Cavid Qurbanov “seryoznı” səhv buraxanları necə cəzalandırır? – NÜANSLAR
Yoxsa, yeni kadrlara da tapşırılır ki, “bu jurnalist dostumuzdur, o jurnalist isə düşmənimiz”?

Bu yaxınlarda xəbər yayıldı ki, “Azərbaycan Dəmir Yolları” QSC-də mətbuat katibliyi ləğv olunub və yeni yaradılan ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərliyinə Sevinc Qədirova adlı bir jurnalist xanım gətirilib.

Sabiq mətbuat katibi Nadir Əzməmmədov isə ictimaiyyətlə əlaqələr şöbəsində işçi kimi qalıb. Bir çoxları düşündü ki, bununla da QSC ilə mətbuat arasındakı bir çox problemlər aradan qalxacaq...

Bu günlərdə LEGİON-da “Cavid Qurbanov “yeyinti”lərlə bağlı tədbir görmək istəmir?” başlıqlı yazı dərc olunmuşdu və həmin yazıda bildirilirdi ki, Hesablama Palatası “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan xəstəxanalarda ciddi “yeyinti” faktları aşkarlayıb.

Bizim əməkdaş bu məsələylə bağlı Sevinc Qədirovaya müraciət etsə də, yeni şöbə müdiri “Nadir Əzməmmədova tapşırıq vermişəm, açıqlamanı o verəcək” dedi, Nadir Əzməmmədov isə gün ərzində vaxtı uzadaraq bizim suallarımızdan yayındı. Necə deyərlər, bir Nadir Əzməmmədovla işlərimiz “yaxşı” gedirdi, bir də Sevinc Qədirovanın gəlişindən sonra hər şey “əla” oldu. Bir çoxunda sual yarandı: görəsən, Cavid Qurbanov bu addımı niyə atdı? Nadir Əzməmmədov nəyəsə görə cəzalandırıldı, yoxsa, mətbuatda “şap elə bildi şupdadır” təəssüratı oyatmaq üçün belə bir kadr islahatına ehtiyac var idi?

Xatırladaq ki, 2016-cı ilin oktyabrın 14-də Qafqaznews.az-da dərc olunan yazıda Cavid Qurbanovun Azərbaycan dəmiryolçularının peşə bayramı münasibəti ilə keçirilmiş tədbirdəki çıxışına toxunulmuşdu.

LEGİON saytı Qafqaznews.az-a istinadla, bu çıxışla bağlı jurnalist Rüfət Əhmədzadənin “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq mətbuat katibi ilə dialoqunu, eləcə də həmin dialoqun səs yazısını ictimaiyyətə təqdim edir.

“Nadir müəllim, dünən Cavid Qurbanov çıxışında “Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni insaflı olmağa…” – elə bu an Nadir Əzməmmədov sözümüzü kəsdi:

“O zarafat eləyir, mətbuat da “seryoznı” qəbul edir. Onlar dostdurlar ( XDG-nin rəhbəri Rauf Vəliyevlə Cavid Qurbanov nəzərdə tutulur – red.), dünən banketə təbrik etməyə də gəlmişdi, bir yerdə oturmuşdular.. Zarafat edirlər, bir-birlərinə belə söz atırlar”.

“Nadir müəllim, bəs ötən gün Cavid Qurbanovun açıqladığı yeyinti faktlarıyla bağlı hər hansı tədbir görülübmü? Hüquq mühafizə orqanlarına məlumat verilibmi?”, – deyə soruşduq.


“O da zarafat idi. Mətbuat niyə bunu belə “seryoznı” qəbul edir? Zarafatyana söhbətlər eləyirlər orda, camaat da ciddi qəbul eləyir… Özünüz tekstə qulaq assanız görərsiniz ki, orda deyilənlər hamısı zarafatdır. “Seryoznı” qəbul etməyin”, – deyə N.Əzməmmədov tövsiyə verdi.

“Belə çıxır ki, heç bir “yeyinti” olmayıb?” – deyə dəqiqləşdirmək istədik.

