Sahibkarlar gömrük məmurunun diplomunun saxta olub-olmadığını öyrənmək istəyir – NÜANSLAR
Səfər Mehdiyevlə qohum olduğu deyilən Rəfael Niftəliyevdən edilən şikayətlər Gömrük Komitəsində “iqnor” olunur? 
Azərbaycan gömrükçülərinin yerli sahibkarları incitməsi ilə bağlı mətbuatda çox məlumatlar, şikayətlər dərc olunub.

Həmçinin, LEGİON-da bu və digər vətəndaşların problemi araşdırılıb və redaksiya mövqeyinə yer verilmədən ictimaiyyətə təqdim olunub.

Bu günlərdə “Rovel Trading” şirkətinin rəhbəri, iş adamı İntiqam Həsənov LEGİON-a müraciət edərək, dəfələrlə Baş Enerji Gömrük İdarəsinin maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyev tərəfindən süründürməçiliyə məruz qaldığını bildirib.

Mən və mənim kimi, bir neçə sahibkar Rəfael Niftəliyevin qərəzli münasibətinə məruz qalıb: “Ölkəyə akkumlyator gətirir, bütün sənədləri qaydasında olmaqla, dövlət rüsumu keçirir və malımızı satıb ölkə iqtisadiyyatına töhfə verməyə çalışırıq.
Lakin Rəfael Niftəliyev hansısa məqsədlərlə biz sahibkarları incidir, malımızın idxal prosesini yekunlaşdırmağa imkan vermir.
Bu yaxınlarda şərikim Həmid Bəkirovun akkumlyator gətirdiyi TIR-ları günlərlə gömrükdə saxlamış, malı boşaltmağa imkan verməmişdilər. Yalnız Həmid Bəkirov öz problemini ictimailəşdirəndən və ölkə rəhbərliyinə şikayət edəndən sonra, ona yaradılan süni maneələr aradan qalxdı. Üç aydır biz DGK sədri Aydın Əliyevin qəbuluna düşməyə çalışırıq, lakin bizimlə görüşən, dərdimizi dinləyən yoxdur”, - deyə İ.Həsənov vurğuladı.
O qeyd edib ki, Rəfael Niftəliyevin diplomunun saxta olması barədə məlumat aldıqdan sonra, Həmid Bəkirovla birlikdə Baş Enerji Gömrük İdarəsinə sorğu göndəriblər: “Bizə cava gəldi ki, şəxsi işlər DGK-da olur. Ora da yazdıq, lakin bizim sorğumuza aydın cavab verilmədi. Hazıda Dövlət İmtahan Mərkəzinə sorğu göndərmişik, ümid edirik ki, yaxın günlərdə cavab verilər. Rəfael Niftəliyev və onu himayə edən şəxslər birbaşa Prezidentin siyasətinə qarşı gedirlər. Çünki dövlət başçısı dəfələrlə vurğulayıb ki, ölkədə sahibkarların fəaliyyətinə münbit şərait yaradılmalıdır. Bu şəraitin yaranmasına isə ən birinci maneəni sahibkarlara qərəzli yanaşan gömrük məmurları törədir”.
Biz məsələ ilə bağlı DGK-nın da rəsmi mövqeyini öyrənmək istədik. Sahibkarlar neçə aydır Aydın Əliyevin qəbuluna düşməyə çalışırsa, ən azından, sədr müavini və ya aparat rəhbəri səviyyəsində sahibkarlarla görüş təşkil oluna bilməzdimi? Digər tərəfdən, R.Niftəliyevin diplomunun saxta olub-olmaması barədə sorğuya cavab vermək dövlət sirrinin açıqlanmasıdırmı? Təəssüf ki, DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov zənglərimizə cavab vermədi.
