Qadın taksi sürücüsü: “Kişi müştəri üzərimə bıçaq çəkdi...” - FOTOLAR
 
Əvvəllər taksi sürücüsü deyəndə ağıla ilk olaraq kişi sürücülər gəlirdi. İndi isə zaman dəyişib. Qadın sürücülərin sayının artdığı dövrdə şəhərdə taksi idarə edən xanımlara tez-tez rast gəlirik. 
Bəzi insanlar hələ də onların sürücülüyünə şübhə ilə yanaşıb, avtomobilinə minməkdən imtina etsələr də, xanımlarını yalnız qadın sürücülərə əmanət edən bəylər də kifayət qədərdir. Qadın taksi sürücülərindən söhbət açmağım səbəbsiz deyil. Bu dəfə həmsöhbət olduğum Nurcahan xanım məhz 30 ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Hamının “Nurcahan bibi” kimi tanıdığı müsahibim ilə “Yaşıl bazar”ın qarşısında, avtomobilində görüşdük. 
Avtomobilə əyləşmişdim ki, müsahibim özü danışmağa başlayır: “Kaş, bu gün müsahibə verəcəyimi əvvəlcədən biləydim. Zənginiz və gəlişiniz ani oldu. Öncədən bilsəydim, gözəllik salonuna gedərdim, saçımı düzəltdirər, makyaj etdirərdim. Baxımlı olmağı xoşlayıram, bir dəfə müsahibə vermək üçün redaksiyaların birinə getmişdim. Qapıda məndən soruşdular ki, müğənnisiniz? Dedim ki, yox, taksi sürücüsüyəm. Təəccübləndilər. Hər zaman baxımlı olmuşam...”
Söhbəti yarımçıq saxlayan Nurcahan xanım pəncərədən yan avtomobildəki sürücüyə səslənir: “Abbas, müştəriyə çatacaqsan? Artıq yola düşməlisən”. 
“Oğlumdur, bərabər çalışırıq. Yeni aldığım avtomobili ona vermişəm ki, çalışıb pul qazansın. Müştəriyə getməlidir, gecikməsini istəmirəm. Müştərini getdiyi yerə vaxtında çatdırmaq lazımdır. Onların rahatlığı və məmnuniyyəti hər şeydən önəmlidir”- deyə söhbətə davam edən “Nurcahan bibi” taksi sürücüsü olma hekayəsindən danışır: “Mətbuat nümayəndələri tez-tez müsahibə almaq üçün zəng edirlər, heç kəsin xətrinə dəymirəm, razılaşıram. Sürücülüyə necə başladığımı soruşursansa, lap əvvəldən danışmağa başlayacağam. Mən Quba rayonunda anadan olmuşam. Bakıya köçəndən sonra ailə qurdum. Ailə həyatım uzun çəkmədi, 4 uşağım vardı, beşinciyə hamilə idim. Həyat yoldaşım xərçəng xəstəliyindən vəfat etdi. Ondan sonra iş axtarmağa başladım, ticarətlə məşğul oldum, lakin qazanc əldə edə bilmədim. Hamilə ola-ola iş axtarmaq çətin olsa da, heç vaxt həyatdan küsməmişəm. 5 uşağıma həm ata, həm də ana olmuşam. Onları boya-başa çatdırmaq üçün taksi sürücüsü olmağa qərar verdim. Sumqayıtda yerləşən sürücülük məktəbinə sənədlərimi verdim, orada maşın sürməyi öyrəndim. Qızıllarımı satıb, özümə avtomobil aldım və sürücülüyə başladım”.
Nurcahan xanımın sürücü olmasına ailəsi qarşı çıxsa da, o fikrindən dönməyib: “30 il öncə qadının sürücü olması qəbul edilmirdi. Ailəm taksi sürücüsü olmaq qərarımı dəstəkləmədi, qardaşım mənimlə dalaşdı. Bildirdi ki, övladlarıma özü baxacaq. Mən isə onunla razılaşmadım. Hər kəsin qazancı özünə şirindir. Nə vaxta kimi mənim uşaqlarımı dolandıracaqdı? Qardaşım hazırda Rusiyada yaşayır, hələ də mənimlə danışmır. Ona da haqq verirdim. Çünki qadın taksi sürücüsü olmaq çətin idi. Bunlara baxmayaraq, bütün çətinliklərin öhdəsindən gəlməyi bacardım”.
