Ədliyyə Nazirliyinin Suraxanıdakı icraçıları “başqa qanunlar”la işləyir? – ARAŞDIRMA
İradə Zeynalovanın zəbt olunmuş mənzilinin boşaldılması barədə qətnamə 6 ildir icra olunmur...
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən İradə Zeynalova adlı xanım 1993-cü ildən bəri mənzilinin zəbt olunduğunu bildirib. Onun sözlərinə görə, Suraxanı Rayon İcra Şöbəsinin icraçıları 6 ilə yaxındır Suraxanı RM-in qətnaməsinə məhəl qoymurlar. Yanvarın 10-da İ.Zeynalova məsələ ilə bağlı dövlət başçısına müraciət edib. Müraciətdə qeyd olunur: ““Möhtərəm Prezident! Siz hər zaman haqqı tapdanılan vətəndaşların yanında olmuş və vurğulamısınız ki, heç kim öz hüquq və azadlıqlardan sui-istifadə edərək, digərlərinin hüquqlarını pozmamalıdır.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Azərbaycanda vətəndaşların mülkiyyət hüquqlarının qorunması yönündə ciddi addımlar atmışsınız. Lakin təəssüflər olsun ki, bəzi şəxslər özünün “məcburi köçkün” statusundan sui-istifadə edərək, başqalarının haqqını tapdalayır, səhlənkar məmurlar isə buna göz yumurlar və öz vəzifə borclarını yerinə yetirmirlər. Suraxanı Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli Qətnaməsinə əsasən məcburi köçkünlər: Rüstəmov Məmməd Aslan oğlu, ailə üzvləri: Rüstəmova Şövkət Mustafa qızı və Rüstəmov Ərşad Məmməd oğlunun mənim şəxsi mülkiyyətimdə olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 2 saylı evin, 1-ci mənzilindən çıxmalı və mənzilimi mənə qaytarmalıdırlar.
Qətnamə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilsə də, 2011-ci ildən bu günə qədər icra edilmir, nə icra şöbəsinin məmurları, nə də mənzili zəbt etmiş şəxslər heç kimlə, heç nə ilə hesablaşmırlar və Məhkəmə Qətnaməsini icra etmək fikirləri də yoxdur. Onların özbaşınalığı nəticəsində öz mənzilimiz olduğu halda orda-burda kirayələrdə yaşayırıq. Həyat yoldaşım Mürsəlov Mürsəl Ramazan oğlu vəfat etmişdir. Mənim şəxsi mülkiyyətimdə olan mənzilim bu illər müddətində “qaçqın və köçkün” statusundan sui-istifadə edən ayrı-ayrı şəxslər bir-birlərinə sataraq yaşayırlar. Hal-hazırda orada yaşayan Rüstəmovlar qonşu blokda böyük oğlu ilə yaşayıblar və mənim mənzilimi zəbt etmiş Sevildən pul ilə alıb öz şəraitlərini yaxşılaşdırmışlar. Mən onlar ilə mənzilimi boşaltmaq barədə danışmağa cəhd etsəm də, məni qapıdan qovublar ki, “Nə vaxt ermənilər bizim evi qaytararlar, biz də sənin mənzilini boşaldarıq!”.
Belə çıxır ki, mənim mənzilimi zəbt etmiş şəxslərin evsiz qalmasında mən, 3 qız övladım, 3 azyaşlı nəvəm günahkarıq?... Hüquqlarımızı pozanlara qarşı belə etinasız yanaşma nə vaxta kimi davam edəcək? 6 ilə yaxındır ki, “araşdırırıq”, “məşğul oluruq” “davam etdiririk” cavabları ilə məni aldadıb yola verirlər.
Cənab Prezident!
Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin icra olunmasına yəni, mənzilimin boşaldılıb özümə qaytarılmasına dair tədbir görülməsinə göstəriş vermənizi və bununla da ailəmizin – övlad və nəvələrimin acınacaqlı vəziyyətdə kirayələrdə yaşamaqdan xilas edilməsini Sizdən acizanə xahiş edirik. Sizə inamımız və ümidlərimiz sonsuzdur”.

