Ədliyyə Nazirliyinin icraçıları amansızca uşaq sürüyər, amma evi zəbt olunan qadına kömək etməz? – ABSURD(FOTO,VİDEO)
 Nuray Bayramzadə ilə bağlı videoya dərhal reaksiya verən Ombudsman Aparatı da 3 övladı və 3 nəvəsiylə birlikdə kirayələrdə qalan İradə Zeynalovanın müraciətlərinə məhəl qoymur?

Bu günlərdə sosial şəbəkələrdə 10 yaşlı Nuray Bayramzadənin Ədliyyə Nazirliyinin icraçıları tərəfindən sürüdülərək “ana” dediyin qadından zorla alınmasını əks etdirən video yayıldı. Bu videoda uşağın çığırtıları, etirazları sosial şəbəkədə emosiyaları bir-birinə qarışdırdı. Bioloji atanın tərəfini tutan da oldu, lakin icraçıların Prezidentin şəkli altında azyaşlı uşağa və qadına zor tətbiq etməsi birmənalı şəkildə pisləndi.

Bu haqda Ombudsman Aparatının mətbuat xidməti də məlumat yaydı: ““İnternet portallarında və sosial şəbəkələrdə yayılmış videoda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Quba icra şöbəsinin icra məmurları tərəfindən məhkəmə qərarının icrası zamanı 10 yaşlı Bayramzadə Nuray Əvəz qızına qarşı azyaşlı uşağın psixoloji durumu və vəziyyəti, keçirdiyi sarsıntılar nəzərə alınmadan kobudluğa yol verildiyi, bu hərəkətlərə yol verməklə ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasının, Azərbaycan Respublikası Konstitusiyasının və Uşaq Hüquqları haqqında Qanunun və digər qanunvericilik aktlarının tələblərinin pozulması halları müşahidə edilib” (1news.az).

Yanvarın 7-də bu barədə Quba RİH-dən də reaksiya gəldi: “Quba Rayon Məhkəməsinin qərarına baxmayaraq, 10 yaşlı Nuray Bayramzadə hazırda xalasındadır”. Bunu “Report”a açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin (RİH) aparıcı məsləhətçisi, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Elşad Əliyev deyib. O bildirib ki, uşağın 10 yaşı təzəlikcə tamam olub: “Düzdür, hazırda məhkəmə qərarı qüvvədədir. Amma onun 10 yaşı tamam olubsa, qanunvericiliyə uyğun olaraq fikri nəzərə alınır, yəni, yenidən məhkəməyə müraciət etmək mümkündür” (report.az).

Qeyd edək ki, sosial şəbəkədə bu məsələdən yaxşı məlumatı olduğunu bildirən bəzi istifadəçilər icraçıların sifarişlə bu cür hərəkətlərə əl atdığını bildirirlər. Əlbəttə, kimisə nədəsə ittiham etmirik, amma… Azyaşlı uşağı sürüməyə canfəşanlıqla hazır olan icraçıların başqa məhkəmə qətnamələrinin icrasında necə fəallıq göstərməsi də cəmiyyətdə sual doğurur.

Məsələn, sabiq millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli yanvarın 7-də özünün “Facebook” hesabında belə fikirlər paylaşıb: “Hamı bilsin ki, məhkəmələrin qərarları Azərbaycan reallığında ancaq və ancaq rüşvət və ya tapşırıq olan zaman məcburi icra olunur. Bütün qalan hallarda süründürməçiliyə məruz qalır. Əlimdə bir neçə qərar var ki, məcburi icra etdirə bilmirəm. Bu sahə ən çox korrupsiyalaşmış sahədir. Hamı da bunu bilir. Mülki mübahisəsi olmuş hər bir şəxs”.

