Ağdam prokuroru əri tərəfindən yandırıldığını deyən qadını “anormal” hesab edir?
Rəfail Zeynalov jurnalisti təhqir etməkdən də çəkinmədi: “Mən səni adam bilib danışıram”
Mehriban Zeynalova: “Əgər İsmayıl Əliyev qızı Ülviyyənin gözünü kor edibsə, yəqin ki, qız bundan sonra onun əleyhinə nəsə danışmağa ehtiyat edər”

Aqil Qəhrəmanov: “Nə prokuror, nə də müstəntiq kiməsə əsassız və sübutsuz olaraq “anormal”, “ruhi xəstə” demək ixtiyarına sahib deyillər”

Yanvarın 5-də Qafqaznews.az-da “Ağdamda həyat yoldaşını yandıran kişini “günahsız” çıxardılar?” başlıqlı yazı dərc olunmuşdu. Həmin məqalədə bildirilirdi ki, Ağdam rayonu Mahrızlı kənd məktəbinin ibtidai sinif müəllimi, 1960-cı il təvəllüdlü Kima Zaman qızı Vəliyeva bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edərək, keçmiş həyat yoldaşı İsmayıl Bəndalı oğlu Əliyev tərəfindən zorakılığa məruz qaldığını, şagirdlərinin dəftərləri və müxtəlif kitablarla birlikdə yandırıldığını bildirib.
“Mən Ağdam rayon Mahrızlı kənd məktəbində ibtidai sinif müəllimi işləyirəm. Son üç ildə sabiq həyat yoldaşım İsmayıl Bəndalı oğlu Əliyev başqa qadınlarla gəzirdi, evə gələndə isə məni incidir, döyürdü. O, məni bezdirərək evdən qovmağa çalışırdı. Noyabrın 10-da günorda saat 13:00 radələrində evə gələrək, məni təhqir etməyə, qışqırmağa başladı. Dərsimiz məktəbin təmiriylə əlaqədar gündüz növbəsində olduğuna görə, mən şagirdlərimin dəftərlərini yoxlayıb dərsə getməyə hazırlaşdım, İsmayıl Əliyev dedi ki, məktəbdən evə gəlmə. Mən “hara gedim, getməyə yerim varmı?” dediyimdə, o özündən çıxdı və qızım Ülviyyə Əliyevanın yanında mənim qolumdan tutub yıxdı, şagirdlərimin dəftərlərini və müxtəlif kitabları gətirib üstümə atdı, daha sonra mənim və kitabların üstünə benzin tökərək alışqanıyla od vurdu.
Üzərimə düşən yanan kitablardan sağ qıç nahiyəmdə ciddi yanıq xəsarəti aldım. Səsə qonşular yığışdılar, qaynım İlham Bəndalı oğlu Əliyev məni Ağdam Mərkəzi Xəstəxanasına apardı. Bir ay stasionar müalicə aldım. Hazırda Bakıda qohumlarımın yanında müalicə alıram. Qızım Ülviyyə atasının qohumları tərəfindən öyrədilib ki, hüquq mühafizə orqanlarına atasının əməlləriylə bağlı heç nə bildirməsin.
Həmin hadisədən sonra İsmayıl Əliyev “Mercedes” marklı avtomobilini də tələsik satdı… Dekabrın 29-da rəsmən boşandıq, amma hələ əmlak bölgüsü aparılmayıb”, – deyə K.Əliyeva Qafqaznews.az əməkdaşına bildirdi.
O bildirdi ki, İsmayıl Əliyev tərəfindən üstünə benzin tökülüb yandırılması və həyatına qəsd törədilməsiylə bağlı noyabrın 14-də Ağdam Rayon Prokurorluğuna etdiyi şikayət yalnız dekabrın 13-də araşdırılmaq üçün Ağdam Rayon Polis şöbəsinə göndərilib.
“Müstəntiq Vüqar Qədimov bu hadisədə heç bir cinayət tərkibi görməyib və öz qərarında göstərib ki, guya mən özümü yanan kitabların üzərinə atmışam, kitabları söndürmək istəyərkən əllərim yanıb. Halbuki, hadisə zamanı mənim əllərim yanmamışdı. Mənə davamlı işgəncələr verən, həyatıma qəsd edən İsmayıl Əliyev barəsində isə ən kiçicik inzabi tədbir belə görülməyib”, – deyə K.Əliyeva bildirdi.
Kima Əliyevanın sözlərinə görə, İsmayıl Əliyev 2007-ci ildə böyük qızı Ülviyyəni döyərək, onun bir gözünü kor edib: “O vaxt uşaqlarıma görə, ailəmiz biabır olmasın deyə, səsimi çıxarmadım, bu iş polisə getmədi, söhbət evin içində qaldı. Lakin İsmayıl bundan sonra sakitləşmədi, əksinə, zorakılığı daha da artırdı.
