“Azərsu” Mingəçevirdə 3 il əvvəl ölən qadın üçün də pul tələb edir? – ŞİKAYƏT
Nizami Zeynalov: “Anamın ölümü ilə bağlı Mingəçevir Su-Kanal idarəsinə arayış təqdim etmişəm, amma hər ay çek gətirib, onun üçün də pul tələb edirlər”
Mingəçevir şəhəri, S.Puşkin küçəsi 12, mənzil 28 ünvanında yaşayan Zeynalov Nizami İslam oğlu “Azərsu” əməkdaşlarının səhlənkarlığından şikayət edir.
“Mənim anam Abutel Əmikişi qızı Səmədova 3 il əvvəl rəhmətə gedib. Ondan sonra, ölüm kağızının surətini bütün lazım olan idarələrə, o cümlədən də Mingəçevir Su-Kanal İdarəsinə təqdim etmişəm. Amma üç ildir ki, hər ay bizdən ona görə də supulu tələb edirlər. Anlamıram, hər il mən “Azərsu”ya ölüm kağızı təqdim etməliyəm? Bir neçə dəfə idarəyə getdim, amma rəisi yerində tapa bilmədim. Belə bir problemlə üzləşən tək mən deyiləm, başqa qonşular da oxşar hallardan şikayətçidir”, – deyə Nizami Zeynalov vurğuladı.
Qafqaznews.az 
olaraq  məsələ ilə bağlı “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının da fikrini öyrənmək istədik, lakin A.Cəbrayıllının telefonuna gün ərzində zəng çatmadı. Onu başqa vasitələrlə tapmaq imkanımız isə olmadı. Mingəçevir Su-Kanal idarəsində isə ümumiyyətlə zənglərə cavab verən olmadı.
Rüfət Əhmədzadə

Qafqaznews.az