Daha bir vətəndaş, bu yaxınlarda ötən ilin oktyabrında Kürdəmir İcra Şöbəsindən Ədliyyə Nazirliyinə şikayət edən və borc məsələsiylə bağlı bir il əvvəl verilmiş məhkəmə qətnaməsinin icrasından narazı olan Rafiq Atamxan oğlu Məmmədov da hələ bir tədbir görülmədiyini, müraciətlərinin nəticəsiz qaldığını deyir. Bu günlərdə isə Qafqaz Xəbər Agentliyinə müraciət edən İradə Zeynalova adlı xanım 1993-cü ildən bəri mənzilinin zəbt olunduğunu bildirib. Onun sözlərinə görə, Suraxanı Rayon İcra Şöbəsinin icraçıları 6 ilə yaxındır Suraxanı RM-in qətnaməsinə məhəl qoymurlar.

“Suraxanı rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli Qətnaməsinə əsasən məcburi köçkünlər: Rüstəmov Məmməd Aslan oğlu, ailə üzvləri: Rüstəmova Şövkət Mustafa qızı və Rüstəmov Ərşad Məmməd oğlunun mənim şəxsi mülkiyyətimdə olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 2 saylı evin, 1-ci mənzilindən çıxmalı və mənzilimi mənə qaytarmalıdırlar. Qətnamə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilsə də, 2011-ci ildən bu günə qədər icra edilmir, nə icra şöbəsinin məmurları, nə də mənzili zəbt etmiş şəxslər heç kimlə, heç nə ilə hesablaşmırlar və Məhkəmə Qətnaməsini icra etmək etmək fikirləridə yoxdur. Onların özbaşınalığı nəticəsində öz mənzilimiz olduğu halda orda-burda kirayələrdə yaşayırıq. Həyat yoldaşım Mürsəlov Mürsəl Ramazan oğlu vəfat etmişdir.

Mənim şəxsi mülkiyyətimdə olan mənzilim bu illər müddətində “qaçqın və köçkün” statusundan sui istifadə edən ayrı-ayrı şəxslər bir-birlərinə sataraq yaşayırlar. Hal-hazırda orada yaşayan Rüstəmovlar qonşu blokda böyük oğlu ilə yaşayıblar və mənim mənzilimi zəbt etmiş Sevildən pul ilə alıb öz şəraitlərini yaxşılaşdırmışlar. Mən onlar ilə mənzilimi boşaltmaq barədə danışmağa cəhd etsəm də, məni qapıdan qovublar ki, “Nə vaxt ermənilər bizim evi qaytararlar, bizdə sənin mənzilini boşaldarıq!”.

Belə çıxır ki, mənim mənzilimi zəb etmiş “kişi”lərin evsiz qalmasında mən, 3 qız övladım, 3 azyaşlı nəvəm günahkarıq? Onların evini mənfur ermənilər zəbt etdiyinə görə, onların da Bakı şəhərində mənim mənzilimi zəbt edib “7 baş külfət”i küçələrə salmaları qanunauyğundur?”, – deyə İradə Zeynalova bildirib. İradə Zeynalova məsələ ilə bağlı bir sıra dövlət qurumlarına, Ədliyyə Nazirliyi Baş İcra İdarəsinə, habelə, Ombudsman Aparatına müraciət edib. Lakin bu çoxsaylı müraciətlərə hələ də məntiqə sığan bir cavab verilmir və tədbir görülmür. Görünür ki, Ombudsman Aparatı öz fəaliyyətini sosial şəbəkələr əsasında qurur və hansı məsələ daha çox “like” toplasa, o istiqamətdə bəyanatlar verir, addımlar atır…
Rüfət Əhmədzadə

Qafqaznews.az
 
Mövzu ilə bağlı linklər:

Hüquq müdafiəçisi icraçının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir
Ədliyyə Nazirliyinin icraçısı öz hərəkətsizliyinin günahını “Qaçqınkom”da görür? FOTOLAR

Kürdəmir Rayon İcra Şöbəsindən Fikrət Məmmədova şikayət olundu – MƏTN