Onsuz da əvvəldən gəzəyən idi, son zamanlar da daha azğınlaşmış, hətta qızlarından kiçik olan qadınlarla gəzməyə başlamışdı. Ötən il avqustun 3-də qonşuda yas var idi, həmin vaxt məni amansızca döydü, gəlib-gedən eşitməsin deyə arxa otağa keçib səssizcə ağladım. Mənə deyirdi ki, görürsən, hayına gələn yoxdur, səni istədiyim qədər döyürəm. Qızlarım avqustda yığışıb dedilər ki, “ay ata, anam pisdirsə, gedin boşanın, daha niyə döyürsən”.
O isə bildirdi ki, məni döyə-döyə öldürəcək. Bu insan mənə ömrüm boyu işgəncə verib. Sizdən xahiş edirəm, haqq-ədalətin bərpası naminə mənə kömək edəsiniz”.
Qeyd edək ki, Kima Vəliyevanın qaynı İlham Bəndalı oğlu Əliyev də qardaşının ailəsində tez-tez münaqişələr yaşandığını Qafqaznews.az-a təsdiqlədi. Yanvarın 5-də biz Ağdam rayon prokuroru Rəfail Zeynalovla əlaqə saxladıq.
“Onlar mübahisə ediblər, gör nə deyirəm… O qadın kitabları söndürmək istərkən ayağı yanıb. Elə də ciddi yanıq yoxdur orda. Qızı da orda olub. Mübahisə olub, sonra kişi kitabları yandırıb, o da söndürməyə çalışanda qadın yanıb. Qızı da bu hadisənin şahidi olub.”, – deyə R.Zeynalov bildirdi.
“Kima Vəliyeva deyir ki, 2007-ci ildə əri qızının da gözünü çıxarıb”, – deyə qeyd etdik. “Əəə, yalan deyir, ata da qızının gözünü çıxardar? Ata dəlidir, qızının gözünü çıxarda?”, – deyə prokuror suala sualla cavab verdi. “Qadınla söhbət edin, görün, normal qadındır? Kişi normal adamdır, özünü idarə edən adamdır. Ondan sonra… Kişi deyir ki, gəl barışaq… Bu deyir, yox, mən kişisiz yaşamaq istəyirəm. İndi çatışmır da…”, – deyə prokuror bildirdi.
“Yaxşı, bu qadın psixoloji müayinəyə, ekspertizaya göndərilibmi?”, – deyə soruşduq. “Təqsirləndirilən şəxsdir onu müayinəyə, dəlixanaya göndərək?”, – deyə prokuror reaksiya verdi. “Bəs necə deyə bilərsiniz ki, o normal qadındır, yoxsa, normal qadın deyil?” – deyə soruşduq. “Əəə, sən məndən söz alırsan? Kim deyir normal qadın deyil? Mən səni adam bilib danışıram. Yandırmanı soruşursan, deyirəm ki, onu heç kim yandırmayıb”, – deyə prokuror jurnalisti təhqir etməkdən də çəkinmədi.
“Adam bilib danışırsınız, çox sağ olun….Bəs niyə iş polis şöbəsinə göndərilib, polisin maddəsidir o?”, – deyə soruşduq. “Əmlakı məhv etmə polisin maddəsidir. Orda da iki kitab yandırılıb”, – deyə prokuror cavab verdi. “Belə çıxır ki, Kima Vəliyeva hüquq mühafizə orqanlarına yalan məlumat verib. Buna görə, yəqin ki, məsuliyyət daşıyır?”, – deyə maraqlandıq. “Sağ olun”, – deyə Rəfail Zeynalov dəstəyi asdı. Prokuror köməkçisi Babək Paşayev də suallarımıza eyni “ssenari”ilə, amma daha mədəni formada cavab verdi.
“Orda ən azından xuliqanlıq faktı qeydə alınmayıbmı? Qadın dəfələrlə döyülməsini iddia edir”, – deyə soruşduq. “Bu, ailə-məişət məsələsidir”, – deyə prokuror köməkçisi cavab verdi. “Bəs Azərbaycan qadınları məişətdə zorakılıqdan qoruna bilməzmi? Qanunlarımız bu haqda nə deyir?”, – deyə soruşduq. “Burda hansısa qanun pozulmayıb. Ağdam Rayon Polis Şöbəsi işi obyektiv araşdırıb və bizi tam qane edir”, – deyə Babək Paşayev cavab verdi. Ağdam Rayon Polis Şöbəsinin baş müstəntiqi Vüqar Qədimovdan işin niyə yandırma ilə sui-qəsd ittihamının rədd olunmadan, işin ona göndərildiyini soruşduq. “Prokurorluq belə göstəriş verib. Onlardan soruşun, mən bilmirəm”, – deyə Vüqar Qədimov bildirdi.
O da rayon prokuroru kimi, qadının “normal” olmamasına eyham vurdu. “Hə, kişi deyir ki, onun başı çatmır. Qız da deyir, anamın əsəbləri pozulub. Son bir ildə münaqişələri vardı, kişi deyib gəl barışaq, qadın razı olmayıb. O da kitabları töküb yandırıb… Qadın isə özünü kitabların üstünə atıb, söndürməyə çalışanda yüngül xəsarət alıb. İsmayıl Əliyevin qızı, qardaşı və iki qonşu da şahidlik edib”, – deyə Vüqar Qədimov qeyd etdi.
