Əri tərəfindən yandırılan müəllimə Mehriban Əliyevaya müraciət etdi – MƏTN
Bundan əvvəl xəbər vermişdik ki, Mahrızlı kənd orta məktəbinin ibtidai sinif müəllimi Kima Zaman qızı Vəliyeva sabiq həyat yoldaşı tərəfindən yandırıldığını, Ağdamın hüquq mühafizə orqanlarının isə məsələyə ədalətsiz yanaşdığını bildirib. Yanvarın 10-da K.Vəliyeva məsələ ilə bağlı Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.
Müraciətin mətnini Qafqaznews.az oxucularına təqdim edirik:
Hörmətli Mehriban xanım Əliyeva! 
Siz daim haqsızlığa məruz qalan vətəndaşların, xüsusilə də zorakılıq və haqsızlıqla üzləşən Azərbaycan xanımlarının səsini eşitmiş, problemlərinin həllinə yardım etmişsiniz. Mən son illərdə həyat yoldaşım İsmayıl Əliyev tərəfindən davamlı olaraq zorakılığa məruz qalmışam. Və bu zorakılıq sonda onun bütün sərhədləri aşaraq məni yandırmasıyla nəticələndi.

Əziz Mehriban xanım!
 
Qeyd edim ki, mən Ağdam rayon Mahrızlı kənd məktəbində ibtidai sinif müəllimi işləyirəm. Son üç ildə sabiq həyat yoldaşım, 1959-cu il təvəllüdlü İsmayıl Bəndalı oğlu Əliyev yüngül həyat tərzi sürür, az qala hər gün evə gecə 03:00 radələrində gəlir, tez-tez məni döyürdü. Noyabrın 10-da günorta saat 13:00 radələrində evə gələrək, məni təhqir etməyə, qışqırmağa başladı. Dərsimiz məktəbin təmiriylə əlaqədar gündüz növbəsində olduğuna görə, mən şagirdlərimin dəftərlərini yoxlayıb dərsə getməyə hazırlaşdım, İsmayıl Əliyev dedi ki, məktəbdən evə gəlmə. Mən “hara gedim, getməyə yerim varmı?” dediyimdə, o özündən çıxdı və qızım Ülviyyə Əliyevanın yanında mənim qolumdan tutub yıxdı, şagirdlərimin dəftərlərini və müxtəlif kitabları gətirib üstümə atdı, daha sonra mənim və kitabların üstünə benzin tökərək alışqanıyla od vurdu.
Üzərimə düşən yanan kitablardan sağ qıç nahiyəmdə ciddi yanıq xəsarəti aldım. Səsə qonşular yığışdılar, qaynım İlham Bəndalı oğlu Əliyev məni Ağdam Mərkəzi Xəstəxanasına apardı. Bir ay stasionar müalicə aldım. Hazırda Bakıda qohumlarımın yanında müalicə alıram. Qızım Ülviyyə atasının qohumları tərəfindən öyrədilib ki, hüquq mühafizə orqanlarına atasının əməlləriylə bağlı heç nə bildirməsin. Ona təzyiq edirlər ki, həqiqəti danışmasın.
İsmayıl Əliyev 2007-ci ildə böyük qızım Ülviyyəni döyərək, onun bir gözünü kor edib. O vaxt uşaqlarıma görə, ailəmiz biabır olmasın deyə, səsimi çıxarmadım, bu iş polisə getmədi, söhbət evin içində qaldı. Lakin İsmayıl bundan sonra sakitləşmədi, əksinə, zorakılığı daha da artırdı.

Mehriban xanım Əliyeva!
 
Mən problemin araşdırılması üçün Qafqaz Xəbər Agentliyinə müraciət etmişdim. Ağdam rayonunun prokuroru Rəfail Zeynalov jurnalistlə söhbətində mənim haqqımda yaraşmaz sözlər işlədib, dolayısıyla məni “anormal” adlandırıb. Jurnalist mənim normallığıma şübhə edən prokurordan psixiatrik ekspertizadan keçib-keçmədiyimi soruşduqda, o, utanmadan jurnalistə qarşı ədəbsizliyə yol verib.
Daha sonra, Ağdam RPŞ-nin baş müstəntiqi Vüqar Qədimov da mənim “psixoloji durumumun yaxşı olmadığına” eyham vurub. Jurnalist ondan sübut barədə soruşduqda, müstəntiq belə cavab verib: “Yoldaşı belə deyir”.
Əgər psixoloji durumumda problem var idisə, 33 il necə ibtidai sinif müəllimi işləyirəm? İsmayıl Əliyev mənimlə birgə nikah dövründə aldığı “Mercedes Benz” markalı maşınını satıb, pulunu da verib polisə, prokurorluğa… Bunu hamıya deyir və gizlətmir də. İndi isə onu müdafiə edən prokuror və müstəntiqlə birlikdə mənə “dəli” adı qoymağa çalışırlar. Mən hazırda Bakıdayam, harda lazımdırsa, müayinədən keçməyə hazıram. Əlbəttə, kimin üstünə benzin töküb diri-diri yandırsalar, havalana bilərdi…
Amma şükürlər olsun, ağlım başımdadır, nə dediyimi yaxşı bilirəm. Qeyd edim ki, mənim şikayətimlə bağlı aparılan istintaq prosesində aşağıdakı qanunsuzluqlara yol verilmişdir: Əvvəla, prokurorluq yanıq xəsarəti ilə bağlı şikayətimi yanlış olaraq Ağdam RPŞ-yə həvalə etmiş, mətbuata açıqlamada isə bunun “əmlaka zərər vurma” olduğu bildirilmişdir. Belə çıxır ki, Ağdamın hüquq mühafizə orqanları mənim sağ qıçımın benzin tökülərək yandırılması faktını kənara qoyub, bu işi kitabların yandırılması üzərində bağlamışlar.
Digər tərəfdən, İsmayıl Əliyevin əməllərində hətta xuliqanlıq faktları belə “aşkar edilməmiş”, prokuror və müstəntiq sabiq həyat yoldaşımın əməllərinə adi bir davranış kimi qiymət vermişlər. Mənə verilən işgəncələr və uzun müddət davam edən fiziki və mənəvi təzyiqlərlə bağlı səsləndirdiyim faktlar araşdırılmamış, ailəmizin münaqişəli olması nəzərə alınmamışdır. Və ən əsası, 5 vərəqdən ibarət sənəd “Baş müstəntiq qərarı”ndan çox “vəkil çıxışı”nı xatırladır.

Hörmətli Mehriban xanım!
 
Sizdən xahiş edirəm, mənə qarşı edilən bu haqsızlığa son verilməsi, həyatıma qəsd edən İsmayıl Bəndalı oğlu Əliyevin cəzalandırılması istiqamətində öz yardımınızı əsirgəməyəsiniz. Sizə ümidlərim sonsuzdur. Mən inanıram ki, Siz biganə qalmayacaq, bu məsələnin ədalətlə həllində mənə yardım edəcəksiniz.
Hörmətlə, Kima Zaman qızı Vəliyeva
“.
Qafqaznews.az