Yandırılan müəllimənin direktoru: “O qadının bir anormallığını görməmişəm”
Südeyib Məhərrəmov: “Bu günə qədər bir uşağın və ya valideynin Kima Vəliyevadan şikayəti olmayıb”
Ağdam RİH-də Raqub Məmmədovla prokuror Rəfail Zeynalovun quda olduğunu təsdiqlədilər

Ağdamdakı bütün “ruhi xəstə”ləri müəyyən etmək üçün, Raqub Məmmədov və Rəfail Zeynalova  kömək lazım olsa, biz hazırıq

Yanvarın 5-də Qafqaznews.az ”Ağdam prokuroru əri tərəfindən yandırıldığını deyən qadını “anormal” hesab edir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin məqalədə bildirilirdi ki, Ağdam rayonu Mahrızlı kənd sakini, 1960-cı il təvəllüdlü Kima Zaman qızı Vəliyeva bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edərək, keçmiş həyat yoldaşı İsmayıl Bəndalı oğlu Əliyev tərəfindən zorakılığa məruz qaldığını, şagirdlərinin dəftərləri və müxtəlif kitablarla birlikdə yandırıldığını bildirib.
“Mən Ağdam rayon Mahrızlı kənd məktəbində ibtidai sinif müəllimi işləyirəm. Son üç ildə sabiq həyat yoldaşım İsmayıl Bəndalı oğlu Əliyev başqa qadınlarla gəzirdi, evə gələndə isə məni incidir, döyürdü. O, məni bezdirərək evdən qovmağa çalışırdı. Noyabrın 10-da günorda saat 13:00 radələrində evə gələrək, məni təhqir etməyə, qışqırmağa başladı. Dərsimiz məktəbin təmiriylə əlaqədar gündüz növbəsində olduğuna görə, mən şagirdlərimin dəftərlərini yoxlayıb dərsə getməyə hazırlaşdım, İsmayıl Əliyev dedi ki, məktəbdən evə gəlmə. Mən “hara gedim, getməyə yerim varmı?” dediyimdə, o özündən çıxdı və qızım Ülviyyə Əliyevanın yanında mənim qolumdan tutub yıxdı, şagirdlərimin dəftərlərini və müxtəlif kitabları gətirib üstümə atdı, daha sonra mənim və kitabların üstünə benzin tökərək alışqanıyla od vurdu.
Üzərimə düşən yanan kitablardan sağ qıç nahiyəmdə ciddi yanıq xəsarəti aldım. Səsə qonşular yığışdılar, qaynım İlham Bəndalı oğlu Əliyev məni Ağdam Mərkəzi Xəstəxanasına apardı. Bir ay stasionar müalicə aldım. Hazırda Bakıda qohumlarımın yanında müalicə alıram. Qızım Ülviyyə atasının qohumları tərəfindən öyrədilib ki, hüquq mühafizə orqanlarına atasının əməlləriylə bağlı heç nə bildirməsin. Ona təzyiq edirlər ki, həqiqəti danışmasın”, – deyə K.Vəliyeva bildirib.
Kima Əliyevanın sözlərinə görə, İsmayıl Əliyev 2007-ci ildə böyük qızı Ülviyyəni döyərək, onun bir gözünü kor edib: “O vaxt uşaqlarıma görə, ailəmiz biabır olmasın deyə, səsimi çıxarmadım, bu iş polisə getmədi, söhbət evin içində qaldı. Lakin İsmayıl bundan sonra sakitləşmədi, əksinə, zorakılığı daha da artırdı.