Məsələ ilə bağlı araşdırma apararkən, LEGİON sözügedən Suraxanı rayon icra şöbəsinin əməkdaşı Rauf Hüseynovun da fikirlərini öyrənməyə çalışıb, lakin R.Hüseynov bildirib ki, İ.Zeynalovanın özünə məktubla cavab verilib. Bu günlərdə İradə Zeynalovanın nümayəndəsi, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov LEGİON-a bildirib ki, Suraxanı İcra Şöbəsinin müdiri Fəqan Şabanov və icraçı Rauf Hüseynovla görüşüb: “Onlar mənə bildirdilər ki, Suraxanı RM-in 11 mart 2011-ci il tarixli qətnaməsi ancaq mənzili zəbt edənlər ayrı mənzillə təmin olunduqdan sonra icra olunacaq”.
Burda sual yaranır ki, bəlkə, mənzili zəbt edənlərin özləri də yeni mənzil almaq üçün elə həvəsli deyillər və onların bu evdən çıxması üçün İradə Zeynalova daha bir neçə il də gözləməli olacaq? Biz Rauf Hüseynovdan öyrənməyə çalışdıq, görəsən, məhkəmə qətnaməsinin icrası hansı əsaslarla dayandırılır? “Məgər siz bilmirsiniz, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi məcburi köçkünlər üçün evlər tikdirir”, - deyə R.Hüseynov bildirdi.
“Bəs bunun İradə Zeynalovanın mənzilinə nə aidiyyatı var?”, - deyə soruşduq. “Siz bizə yazılı formada müraciət edin”, - deyə R.Hüseynov dəstəyi asdı. Biz Ədliyyə Nazirliyində Suraxanı rayonu üzrə kurator Rəsul Ağayevin də fikrini öyrənməyə çalışdıq.
“Suraxanı Rayon Məhkəməsəninin 4 mart 2011-ci il tarixli qətnaməsi icra olunacaq”, - deyə R.Ağayev bildirdi. “Axı Suraxanı icra şöbəsinin müfiri Fəqan Şabanov və icraçı Rauf Hüseynov qətnaməni icra etmək istəmirlər”, - deyə qeyd etdik. “O zaman Ədliyyə Nazirliyinin mətbuat xidmətinə müraciət edin”, - deyə R.Ağayev bildirdi.  
Xatırladaq ki, yanvarın 7-də Ədliyyə Nazirliyinin nümayəndəsi LEGİON-a bildirib ki, Ədliyyə Nazirliyinin nümayəndəsi Dəyanət Mustafayev LEGION agentliyinə bildirib ki, icraçının məhkəmənin qərarını yerinə yetirib-yetirməməyi həll etmək hüququ yoxdur.
“Məhkəmənin qərarının icrası mütləqdir. Məhkəmənin qərarını yerinə yetirmək istəməyən icraçı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Mən zərərçəkmişə icraçının cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə məhkəməyə müraciət etməyi məsləhət görərdim”, – hüquq müdafiəçisi Əli Məmməd Nuriyev LEGION-a bildirib.
Digər hüquq müdafiəçisi Zəlihə Tahirova da Əliməmməd Nuriyev ilə razıdır. “Məhkəmənin qərarını yerinə yetirmək istəməyən icraçı məhkəmə məsuliyyətinə cəlb olunmalıdır”, – Zəlihə Tahirova LEGION agentliyinə bildirib.
Lakin, Nuriyevdən fərqli olaraq, o hesab edir ki, Rauf Hüseynov cinayət məsuliyyətinə yox, inzibati məsuliyyətə cəlb olunmalıdır. Bir daha xatırladaq ki, İradə Zeynalova məsələ ilə bağlı bir sıra dövlət qurumlarına, Ədliyyə Nazirliyi Baş İcra İdarəsinə, habelə, Ombudsman Aparatına müraciət edib. Lakin bu çoxsaylı müraciətlərə hələ də məntiqə sığan bir cavab verilmir və tədbir görülmür.
Tamerlan Zeynallı

LEGION

Mövzu ilə bağlı linklər:

Ədliyyə Nazirliyinin icraçıları amansızca uşaq sürüyər, amma evi zəbt olunan qadına kömək etməz? – ABSURD(FOTO,VİDEO)

Hüquq müdafiəçisi icraçının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir
Ədliyyə Nazirliyinin icraçısı öz hərəkətsizliyinin günahını “Qaçqınkom”da görür? FOTOLAR

Kürdəmir Rayon İcra Şöbəsindən Fikrət Məmmədova şikayət olundu – MƏTN
  Ədliyyə Nazirliyinin icraçısı öz hərəkətsizliyinin günahını “Qaçqınkom”da görür? FOTOLAR
Kürdəmir Rayon İcra Şöbəsindən Fikrət Məmmədova şikayət olundu – MƏTN