Ağdamda həyat yoldaşını yandıran kişini “günahsız” çıxardılar? – ŞİKAYƏT + ARAŞDIRMA (FOTO)
Kima Vəliyeva: “İsmayıl Əliyev 2007-ci ildə böyük qızımın gözünü kor etdi, 2016-cı ilin noyabrında isə üstümə benzin töküb yandırmağa çalışdı”
Aqil Qəhrəmanov: “Ağdam Rayon Prokurorluğu bu işi polisə göndərməklə, Cinayət-Prosessual Məcəlləsini pozub”

Terror və zorakılığın adi hal olduğu, qadınların linçləndiyi və hətta edam olunduğu bir çox ölkədən fərqli olaraq, Azərbaycan dünyəvi dövlətdir və burada hər kəs qanun qarşısında eynidir.
Qadınlara qarşı zorakılıq hallarına nə qanunlarımız, nə də milli-mənəvi dəyərlərimiz xoş baxmır. Bəzən “hər evdə olur” deyə göz yumub biganə qaldığımız və hətta ən pik qarşıdurma məqamlarında belə müdaxilə etməyə çəkindiyimiz ailə münaqiəşələri sonda daha dəhşətli nəticələr verər, gözlərimizin qarşısında ailə terroru baş verər. Bəli, son illərdə dünyanın müxtəlif yerlərində hansısa terrorçunun müəyyən bir məkana soxulub günahsız insanları qətl etməsi barədə çox  eşidir, terroru lənətləyirik.
Cənab Prezident İlham Əliyevin də dəfələrlə dediyi kimi, bizim başlıca vəzifəmiz bütün din və millətlərin tolerant yaşadığı və insanların zorakılıqdan qorunduğu bir cəmiyyət yaratmaqdır. Əgər biz sıravi vətəndaşlar, eləcə də vəzifəsi ailə zorakılığına düzgün hüquqi qiymət vermək olan hüquq mühafizə orqanları “qulağının dibində” baş verən bu və digər xoşagəlməz hallara laqeyd yanaşırsa… Biz gələcək nəsillər üçün necə bir cəmiyyət yaratmaqdayıq? O zaman, bu ölkəni, bu Vətəni sevdiyimizi iddia etməyə mənəvi haqqımız varmı?
Qadınlar bu ölkəyə yalnız uşaq doğub-böyütməklə xidmət etmir. Müxtəlif sahələrdə, o cümlədən də təhsil sistemində çalışan minlərlə Azərbaycan qadını bu ölkənin gələcəyinə öz töhfəsini verir. Nə qədər şablon səslənsə də, müəllimlik şərəfli peşədir.
Bu şərəfli peşənin sahiblərindən biri, Ağdam rayonu Mahrızlı kənd məktəbinin  ibtidai sinif müəllimi, 1960-cı il təvəllüdlü Kima Zaman qızı Vəliyeva bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edərək, keçmiş həyat yoldaşı İsmayıl Bəndalı oğlu Əliyev tərəfindən zorakılığa məruz qaldığını, şagirdlərinin dəftərləri və müxtəlif kitablarla birlikdə yandırıldığını bildirib.
“Mən Ağdam rayon Mahrızlı kənd məktəbində ibtidai sinif müəllimi işləyirəm. Son üç ildə sabiq həyat yoldaşım İsmayıl Bəndalı oğlu Əliyev başqa qadınlarla gəzirdi, evə gələndə isə məni incidir, döyürdü. O, məni bezdirərək evdən qovmağa çalışırdı. Noyabrın 10-da günorda saat 13:00 radələrində evə gələrək, məni təhqir etməyə, qışqırmağa başladı.
Dərsimiz məktəbin təmiriylə əlaqədar gündüz növbəsində olduğuna görə, mən şagirdlərimin dəftərlərini yoxlayıb dərsə getməyə hazırlaşdım, İsmayıl Əliyev dedi ki, məktəbdən evə gəlmə. Mən “hara gedim, getməyə yerim varmı?” dediyimdə, o özündən çıxdı və qızım Ülviyyə Əliyevanın yanında mənim qolumdan tutub yıxdı, şagirdlərimin dəftərlərini və müxtəlif kitabları gətirib üstümə atdı, daha sonra mənim və kitabların üstünə benzin tökərək alışqanıyla od vurdu. Üzərimə düşən yanan kitablardan sağ qıç nahiyəmdə ciddi yanıq xəsarəti aldım.
Səsə qonşular yığışdılar, qaynım İlham Bəndalı oğlu Əliyev məni Ağdam Mərkəzi Xəstəxanasına apardı. Bir ay stasionar müalicə aldım. Hazırda Bakıda qohumlarımın yanında müalicə alıram. Qızım Ülviyyə atasının qohumları tərəfindən öyrədilib ki, hüquq mühafizə orqanlarına atasının əməlləriylə bağlı heç nə bildirməsin.
