Hər şey icra hakimiyyətinin... hakimiyyətindədir - FOTO
Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyətin üç formasını - icra hakimiyyətinin idarəsində olan dövlət mülkiyyətini, bələdiyyəyə mənsub olan bələdiyyə və xüsusi mülkiyyət formasını təsbit etmişdir. Lakin bu yalnız formaldır. Faktiki olaraq yerli icra hakimiyyəti orqanları, mövcud qanunvericiliyi pozaraq, həm bələdiyyə həm də özəl mülkiyyəti idarə edirlər.

Bu günlərdə LEGİON İnformasiya Agentliyinə Vaqif və Yasəmən Zülfiqarovlar müraciət ediblər. Onların sözlərinə görə, 2013-ci ildə Kürdəxanı qəsəbəsinin bələdiyyəsi onlara istifadəyə 50 sot torpaq sahəsi verib.
“Kürdəxanı bələdiyyəsi tərəfindən bizə bu torpaq sahəsinə qeydiyyat vərəqi verilib. Biz bu sahədə gözəl bağ saldıq. Lakin 2017-ci il yanvarın 5-də sahəyə soyadını bilmədiyim, Rafiq adlı Sabunçu rayon icra hakimiyyəti başçısının nümayəndəsi gəlib. Rafiq bildirdi ki, torpaqlarımızın bir hissəsi yolun genişləndirilməsi üçün müsadirə olunacaq”, - deyə bizə Zülfiqarovlar bildirdilər. Onların sözlərinə görə, icra hakimiyyətinin nümayəndələri bir bəyanatla kifayətlənməyiblər.

“Həmin gün onlar bizim bağın bir hissəsini məhv etdilər. Bizim əkdiyimiz əncir ağaclarını kökündən çıxartdılar. Biz bələdiyyəyə bütün vergiləri vaxtlı-vaxtında ödəyirik. İcra hakimiyyəti hansı əsasla bizə Kürdəxanı bələdiyyəsi tərəfindən verilən torpağı müsadirə edir?”, - deyə Vaqif və Yasəmən Zülfiqarovlar maraqlandılar. Biz bu sualı Kürdəxanı bələdiyyəsinin vergi şöbəsinin müdiri Ağəli Mənsimova verdik.
“Bu torpaqlar bizim bələdiyyənin inzibati ərazisində yerləşir”, - Ağəli Mənsimov LEGİON-a deyib. “İcra hakimiyyətinin sizin bələdiyyə tərəfindən başqa şəxslərə istifadə üçün verilən torpağı müsadirə etmək hüququ var?”, - jurnalistimiz soruşdu. “Hər şey rayon icra hakimiyyətinin hakimiyyətindədir”, - deyə Ağəli Mənsimov bildirib. “Bu torpaq bələdiyyəyə məxsus deyil. Kürdəxanı qəsəbə bələdiyyəsi tərəfindən Yasəmən və Vaqif Zülfiqarovlara torpaq istifadəsinə verilmiş sənəd qanunsuzdur”, - deyə LEGİON İnformasiya agentliyinə Sabunçu rayon icra hakimiyyətinin qəsəbədəki nümayəndəsi Rafiq (Təəssüf ki, o bizə öz soyadını açıqlamayıb-red.) bildirib.
“Yalnız məhkəmə Kürdəxanı bələdiyyəsi tərəfindən verilmiş bu sənədin qanuni olub-olmadığını müəyyən edə bilər”,- jurnalistimiz Rafiqə xatırlatdı. “Biz mütləq məhkəməyə müraciət edəcəyik”, - Rafiq bizə bildirdi. “Amma siz artıq indi məhkəmənin qərarını gözləmədən yolun çəkilməsi işlərinə başlamısınız”,- LEGİON İnformasiya agentliyinin müxbiri bildirib.
“İşlər Bakı şəhər icra hakimiyyəti tərəfindən aparılır. Mən bu işlərdə yerli icra hakimiyyətinin nümayəndəsi kimi iştirak edirəm”,- deyə icra hakimiyyətinin nümayəndəsi cavab verdi. “İcra hakimiyyəti hansı əsasla fərdi şəxslərin istifadəsində olan torpaq sahələrində iş aparır?”, - deyə soruşduq. “Bunu Bakı şəhər icra hakimiyyətindən soruşun. Bunun mənə heç bir aidiyyəti yoxdur”, - Rafiq dedi. “Axı siz bildirdiniz ki, bu işlərdə iştirak etmisiniz”, - jurnalistimiz öz təəccübünü bildirdi. Rafiq dəstəyi asdı.

“İcra hakimiyyətinin yolun tikintisi və ya digər məsələlərin həyata keçirilməsi üçün bələdiyyə tərəfindən digər şəxsə istifadəyə verilən torpağın heç bir qarışını belə müsadirə etmək ixtiyarı yoxdur”,- vəkil Ramiz Zeynalov LEGİON-a bildirib.
“Bu torpaqlar Avropa Komissiyasının qərarına uyğun olaraq özəl mülkiyyət sayılır. Yolun tikintisi dövlət ehtiyacları anlayışına daxildir. İstənilən halda, ehtiyac yarandıqda, dövlət və ya ictimai ehtiyaclar üçün, dövlət bu torpaqları almalıdır”, - deyə Ramiz Zeynalov bildirib.
Vəkil qeyd etdiyi kimi, Azərbaycan Konstitusiyası və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu da bunu tələb edir. “Əgər icra hakimiyyəti bu və ya digər torpağın bələdiyyəyə qanunsuz verildiyini hesab edirsə, o zaman o, bu qərarın ləğv olunması üçün məhkəməyə müraciət edə bilər. Amma əlində belə bir qərar olmadan, icra hakimiyyətinin bələdiyyə torpaqlarından istifadə etmək hüququ yoxdur”, - deyə Ramiz Zeynalov bildirdi.
R.Həsənoğlu
LEGION