Qarabağ qazisi Oruc Məmmədov: “Adil Əliyevin etdiyi bu haqsızlıq cəmiyyətdə pis nümunə ola bilər” – MÜSAHİBƏ(VİDEO)
“İndi orduda və cəmiyyətdə birlik görürəm, amma bəzi məmur və deputatların ədalətsiz davranışları ölkədəki vətənpərvərlik ruhunu sarsıdır”

Bu günlərdə Qarabağ qazisi, ehtiyatda olan zabit Oruc Məmmədov Qafqaz Xəbər Agentliyinə müraciət etmiş, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində ona aid 40 sot torpağın deputat Adil Əliyev tərəfindən zəbt ediliyini demişdi.

Bu barədə Qafqaznews.az-da dərc olunan “Qarabağ qazisinin torpağı zəbt olunub – Binəqədi Bələdiyyəsi faktı təsdiq etdi” başlıqlı yazıda da geniş bəhs olunub.

1960-cı ildə Sabirabad rayonunda doğulan, Xarkovda yanğınsöndürənlik üzrə orta ixtisas təhsili alıb Bakıda çalışan Oruc Məmmədov 1991-ci ilin oktyabrından – Silahlı Qüvvələrin yarandığı ilk günlərdən könüllü olaraq vətənin müdafiəsinə qalxıb, batareya komandiri olub, 1999-cu ildə isə kapitan rütbəsi ilə təqaüdə çıxıb.

Qafqaz Xəbər Agentliyinin nəzdində fəaliyyət göstərən Qafqaznews.az saytı Oruc Məmmədovla Birinci Qarabağ müharibəsi və onun başına gələnlər barədə daha geniş müsahibə alaraq, oxuculara təqdim edir:

– Oruc müəllim, Milli Ordu necə yarandı? Bəlkə elə ilk günlərdən danışmağa başlayaq?

– Azərbaycanda Milli Ordunun yaranması könüllü özünümüdafiə dəstələri ilə başladı və bu, erməni separatçılarının da təxribatlarına qarşı mübarizə aparmaq üçün zəruri idi. Müstəqilliyimiz, bütövlüyümüz təhlükə altında idi. Mən o zaman yanğınsöndürən idim. Könüllü olaraq orduya ilk qoşulanlardan oldum. Yoldaşlarımla birlikdə Qobudakı rus hərbi bazasından 3 ədəd “Qrad” texnikası götürüb bir neçə həftə Sərdarov zavodunda gizlətdik. Ruslar çox axtardılar. Nəhayət, bu “Qrad”ları ələ verməmək üçün “kamuflaj” edib Bakıdan Qarabağa apardıq. Məni də bu 3 ədəd “Qrad”dan ibarət batareyanın komandiri təyin etdilər. Bu, Azərbaycan Milli Ordusunda ilk “Qrad” batareyası idi. Hələ Xocalı faciəsi baş verəndə, Şuşa işğal olunanda belə, ordumuzda texnika çatışmırdı. Ağır texnika, artilleriya sonradan peyda oldu. O vaxt biz məcbur idik rayondan-rayona gedək. Bir qaynar bölgədən digər qaynar bölgəyə hərəkət edirdik. Ailəm Bakıda kirayədə qalırdı. Həftələrlə, aylarla evdəkilərlə xəbərləşmək imkanım olmurdu. Gecəmiz-gündüzümüz yollarda, döyüşlərdə keçirdi.

–  Xocalı faciəsi baş verəndə siz harda idiniz?

– Mən Ağdamda idim. O vaxt Ağdamdakı batalyona Milli Qəhrəman Allahverdi Bağırov rəhbərlik edirdi..

– Xocalıya hücum olacağını bilirdinizmi?

– Bilirdik. Bilirdik ki, bu gün-sabah ora hücum olacaq. Mənim dostum, Milli Qəhrəman Aqil Quliyev də orda qalmışdı, onun qardaşı Nəsimi isə mənim yanımda idi.

– Niyə köməyə getmədiniz?

– Biz köməyə getmək istədik. Amma orda vəziyyət başqa cür idi. Xocalı şəhəri erməni kəndlərinin əhatəsində idi, bir neçə erməni postunu keçməli idik. Qüvvələrimiz zəif idi. Dəstələr və batalyonlar arasında koordinasiya yox idi, vahid komandanlıq olmadan döyüş aparmaq çətindir. Uzun müddət belə davam etdi.