“Bəs qadının yetərincə ciddi olan iddiaları, qızın gözünün çıxarılması, özünün də illərlə döyülməsi, bu məqamlar araşdırılbmı?” – deyə soruşduq. “Mən material üzrə işləmişəm”, – deyə müstəntiq cavab verdi. “Kima Vəliyeva və ya İsmayıl Əliyev psixoloji müayinəyə göndərildimi? Ən azından, kiminsə nəsə deməsi üçün əsas olmalıdır axı”, – deyə qeyd etdik. “Buna ehtiyac görmədim”, – deyə Kima Vəliyevanın “qeyri-normal” olmasına az qala inanan, amma yoxlamağa çalışmayan müstəntiq Vüqar Qədimov cavab verdi. “Bəs onlar münaqişəli ailə kimi qeydiyyatda olublarmı?”, – deyə soruşduq.
“Onlar artıq boşanıblar, müəllim. Bundan belə nə mənası var?”, – deyə müstəntiq sualımıza ritorik sualla cavab verdi. Hüquqşünas-ekspert Aqil Qəhrəmanovla yenidən əlaqə saxladıq. “Prokuror da, müstəntiq də çox absurd açıqlamalar veriblər. Burda insanın sağlamlığına xəsarət yetirmə faktı var, söhbət təkcə ailə-məişət məsələsindən getmir.
Kima Vəliyeva öz ərinə böhtan atmaq üçün hansı məqsəd güdə bilər? Əgər belə bir ehtimal varsa, o da hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı idi. Digər tərəfdən, nə prokuror, nə də müstəntiq kiməsə əsassız və sübutsuz olaraq “anormal”, “ruhi xəstə” demək ixtiyarına sahib deyillər. Ailə-məişət məsələsi deməklə, məsələni kiçildirik. Mən ailədə hansısa cinayət törətsəm, sonra da boşansam, bu artıq məna daşımır? Ən savadsız adam belə, onların şərhlərindən sonra, istintaqın qərəzli getdiyini anlaya bilər”, – deyə A.Qəhrəmanov vurğuladı.
Qadın problemləri üzrə ekspert, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Qafqaznews.az-a bildirdi: “Əgər o qadın hələ 2007-ci ildə ailəsini biabır etməmək naminə səssiz qalmasaydı, polis orqanlarına şikayət etsəydi, bəlkə də, məsələ bu yerə çatmazdı. Müəllimədir, düşünüb ki, ayıbdır… Amma bu da nəticəsi. Prokurorluğun və Ağdam RPŞ-nin yanaşması isə məni sadəcə təəssüfləndirir. Hüquq mühafizə orqanlarında çalışan bir şəxs necə deyə bilər ki, “baxın görün, hələ o normal qadındır”?! Sən prokurorsan, sənin çiynində vəzifə məsuliyyəti var. Əlində əsas olmadan, kiminsə haqqında nəsə deməməlisən”. Mehriban Zeynalovanın sözlərinə görə, ailənin bütün üzvləri psixoloji müayinədən keçməli idi: “Kima Vəliyeva da, İsmayıl Əliyev də, onları qızı Ülviyyə Əliyeva da mütəxəssislər tərəfindən dindirilməli idi.
Müstəntiq hansısa fakt üzrə araşdırma aparır, amma məsələnin bu həddə çatmasının səbəblərini sanki heç kim araşdırmaq istəmir. Araşdırılmalıdır, həqiqətənmi, kişi öz qızını kor edib? Həyat yoldaşını illərlə döyübmü? Mübahisə nədən başlayaraq bu həddə çatıb? Bütün bu sualların cavabı verilməliydi. Kişinin günahı yoxdur, qadın yalan deyir, vəssəlam… Belə araşdırma aparılmaz.
Təəsüf ki, prokurorun da, müstəntiqin də verdiyi açıqlamalardan onların hər ikisinin stereotip əsiri olduğu aydın olur. “Ailə-məişət məsələsi” nədir? Prezidentin qərarıyla təsdiq olunan qanun var, insan haqları var… Adama deyərlər ki, sən Prezidentin imzaladığı qanundan xəbərsizsən? Sadəcə, təəssüf edirəm. Qızın şahidliyi məsələsinə gəlincə isə Əgər İsmayıl Əliyev qızı Ülviyyənin gözünü kor edibsə, yəqin ki, qız bundan sonra onun əleyhinə nəsə danışmağa ehtiyat edər”.

Araşdırmamız davam edir.

Rüfət Əhmədzadə

Qafqaznews.az
Mövzu ilə bağlı link
Ağdamda həyat yoldaşını yandıran kişini “günahsız” çıxardılar? – ŞİKAYƏT + ARAŞDIRMA (FOTO)