Yanvarın 5-də Ağdam prokuroru Rəfail Zeynalovla da əlaqə saxlamışdıq. Həmin dialoqu bir daha oxucuların diqqətinə çatdırırıq.
“Onlar mübahisə ediblər, gör nə deyirəm… O qadın kitabları söndürmək istərkən ayağı yanıb. Elə də ciddi yanıq yoxdur orda. Qızı da orda olub. Mübahisə olub, sonra kişi kitabları yandırıb, o da söndürməyə çalışanda qadın yanıb. Qızı da bu hadisənin şahidi olub.”, – deyə R.Zeynalov bildirdi.
“Kima Vəliyeva deyir ki, 2007-ci ildə əri qızının da gözünü çıxarıb”, – deyə qeyd etdik. “Əəə, yalan deyir, ata da qızının gözünü çıxardar? Ata dəlidir, qızının gözünü çıxarda?”, – deyə prokuror suala sualla cavab verdi. “Qadınla söhbət edin, görün, normal qadındır? Kişi normal adamdır, özünü idarə edən adamdır. Ondan sonra… Kişi deyir ki, gəl barışaq… Bu deyir, yox, mən kişisiz yaşamaq istəyirəm. İndi çatışmır da…”, – deyə prokuror bildirdi.
“Yaxşı, bu qadın psixoloji müayinəyə, ekspertizaya göndərilibmi?”, – deyə soruşduq. “Təqsirləndirilən şəxsdir onu müayinəyə, dəlixanaya göndərək?”, – deyə prokuror reaksiya verdi. “Bəs necə deyə bilərsiniz ki, o normal qadındır, yoxsa, normal qadın deyil?” – deyə soruşduq.
“Əəə, sən məndən söz alırsan? Kim deyir normal qadın deyil? Mən səni adam bilib danışıram. Yandırmanı soruşursan, deyirəm ki, onu heç kim yandırmayıb”, – deyə prokuror jurnalisti təhqir etməkdən də çəkinmədi. “Adam bilib danışırsınız, çox sağ olun….Bəs niyə iş polis şöbəsinə göndərilib, polisin maddəsidir o?”, – deyə soruşduq.
“Əmlakı məhv etmə polisin maddəsidir. Orda da iki kitab yandırılıb”, – deyə prokuror cavab verdi. “Belə çıxır ki, Kima Vəliyeva hüquq mühafizə orqanlarına yalan məlumat verib. Buna görə, yəqin ki, məsuliyyət daşıyır?”, – deyə maraqlandıq. “Sağ olun”, – deyə Rəfail Zeynalov dəstəyi asdı. Biz Ağdam rayonu Mahrızlı kənd məktəbinin direktoru Südeyib Məhərrəmovla da danışdıq. O, Kima Vəliyevanın 1983-cü ildən müəllimlik fəaliyyətiylə məşğul olduğunu dedi: “Mən onu çox yaxşı tanıyıram. Çox mərifətli və həyalı qadındır. Evdəki münaqişələri barədə heç nə deyə bilmərəm, çünki hər zaman işə sakit gəlib-gedir, öz ailə problemlərini kimləsə bölüşmürdü”.
“Siz onda hansısa anormallıq, yaxud əsəb gərginliyi görmüsünüzmü?”, – deyə soruşduq. “O qadının bir anormallığını görməmişəm. Bu günə qədər bir uşağın və ya valideynin Kima Vəliyevadan şikayəti olmayıb. Əgər psixoloji durumunda nəsə problem olsaydı, bu otuz ildə biz də xəbər tutardıq. Uşaqlarla da, kollektivlə də çox hörmətli davranır və indiyə qədər bir kobudluğunu görən, eşidən olmayıb. Kima xanım çox ləyaqətli müəllimdir”, – deyə S.Məhərrəmov bildirdi.
Kima Vəliyeva prokurorun onun haqqında dediklərindən xəbər tutduqda, Qafqaznews.az-a bildirdi ki, əgər psixoloji durumunda problem var idisə, 33 il necə ibtidai sinif müəllimi işləyib? “İsmayıl maşını satıb, pulunu da verib polisə, prokurorluğa… İşi ört-bastır edib. İndi də birləşib mənə dəli adı qoymağa çalışırlar (bu yerdə Kima Vəliyeva ağlamağa başladı – red). Mən hazırda Bakıdayam, harda lazımdırsa, müayinədən keçməyə hazıram. Əlbəttə, kimin üstünə benzin töküb diri-diri yandırsalar, havalana bilərdi… Amma şükürlər olsun, ağlım başımdadır, nə dediyimi yaxşı bilirəm”, – deyə K.Vəliyeva vurğuladı.