Amma meyitləri götürməyə getdik. Allahverdi Bağırovla bir futbol komandasında oynayan Vitalik vardı, ermənilərin komandiri idi. Bağırov onunla danışmışdı, bizə meyitləri götürmək üçün icazə verdilər. Ancaq 4 nəfərlə, silahsız vəziyyətdə gedə bilərdik. Allahverdi Bağırov bunu elan etməmişdən Ağdam RİH-in qarşısında yüzlərlə adam vardı, amma “könüllü lazımdır” deyəndə hərə bir tərəfə dağılışdı. Mən yoldaşlarımla qabağa çıxdım, Allahverdi etiraz etdi ki, sən bizə lazımsan, buraxa bilmərik. Amma Aqilin yaralı olduğunu, Qarqar çayının kənarında qaldığını eşitmişdik… Onu tapıb axtarmaq üçün can atırdım. Nə isə… UAZ və QAZ-66-larla getdik. Allahverdi öz köməkçisiylə də bizimlə gəlirdi. Aqilin meyitini götürdük… Meyitlər Qarqarın sahilindən dağlara qədər səpələnmişdi.Biz Qarqara çatanda ermənilər bir“samosval” dolu meyiti körpüdən çayın kənarına tökdülər. Ondan sonra rəhmətlik Çingiz Mustafayev də vertolyotla gəldi.

Ümumilikdə, Kətik, Naxçıvanik, Əsgəran və Xocalıdan 180-ə yaxın cəsəd topladıq, Ağdam məscidinə gətirdik. Xeyli cəsəd tanınmaz hala düşmüşdü. Bu gün Şəhidlər Xiyabanında iki naməlum uşaq məzarı var. Onların cəsədini biz götürmüşük. Ermənilər Xocalını 366-cı alayın köməyi ilə işğal etdilər, onların əlində texnika var idi. Dinc sakinləri zirehli texnika üçün nəzərdə tutulan iri kalibrli pulemyotlardan qırmışdılar. O silahların gülləsi üzü tamamilə dağıdır, tanınmaz hala salır.

– Meyit toplamağa getmişdiniz… Yaralılara rast gəldiniz?

– Yox, demək olar ki, bütün yaralıları başından vurmuşdular. Çox meyitin pal-paltarını eşələmiş, ciblərini boşaltmışdılar. Qadınların üzüyünü çıxarmağa səbirləri çatmayıb, barmağını kəsib götürmüşdülər. Dəhşətli mənzərə idi.

Yadıma düşmüşkən, bir şey qeyd edim. Naxçıvanik-Əsgəran yolunda yanımızdan bir ağ rəngli “Alabaş” avtobus üzü Xankəndi istiqamətində keçdi. Avtobusun içində xeyli sayda azyaşlı qızlar var idi. Qızlar gözüyaşlı halda bizə baxırdı. Mən həyəcanla boylanıb qışqırdım ki, bunlar bizim qızlardır? Bizə nəzarət edən ermənilərdən biri silahı mənə tuşlayıb, “səsini kəs, sən meyitlərini topla” dedi. Öyrəndiyimə görə, yüzlərlə azyaşlı qız ermənilərə əsir düşmüşdü… Başlarına nə gətirilib, düşünmək belə dəhşətlidir.

– Xocalıdan sonra Şuşa da işğal olundu. Onu da müdafiə edə bilmədik…        

– Şuşanın müdafiəsinə biz də yardım etmişik. Aralıdan ermənilərə nöqtəvi zərbələr endirirdik. Amma Şuşanın müdafiəsi zəif idi… Şuşanı qorumaq üçün ciddi texnika lazım idi. Şuşa elə bir yerdir ki, oranı cüzi qüvvə ilə də qorumaq olar, amma texnikaya ehtiyac vardı… Həm də birlik yox idi. Mən irəli gedirəm, sağımdakı, solumdakı getmir. Bizim batareya yüzlərlə hədəfə dağıdıcı zərbə endirmişdi. Ermənilərin strateji məntəqələrini, qərargahlarını dağıtmışdıq. Lakin üç ədəd “Qrad”la iş bitmir, gərək piyada batalyonları da irəli getsin. Naxçıvaniki və çox sayda erməni kəndlərini də almışdıq… Hətta 1993-cü ilin yanvarında Fərrux dağını da ələ keçirmişdik, lakin qüvvələrimiz arasında kordinasiya olmadı, ermənilər bizi mühasirəyə alıb minomyot atəşinə tutdular. Dağa çıxanda cəmi 1 nəfər minaya düşüb şəhid olmuşdu, geri çəkiləndə onlarla əsgər itirdik.

– Bəs əsgərlərin ruh yüksəkliyi necə idi?