“Əlbəttə, “yeyinti” olsaydı, tədbir görülərdi”, – deyə QSC-nin mətbuat katibi cavab verdi (Qafqaznews.az).

Xatırladaq ki, Nadir Əzməmmədov bir müddət əvvəl mətbuata açıqlamasında “bələdçilərə pul hörmət mənasında verilir… kim istəyir, bələdçilərə hörmət edə bilər” demişdi. Və o, həmin Nadir Əzməmmədovdur ki, Qafqaznews.az əməkdaşına “Maykl Ceksonla dost olduğunu” da demişdi.

LEGİON xatırladır ki, “seryoznı” söhbəti ictimaiyyətdə soyuq duş effekti yaratdıqdan sonra, N.Əzməmmədov qəzəblənib və o vaxt Qafqaz Xəbər Agentliyinin baş direktoru vəzifəsində çalışan Araz Məmmədova zəng edib. “Ayıb olsun sizə… Başlığı dəyişin… O yazını yazan Rüfət Əhmədzadənin yaşı qədər kino çəkmişəm”.

A.Məmmədov da xatırlatmağa çalışıb ki, jurnalist əlində sübut olmadan, elə bir şey yazmaz və deyilməyən sözlərə məqaləsində yer verməz. Əlbəttə, əgər bir şəxsin akt zalında, rəsmi tədbirdəki çıxışı öz rəhbərlik etdiyi qurumun mətbuat katibi tərəfindən “seryoznı” qəbul olunmursa… Burda artıq başlıq davası etməyin yeri də yoxdur.

Nadir Əzməmmədovun Araz Məmmədovla söhbəti zamanı bir məqam da diqqəti çəkir: “Mən daha sizə açıqlama verməyəcəm. Rüfət Əhmədzadənin telefonunu bir də götürməyəcəm”. Daha sonra isə N.Əzməmmədov jurnalistin nömrəsini istəyir. Çox güman ki, jurnalistə şəxsən hədə-qorxu gəlmək fikri, yaxud da çəkdiyi filmləri sadalamaq arzusu Nadir Əzməmmədova güc gəlmişdi.



Dialoqda bir şey də diqqəti çəkməyə bilməz. Söhbət məqalədən gedir, amma QSC-nin mətbuat katibi özünün kino çəkməyindən danışır. Oxucularda da sual yarana bilər ki, ay hörmətli kinoçəkən, mətbuatla əməkdaşlıqda, verdiyin açıqlamalarda çəkdiyin kinoların nə kimi rolu olur? Bəlkə, çəkdiyin filmlərin süjetini danışırsan mətbuata? Bu və digər suaları cavablandırmağı Nadir Əzməmmədovun öhdəsinə buraxırıq.

Lakin bir şey maraqlı gəlir. Görəsən, bundan sonramı Cavid Qurbanov “seryoznı” islahatlar keçirməyə qərar verdi. Əgər həqiqətən də kadr islahatı aparılırsa, “seryoznı” səhv buraxan kadrlar necə cəzalandırılır? Yox, biz bilmirik, cəzalandırılırsa, bəs “Azərbaycan Dəmir Yolları” QSC özünün mətbuatla münasibətlərini düzəltmək üçün hansı addımlar atır? Yoxsa, yeni kadrlara da tapşırılır ki, “bu jurnalist dostumuzdur, o jurnalist isə düşmənimiz”?

Ümid edirik, LEGİON-un bu yazısından sonra, Sevinc Qədirova ictimaiyyətdə yaranan bütün şübhəli sualları aradan qaldıracaq və başqaları kimi, “neseryoznı” açıqlamalarla gündəmə gəlməyəcək.

Murad İbrahimli

LEGİON

Mətbuat katibi: “Cavid Qurbanovu “seryoznı” qəbul etməyin”
Cavid Qurbanovun “hücum” planı iflasa uğradı? VİDEO
Cavid Qurbanov “yeyinti”lərlə bağlı tədbir görmək istəmir? – ABSURD