5 uşaq anası olan müsahibim deyir ki, çətin günlər yaşasa da, övladlarını atmaq barədə heç vaxt düşünməyib: “Öz zəhmətimlə övladlarıma baxmışam. Pul qazanıb, hamısının yuvasını qurmuşam. 3 övladıma ayrıca ev tikdirmişəm, biri mənimlə yaşayır, biri isə özü–özünə ev alıb. Ağıllı, zəhmətkeş balalarım var. İndi sürücülük etməyimi istəmirlər, deyirlər ki, evdə otur, sənə baxaq. İşləməyə öyrəşmiş insanam, evdə darıxıram. Təzyiq və şəkər xəstəliyindən əziyyət çəkirəm. Mənə çox işləmək olmaz, lakin işsiz qala bilmirəm”.
İkinci dəfə ailə quran müsahibim qeyd edir ki, həyat yoldaşı onun peşəsini sevib: “İkinci dəfə ailə qurdum. Həyat yoldaşım imkanlı və yaxşı insan olub. İkinci dəfə ailə qurduğumu deməyə utanıram. O, mənim peşəmi sevirdi, mənə dəstək oldu. Heç vaxt deməyib ki, pulumuz var, taksi sürücüsü kimi işləmə. Təəssüf ki, ikinci həyat yoldaşım erkən vəfat etdi”.
Nurcahan xanım bildirir ki, müştəriləri əsasən qadınlar olur: “Qadın müştərilərim çoxdur. Onlar bildirir ki, qadın taksi sürücüsü ilə yol getmək onlar üçün rahatdır. Bəylər də xanımlarını, övladlarını mənə rahatlıqla etibar edirlər. Gündəlik qazancım məni qane edir. İmkanlı şəxslər olub ki, məni sürücü olaraq işə götürmək istəyiblər, lakin razı olmamışam. 600-700 manat maaş təklif edirdilər. Düşünürəm ki, mənim kimsə üçün çalışmaq, ona qul olmaq yaşım deyil. Azad işləməyi sevirəm.  hazırda 62 yaşım var, 40 yaşım olsaydı, iş təklifini qəbul edərdim. Heç kimə ehtiyacım yoxdur, istəyəndə işləyir, istəyəndə dincəlirəm”.
Xanım sürücü olmağın çətinliklərindən danışan müsahibim başına gələn təhlükəli hadisəni belə nəql edir:“Qadın sürücü olmağın çətinliklərini həmişə dərk edib, ehtiyatlı davranmışam. Bir dəfə daimi müştərim olan oğlanla yol gedirdik, qəfildən üzərimə bıçaq çəkdi. Mən də tərəddüd etmədən bıçağımı çıxartdım. Bəlkə də o, narkotik çəkmişdi, məni qəfil bıçaqlaya bilərdi. Lakin əlimdəki bıçağı görüb, bıçağını cibinə qoydu və biz yolumuza davam etdik. Düşünürəm ki, Allah məni saxladı”.
Nurcahan xanımın taksi sürücüləri arasında yaşanan gərginliyə, yer davasına münasibəti də birmənalı deyil: “Bu bazar açılanda ilk mən gəlib qarşısında dayanmışam. Qalan sürücülər sonradan buraya toplaşmağa başlayıb. Burada yer davaları olmur. Oğlum təzəlikcə “Yaşıl bazar”ın qarşısında dayanmağa başlayıb. Digər sürücülər mənə hörmət etdiyi üçün heç nə demirlər. Mən səhv hərəkət etsəydim, o, bu gün yanımda çalışa bilməzdi. Mən heç vaxt başımı aşağı əyəcək hərəkətlər etməmişəm. Kiminsə çalışmasına mane olmaq olmaz. Hamının balası var,  onlar da evinə çörək pulu aparmaq üçün çalışırlar”.
Nurcahan xanımla söhbətimizi bitirib, xudafizləşdik. O isə özünü gözləyən xanım müştərini getdiyi ünvana çatdırmaq üçün yola düşdü. 
Könül İbrahim,
Musavat.com