Biz Ülviyyə Əliyeva ilə də danışmaq istədik, lakin özümüzü təqdim etdikdə, Ü.Əliyeva dəstəyi atdı və sonrakı zənglərimizə cavab vermədi. İsmayıl Əliyev isə sabiq həyat yoldaşının ona böhtan atdığını dedi: “Neçə aydır danışmırdıq, qabağıma 1 stəkan çay belə vermirdi. Mənə deyirdi ki, get kiminlə gəzirən gəz, mənə yaxın durma. Yanma hadisəsi olan gün də, mən ona dedim ki, gəl barışaq, mübahisə saldı, ağzına gələni danışmağa başladı. Onun psixoloji durumunda problemlər var.
Öz qızlarıyla belə, bu qadın danışmaq istəmir. Qızımın da gözünü kor etməmişəm, anadangəlmə qüsuru vardı, sonra gözü kor oldu. Bu qadın öz qızının ailəsini belə dağıdıb. 32 ildir maaş alır, evdə 1 manatını ortaya qoymayıb, qızının maaş kartını da özündə gəzdirir. Dedikləri yalandır”.
Təəssüflər olsun ki, məsələnin tam dərinliyinə getmək imkanımız yoxdur, amma biz də bilmək istərdik, görəsən 56 yaşlı qadın qəfildən öz həyat yoldaşına bu cür böhtanı niyə atsın? Qeyd edək ki, ötən gün əməkdaşımızı təhqir edən, “Əəə, sən məndən söz alırsan? Mən səni adam bilib danışıram” deyən prokuror Rəfail Zeynalov barəsində maraqlı məlumat əldə etdik. Belə ki, redaksiyamıza daxil məlumata görə, R.Zeynalov Ağdam RİH başçısı Raqub Məmmədovla qudadır və prokurorun qızıyla icra başçısının oğlu keçən ilin noyabrında Bakıdakı “Hollivud” restoranında toy ediblər. Bu məlumatı Ağdam RİH başçısının köməkçisi Eldəniz Abdullayev də təsdiqlədi və bildirdi ki, “başçı ilə prokuror təzə qohum olublar”.
Biz bu məqama niyə toxunduq, əziz oxucular? Xatırladaq ki, bu yaxınlarda Ağdam rayonu Baharlı kənd  uşaq bağçasında 26 il tərbiyəçi işləmiş Fəridə Vəliyeva mətbuata şikayətində RİH başçısının müavini Ağa Zeynalovun ondan 5 min manat aldığını, özünü isə Qarabağ kanalına atdırdığını demişdi. Ağa Zeynalov isə şikayətçi xanımın sözlərinə belə reaksiya vermişdi: “O qadının başı çatmır, ruhi xəstədir”. Lakin Kima Vəliyeva kimi, Fəridə  Vəliyevanın da heç bir psixi dispanserdə qeydiyyatı yoxdur. Onların “dəli” olması sadəcə RİH və prokurorluq işçilərinə “məlum”dur. Görəsən, Ağdamda RİH-dən, yerli hüquq mühafizə orqanlarından şikayətçi olan daha nə qədər qeydiyyatsız “ruhi xəstə” var. Əgər Ağdamdakı bütün “ruhi xəstə”ləri müəyyən etmək üçün, Raqub Məmmədov və Rəfail Zeynalova kömək lazım olsa, biz müstəqil mətbuat nümayəndələri əlimizdən gələni etməyə hazırıq.
Rüfət Əhmədzadə

Mövzu ilə bağlı linklər:

Ağdam prokuroru əri tərəfindən yandırıldığını deyən qadını “anormal” hesab edir? 
Ağdamda həyat yoldaşını yandıran kişini “günahsız” çıxardılar? – ŞİKAYƏT + ARAŞDIRMA (FOTO)
“Ağdam RİH başçısının müavini 5 min manat pulumu aldı, özümü də kanala atdırdı” – ŞİKAYƏT