Həmin hadisədən sonra İsmayıl Əliyev “Mercedes” marklı avtomobilini də tələsik satdı… Dekabrın 29-da rəsmən boşandıq, amma hələ əmlak bölgüsü aparılmayıb”, – deyə K.Əliyeva Qafqaznews.az əməkdaşına bildirdi.
O bildirdi ki, İsmayıl Əliyev tərəfindən üstünə benzin tökülüb yandırılması və həyatına qəsd törədilməsiylə bağlı noyabrın 14-də Ağdam Rayon Prokurorluğuna etdiyi şikayət yalnız dekabrın 13-də araşdırılmaq üçün Ağdam Rayon Polis şöbəsinə göndərilib.
“Müstəntiq  Vüqar Qədimov bu hadisədə heç bir cinayət tərkibi görməyib və öz qərarında göstərib ki, guya mən özümü yanan kitabların üzərinə atmışam, kitabları söndürmək istəyərkən əllərim yanıb. Halbuki, hadisə zamanı mənim əllərim yanmamışdı. Mənə davamlı işgəncələr verən, həyatıma qəsd edən İsmayıl Əliyev barəsində isə ən kiçicik inzabi tədbir belə görülməyib”, – deyə K.Əliyeva bildirdi.
Kima Əliyevanın sözlərinə görə, İsmayıl Əliyev 2007-ci ildə böyük qızı Ülviyyəni döyərək, onun bir gözünü kor edib: “O vaxt uşaqlarıma görə, ailəmiz biabır olmasın deyə, səsimi çıxarmadım, bu iş polisə getmədi, söhbət evin içində qaldı.
Lakin İsmayıl bundan sonra sakitləşmədi, əksinə, zorakılığı daha da artırdı. Onsuz da əvvəldən gəzəyən idi, son zamanlar da daha azğınlaşmış, hətta qızlarından kiçik olan qadınlarla gəzməyə başlamışdı. Ötən il avqustun 3-də qonşuda yas var idi, həmin vaxt məni amansızca döydü, gəlib-gedən eşitməsin deyə arxa otağa keçib səssizcə ağladım. Mənə deyirdi ki, görürsən, hayına gələn yoxdur, səni istədiyim qədər döyürəm. Qızlarım avqustda yığışıb dedilər ki, “ay ata, anam pisdirsə, gedin boşanın, daha niyə döyürsən”. O isə bildirdi ki, məni döyə-döyə öldürəcək. Bu insan mənə ömrüm boyu işgəncə verib. Sizdən xahiş edirəm, haqq-ədalətin bərpası naminə mənə kömək edəsiniz”.
Təəssüf ki, bayram günləri ilə əlaqədar olaraq, Ağdam RPŞ-nin baş müstəntiqi Vüqar Qədimovun fikrini öyrənə bilmədik. K.Əliyevanın qaynı İlham Bəndalı oğlu Əliyev bu ailənin münaqişəli olduğunu təsdiqləyib. “Qardaşım onu yandırmayıb, Kima Vəliyeva özünü kitabların üstünə atıb, onda yanıb. Əvvəl də belə söz-söhbətləri olurdu, hər evdə olur da belə şeylər”, – deyə həmsöhbətimiz bildirdi.
“Bəs siz maraqlanmırdınız ki, qardaşınızın ailəsində nələr baş verir?”, – deyə soruşduq. “Maraqlanırdım… Olan oldu, keçən keçdi. Məhkəmədə də ayrıldılar. Heç nə, hər ikisi özünü bu ahıl yaşlarında biabır elədi”, – deyə İ.Əliyev bildirdi.
Hüquqşünas-ekspert Aqil Qəhrəmanov məsələ barədə məlumat aldıqdan sonra, Qafqaznews.az-a bildirdi: “Əslində, bu iş heç polis şöbəsinin icraatına verilməməli, prokurorluq tərəfindən araşdırılmalı idi. Burda Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulub. Digər tərəfdən, qərarda verilən ifadələr arasında ziddiyyət var. İstintaqın aparılması barədə bir çox şübhələr yarana bilər. Ağdam RPŞ-nin qərarından belə qənaətə gəlmək olar ki, kişinin öz həyat yoldaşını döyməsi adi haldır və bu barədə ən azından inzibati tədbir belə görülməyib. İsmayıl Əliyev barəsində ən azından CM-in 296-cı maddəsi ilə iş açıla bilərdi, o da edilməyib.
Göründüyü kimi, polis müstəntiqi İsmayıl Əliyevin əməllərini xuliqanlıq kimi belə dəyərləndirməyib. Kima Vəliyeva öz şikayətində davamlı zorakılığa məruz qaldığını bildirib, bu ailə “münaqişəli ailə” kimi qeyd olunmalı, İctimai Təhlükəsizlik Bölməsinə qərarın surəti göndərilməli idi. Eyni zamanda, bu işdə cinayət tərkibinin olmaması barədə qərarı ancaq prokuror verə bilər”.
Ağdam Rayon Prokurorluğunun da mövqeyini öyrənməyə çalışacağıq.
Araşdırmamız davam edir.
Rüfət Əhmədzadə

Qafqaznews.az