Xatırlatma üçün qeyd edək ki, oktyabrın 19-da Qafqaznews.az saytında “Enerji Gömrük İdarəsində sahibkarları “süründürən” məmur kimdir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, Qafqaz Xəbər Agentliyinə müraciət edən Həmid Soltan oğlu Vəkilov Azərbaycanda altı maşın akkumlyator gətirdiyini, lakin Enerji Gömrük İdarəsi maliyyə şöbəsinin müdiri Rəfael Niftəliyevin ona süni əngəllər törətdiyini bildirib.
“Mən Türkiyədən altı ədəd TIR-a yüklənmiş akkumlyatorlar gətirmişəm. Maşınlar Gürcüstan-Azərbaycan sərhədlərini keçməmişdən, mən idxal bəyannaməsi verməyə çalışdım, lakin mənə günlərlə maneə yaratdılar. İnspektorlar işi bir-birinə ötürə-ötürə, nəhayət ki, idxal bəyannaməmi qəbul etdilər.
Artıq maşınlar gəlib, amma neçə gündür ki, mənim malımı ölkəyə buraxmırlar. Bəhanə isə ondan ibarətdir ki, guya, mən bəyannamədə malın qiymətini azaltmışam. Lakin mənim əlimdə sənədlər var və Türkiyədə mal aldığım şirkətin sənədləri ilə bəyannamədəki qiymətlər eynidir. Cənab Prezident özü tapşırıb ki, sahibkarlara şərait yaradılsın və ölkədə biznes inkişaf etsin. Lakin 6 gündür ki, mən səhərdən axşama qədər vaxtımı gömrükdə keçirirəm. Mənə xeyli əsəb yaşadılıb və mal söz verdiyim müştərilər qarşısında da yalançı çıxmışam.
Bir çox müştəri də artıq maldan imtina edib. Hər maşında 48 min manatdan artıq dəyəri olan mal var. Malların çoxu üçün qabaqcadan pul da almışam. Beləliklə, Rəfael Niftəliyev başda olmaqla, DGK məmurları mənim işimi ləngidərək, 30 min manatdan çox ziyana düşməyimə səbəb olublar. Rəfael Niftəliyev mənə deyib ki, əlavə olaraq 13 min manat da rüsum ödəməlisən. Mən mallara görə, 160 min 850 manat gömrük rüsumu da ödəmişəm. Yaxşı, əgər qiymətləri süni surətdə azaltmışdımsa, o rüsum ödənişi niyə araşdırılmadan qəbul olundu? Süründürməçiliyə məruz qalan sahibkar tək mən deyiləm. Neçə gündür görürəm ki, başqa sahibkarlar da incidilir və gömrük onlara stress yaşadırlar. Qeyd edim ki, öyrəndiyimə görə, R. Niftəliyev DGK sədrinin 1-ci müavini Səfər Mehdiyevin bacanağının oğludur.
R.Niftəliyev sahibkarları süründürməsi və incitməsi ilə özünə mənfi reputasiya qazanıb. Hətta başqa sahibkarlardan da eşitdiyimə görə, Rəfael Niftəliyevin diplomu da saxtadır və vaxtilə bu adam gömrük orqanlarından xaric edilmişdi. Lakin o, qohumu Səfər Mehdiyevin gücünə DGK-ya qayıdaraq Enerji Gömrük idarəsinin maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunmağına müvəffəq olub və hətta deyilənə görə, bu şəxs heç Enerji Gömrük İdarəsinin rəisini də saymayaraq idarədə at oynadır. Başqa bir məlumata görə, idarə rəisi Vaqif müəllim Ağdaş rayon icra başçısı Tofiq İbrahimovun oğludur. Tofiq İbrahimov Ağdaşdan əvvəl Qəbələ rayonunun icra başçısı olub”, – deyə H.Vəkilov bildirib.
Rüfət Əhmədzadə

LEGİON 

Mövzu ilə bağlı linklər

Enerji Gömrük İdarəsində sahibkarları “süründürən” məmur kimdir? – ŞİKAYƏT(FOTO)  
Səfər Mehdiyev zirehli BMW-də gəzir?