Venesuelada minimum əmək haqqı 50% artırılır
Venesuela prezidenti Nikolas Maduro minimum əmək haqqının 50 faiz yüksəldildiyini bəyan edib. Son 1 il ərzində ölkədə minimal əmək haqqı 5 dəfə artıb. 
Oxu.Az
 BBC-yə istinadən xəbər verir ki, bu addım qiymətlərin artmasının davam etdiyi bir şəraitdə ölkə vətəndaşlarına yardım üçün atılıb. Beynəlxalq Valyuta Fondu Venesuelada 2016-cı il ərzində inflyasiyanın 500 faiz olduğunu açıqlayıb, bu isə  dünyada ən yüksək inflyasiya səviyyəsidir.
Müxalifət Venesuela prezidentini neftlə zəngin ölkədəki iqtisadi problemlərə görə günahlandırır.
Maduro özü isə bildirir ki, onun hökuməti ölkənin iri biznes oliqarxlarının onun solçu administrasiyasına qarşı apardığı iqtisadi müharibənin qurbanı olub. 
Sosialist prezidentin düşmənləri böhranın əsas səbəbinin Maduronun həddən artıq qeyri-effektiv siyasətinin olduğunu bildirirlər. 
Müxalifət prezidentin istefası barədə referendum keçirlməsini tələb edir.