırılacaqlar”, - deyə Marina Zotova bildirdi.
Vladimir Zotovun qızının sözlərinə görə, iş məhkəmə-tibbi ekspertizadan geri götürülüb, indi də ifadələr götürüləcəklər, araşdırma aparılacaq və artıq yeni əlavələrlə iş məhkəmə-tibbi ekspertizasına yenidən göndəriləcək. Vladimir Zotovun ölüm haqqında şəhadətnaməsində pasiyentin ölümünə səbəb olaraq “nazik bağırsağın total qanqrenası” göstərilib.
Noyabrda Azərbaycanın baş cərrahı Hacıqulu Bağırovun sədrliyi ilə, Bakı sağlamlıq mərkəzində (BSM) reanimasiya şöbəsinin həkimləri və digər cərrahların iştirakı ilə yaradılmış komissiyanın xüsusi iclası keçirilib. Hacıqulu Bağırov eyni zamanda “Bakı Sağlamlıq Mərkəzi”nin (BSM), harada ki, Vladimir Zotov vəfat edib, baş həkiminin müavinidir. Səhiyyə nazirliyi həkimlərin xeyrinə qərar çıxarıb (ann.az). “Baş prokuror Zakir Qaralovla görüş zamanı ona danışdıq ki, atamın ölümü ilə bağlı heç bir obyektiv araşdırma aparılmayıb və o, bizim ədalətə olan son ümidimizdir”, - deyə İrina Zotovanın bacısı Marina Zotova LEGION agentliyinə bildirib. Zotovanın sözlərinə görə, o, Baş Prokurora atasının işinin təfərrüatları barədə danışıb. “Biz Baş Prokurora bu işin baxılmasının dörd aydır ki uzandığı barədə məlumat verdik. Biz atamızı “Bakı Sağlamlıq Mərkəzi”nə üçüncü gününün yarısında gətirdiyimizi və eləcə də bu mərkəzdə heç bir otağın işləmədiyini dedik”, - deyə Marina Zotova bizə danışdı.
Zotovanın sözlərinə görə, Zakir Qaralovla görüşdə iştirak edən Baş Prokurorluğun yüksək rütbəli əməkdaşlarından biri bildirib ki, Səhiyyə Nazirliyi öz xidməti araşdırmasını aparıb və heç bir qanun pozuntusu aşkar etməyib. “Biz isə Baş Prokurora bildirdik ki, bu yalandır, bizi- zərərçəkənin ailə üzvlərini Səhiyyə Nazirliyində keçirilən, bizim şikayətə baxılan iclasdan sadəcə qovdular. Zakir Qaralov soruşdu ki, bizdə sağlamlıq mərkəzində heç bir kabinetin işləmədiyini təsdiq edən sənədlər varmı. Biz müvafiq sənədləri təqdim etdik. Bu Baş Prokuroru hiddətləndirdi”, - deyə Marina Zotova bizə danışdı.
“Zakir Qaralovun fikrincə, atamın ölümü ilə bağlı obyektiv istintaq keçirilməyib. O dərhal cinayət işi açılmasını əmr etdi. Baş prokuror həmçinin üzləşdirmə aparılmasını və əgər zərurət yaranarsa atamın meyitinin eksqumasiyasının həyata keçirilməsini tələb etdi ”, - deyə o, LEGION-a bildirdi. Marina Zotova bizə Baş Prokurorun açıqlamalarını bildirib. “Zakir Qaralov bildirdi ki, Bakı “Bakı Sağlamlıq Mərkəzi” haqqında dəfələrlə çox mənfi fikirlər eşidib. Baş prokuror səhiyyə naziri Oqtay Şirəliyevin bizi qəbul edib-etmədiyini soruşdu. Biz isə dəfələrlə müraciət etməyimizə baxmayaraq səhiyyə nazirinin bizi qəbul etməkdən imtina etdiyini bildirdik. Dedik ki, Səhiyyə Nazirliyinin şöbə müdirlərindən biri bizi qəbul etdi. Bu şöbə müdiri dedi ki, atamda şəkər xəstəliyi idi. Biz isə ona bildirdik ki, atam heç vaxt şəkərdən əziyyət çəkməyib”, - deyə Marina Zotova bizə məlumat verdi. Baş prokuror Bakı şəhər  prokurorluğunun işindən narazılığını bildirdi. “İndi atamın ölümü ilə bağlı cinayət işi açıblar. Bundan əvvəl biz dəfələrlə Bakı şəhər  prokurorluğuna, cinayət işinin başlanmasını rədd edən Nərimanov rayonunun prokurorluğundan şikayət yazırdıq. Mən araşdırmanın Bakı şəhər  prokurorluğunda aparılmasını xahiş edirdim. Zakir Qaralovun qəbuluna düşməzdən 3 gün əvvəl mən Bakı şəhər  prokurorluğundan məktub aldım. Məktubda deyilirdi ki, Bakı şəhər  prokurorluğunun rəhbərliyi Nərimanov prokurorluğundan işi götürməyi lazımlı hesab etmir. Zakir Qaralovla görüşümüzdən üç gün sonra Bakı şəhər  prokurorluğu yenidən mənə məktub yazdı. Məktubda deyilirdi ki, onları tərəfindən cinayət işinin başladılmaması səhv idi”, – deyə Marina Zotova bildirdi.
Rəşad Rüstəmov

LEGION