– Ümumiyyətlə, mərd oğullarımız çox olub. Döyüş təcrübəsi olan yetərincə ağıllı hərbçilərimiz də var idi, lakin mərkəzi komandanlıq yox idi. Ermənilərdə isə bu çox yaxşı səviyyədə idi, dərhal təşkilatlanırdılar. Bir dəfə Ermənistanın daxili işlər nazirinin oğlu bizim əsgərlərə əsir düşmüşdü. Ermənistanın yüksək vəzifəli məmurlarının övladları, xaricdə yaşayan varlı ermənilər Qarabağda döyüşməyə gəlmişdi.

Bizdə isə döyüşən ancaq kasıb-kusubun balası idi…

Taleyimizlə maraqlanan az idi. Adətən, kasıbın vəziyyətini ancaq kasıb anlayır. Arxa cəbhədən sadə insanlar orduya çox kömək edirdi. Vəzifəli şəxslər isə aramızda çox az-az görünürdü.

Bir şey də qeyd edim ki, ermənilər bizə əsasən nahardan sonra hücum edirdi və onların hücumunda nəsə anormallıq var idi. Yaralanan da ayağa qalxıb üstümüzə şığıyırdı. Sonradan bildim ki, onlar müxtəlif dərmanlar, dopinq və digər narkotik təsirli vasitələr qəbul edirlər. Qorxu və ağrı hiss etmirdilər. Bu gün belə üsullardan Suriyada İŞİD-in istifadə etdiyini eşitmişəm. Amma bu cür narkotik vasitələrdən hələ 24 il əvvəl, Qarabağda istifadə olunurdu. Əsir düşən ermənilər də bunu etiraf etmişdilər.

– Bu yaxında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 1993-cü ildəki çıxışının videosu yayıldı. Həmin çıxışa görə, Rəhim Qazıyev Ərdoğana tez-tez cəbhə xəttində olduğunu demişdi…

– Rəhim Qazıyevi mən cəbhədə görməmişdim. Cəbhə xəttinə çox da gəlmirdi.

– Ağdamın müdafiəsində də olmusunuz?

– Bəli, 1993-cü il iyunun 26-da ağır yaralandım. Ağdamın müdafiəsində əsas güc biz idik. Ondan bir müddət sonra Ağdamı itirdik…

– Bu itkiyə də əsas səbəb ordudakı dağınıqlıq idi?

– Demək olar. Ordumuzu vahid komandanlıqda toplamaq çox zaman aldı. O vaxt ən yaxşı təminatlı qoşunlar Surət Hüseynovun nəzarətində idi. Ancaq 1-2 əməliyyatdan savayı, Surət Hüseynovun Qarabağ müharibəsində ciddi köməyi olmadığını düşünürəm.

– Hazırda orduda vəziyyət necədir? Zakir Həsənov öz vəzifəsinin öhdəsindən gələ bilirmi?

– Açığı, mən ən çox ordudan ona görə uzaqlaşdım ki, o vaxtkı vəziyyət ürəyimi açmırdı. İndi isə tam əksinədir. Hətta həvəslənmişəm, bu dəqiqə məni orduya çağırsalar, qaçaraq gedərəm. Milli Orduda rüşvət yığışdırılıb, maddi-texniki şərait yaxşılaşdırılıb, peşəkar hərbçilər yetişir… Aprel döyüşlərində ordumuzun rəşadəti, gənclərimizin vətənpərvərliyi məni ümidləndirdi. Mən məğlub ordunun hərbçisiyəm. Bu, mənə həmişə vicdan əzabı verir. Əzaba son verməyin isə bir yolu var – qalib gəlmək. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, torpaqlarımızı azad edəcəyik. Ehtiyatda olan kapitan kimi, döyüşdə ön sıralarda olmağa hazıram. Hətta buna söz verirəm, könüllü olaraq qəbul etsələr, mən və köhnə silahdaşlarım yenidən düşmən üzərinə gedəcəyik. Yaşımız az deyil, amma təcrübəmiz də yetərincədir, o torpaqları ovcumuzun içi kimi bilirik.

– 1999-cu ildə təqaüdə çıxdınız. Agentliyimizə ərizənizdə yazmışdınız ki, uzun müddət bir yerdə işləmədiniz, 2011-ci ildə isə həbs olundunuz…

– Bəli, o vaxt Müşfiq adlı bir tanışım Qaradağda torpaq sahəsi almışdı. Mübahisəli məsələ var idi, MTN-də bəzi adamlar öz maraqları üzrə Müşfiqin üstünə düşmüşdülər. Bir söhbət zamanı isə mən iş adamlarına edilən təzyiqləri pisləmiş, Eldar Mahmudovun əleyhinə danışmışdım. Kimsə kənardan səsimi yazıb MTN-ə ötürdü, arada mən də şərləndim. Guya başqasının torpağını qanunsuz zəbt etmişəm. Mənə 8 il 6 ay həbs cəzası kəsildi. Amma İsgəndər Həmidov, Fazil Mustafa, İqbal Ağazadə, Ruslan İzzətli kimi insanlar hüquqlarımı müdafiə komitəsi yaratdı, onların dəstəyi ilə  bəraət aldım və 3 il 7 aydan sonra azadlığa çıxdım. Dövlət mənim haqsız həbs olunduğuma görə 10 min manat da kompensasiya verdi. Yəni, bu gün kimsə mənim həbsdə yatmağımı başıma qaxa bilməz, çünki bəraət almışam! Bu gün MTN çətəsinin əməlləri də bir-bir ortaya çıxır, iş adamlarının necə şərləndiyi hamıya məlumdur.

Mən 2006-cı ildə 7-ci mikrorayonda qanuni yolla 40 sot torpaq almışdım, amma maddi imkansızlığıma görə heç bir tikinti işi aparmamışdım. Həbs olunan zaman öyrəndim ki, Mahmudov və Çovdarov mənim bu torpağımla maraqlanırlar, zəbt etmək niyyətləri var. Ondan sonra həbsdə başım qarışdı hüquqlarımın müdafiəsinə, torpaq məsələsini düşünmədim.

Lakin 2014-cü ilin avqustunda həbsdən çıxanda getdim torpaq sahəmə baş çəkməyə, gördüm orda tikinti gedir. Öyrəndim ki, burda deputat Adil Əliyev şadlıq evi tikdirir. Mənim torpaq sahəmlə qonşu olan 4 sot torpağı hansısa yollarla qayınanası Qətibə Abdullayevanın adına alıb, amma restoran mənim ərazimdədir. Bilmirəm, o torpağı Adil Əliyevin zəbt etməsi ilə Çovdarovun mənə qarşı qurduğu planların əlaqəsi varmı, yoxmu… Amma kimlərsə həbsdə olmağımdan məharətlə istifadə ediblər.

– Adil Əliyev sizinlə görüşüb, “halallıq” barədə söhbət etdimi?

– Təəssüf ki, yox… Onun Rüstəm adlı yaxın adamı söz vermişdi ki, bizi görüşdürəcək, amma sonra ondan da xəbər çıxmadı. Məni aldatdılar. Hara gedirəmsə, ya bir bəhanəylə başdan edirlər, ya da “araşdırma” adıyla məsələni uzadırlar. Görünür ki, deputat Adil Əliyevin yaxşı əlaqələri, geniş imkanları var. Nə deyirəm, sağlığına qismət. Amma müharibə veteranına, Vətən uğrunda canından keçən, düşmənə amansız zərbələr endirən bir zabitə qarşı bunu etmək rəvadırmı? Adil Əliyevin bu haqsızlığı cəmiyyətdə pis nümunə ola bilər. Mənim ailəm döyüşlər vaxtı kirayədə qalırdı. Əgər mən müharibədən sağ qayıtmasaydım, əzizlərimin taleyi necə olacaqdı? Hazırda da işsizəm, təqaüdlə dolanıram. Kimdənsə onun haqqını istəmirəm ki… Öz haqqım olan torpaq sahəsini geri qaytara bilmirəm. Belə haqsızlıqları görən gənclər sabah necə döyüşə gedəcək? Kim zəmanət verir ki, onların da mülkiyyətini kimlərsə deputat mandatına, vəzifəli qohum-qardaşına güvənib mənimsəməyəcək?… Dövlət başçısı özü də belə hallara qarşıdır. Amma təəssüf ki, bəzi məmurlar, deputatlar onlara göstərilən etimaddan sui-istifadə edirlər. Onların ədalətsiz davranışları ölkədəki vətənpərvərlik ruhunu sarsıdır.

Mən sizin vasitənizlə Cənab Prezidentə müraciət edirəm, bu məsələdə öz yardımını əsirgəməsin, mülkiyyət hüquqlarımın bərpasına köməklik göstərsin. İnanıram ki, Ali Baş Komandan bu olanlardan xəbər tutsa, biganə qalmayacaq, saxtakarlıq edən hər kəsi ən sərt şəkildə cəzalandıracaq.

Dövlət Başçısına inamım və güvənim sonsuzdur.

Söhbətləşdi: Rüfət Əhmədzadə

Qafqaznews.az