«Banklardakı depozitlərin taleyi sual altına düşə bilər»
Zaur Əhmədov: «İndi görülən antiböhran tədbirləri isə qısa zamanda vəziyyəti sabitləşdirməyə şərait yaratmayacaq»

«Gözləmə mövqeyindənsə çevik qərarlar daha az itki ilə bu vəziyyətdən çıxmağa kömək edə bilər»

Ölkədə sosial-iqtisadi vəziyyət, hökumətin gördüyü tədbirlər, böhrandan çıxış yolları ilə bağlı "Bizim Yol" qəzetinin suallarını iqtisadçı ekspert Zaur Əhmədov cavablandırır. 

- Hazırda ölkədə sosial-iqtisadi durumu necə dəyərləndirirsiniz? Xeyli müddətdir ki, anti-böhran tədbirləri icra olunur, sahibkarlıq stimullaşdırılır, yoxlamalar dayandırılır, xarici valyuta ilə bağlı bəzi tədbirlər alınıb və s. Bu günə olan nəticə nədən ibarətdir? 

- 2016-cı ili iqtisadiyyatımız üçün ağır və böhranlı və eyni zamanda böhrandan çıxmaq məqsədilə islahatlar ili kimi dəyərləndirmək olar.  Ötən ilin sonlarından bu istiqamətdə çox işlər görüldü, sərəncamlar, qanunlar imzalandı ki, bunları da antiböhran tədbirləri kimi qiymətləndirmək olar. Bu ilin ilk rübündə əvvəlki illərdən fərqli olaraq  iqtisadi göstəricilərdə, həmçinin  ÜDM-də azalma baş verdi.  Yeni iş yerlərinin açılması daha çox özəl sektorda yox, məhz dövlət sektorunda baş verdi ki, bu göstərici özəl sektorda on minlərlə iş yerlərinin itirilməsi ilə nəticələndi və hələ də davam etməkdədir. Bütün baş verənlərə rəqəmlərə əsaslanıb münasibət bildirsək, məncə, sosial anlamda bəzi qaranlıq məqamlara aydınlıq gətirə bilməyəcəyik. Görünən sosial-iqtisadi vəziyyət əhalinin rifahı və ölkəmizin iqtisadi durumu baxımından pisə doğru gedir və bu proses hələ durğunluq vəziyyətini almayıb. Ən pisi də odur ki, biz baş verənlərin real ağırlığını tam hiss etsək də, bunu rəqəmlərlə tam ifadə edə bilmirik. İqtisadiyyat elmi ictimai elmlərə aid olsa da, dəqiq riyazi müqayisələr tələb edir.  Bizdə isə dəqiqlik üçün etibarlı mənbə yoxdur. 

- Rəsmi statistikanı nəzərdə tutursunuz?
 
- Statistik məlumatlarımız ötən illər üzrə etibarlı deyil və bu ədalətli müqayisə aparmağa mane olur. Əvvəllər iqtisadiyyatda şəffaflığın aşağı həddə olması statistik rəqəmlərin sosial həyata necə təsir etdiyini müqayisə etməyə mane olur. Məsələn, götürək xarici ticarət dövriyyəmizdəki, ötən il illə müqayisədəki idxal əməliyyatlarında müşahidə olunan 23.8 faizlik azalmanı. 2015-ci ilədək idxalda əsasən də gündəlik tələbat malları və ərzaq idxalında qeyri-şəffaf mühit mövcud idi. Buna görə də idxal zamanı yük gömrük bəyannamələri dəyişdirilərək əsl qiymətindən bir neçə dəfə aşağı rəsmiləşdirilirdi. O zaman belə çıxır ki, əgər ötən il ortalama idxal üzrə bəyannamələrin qiyməti 2 dəfə aşağı salınıbsa, məsələn, şərti olaraq ötən il 200 dollarlıq idxal məhsulu 100 dollara  rəsmiləşib. Bu il də həmin rəsmiləşmiş 100 dollardan 23.8 dollar az məhsul idxal edilib, yəni 76.2 dollarlıq mal idxal olunub, deməli, əslində vətəndaşlar həyatlarının keyfiyyətində bu azalmanı 23.8 dollarlıq malda yox, daha çox hiss edirlər. Yəni real olaraq 123.8 dollarlıq mal az idxal olunub. Faizlə azalma 61.9 %, yaxud da 2015-ci ilin eyni dövrünün 38.1%-i həcmində mal idxal olunmuşdur. 
- Bu azalma iş adamlarının gəlirlərinə necə təsir edir?
 
- Əlbəttə, bu azalmanın bir qismi sahibkarın gəlirlərinə, digər qismi isə istehlakçıların büdcəsinə təsir edir. Yəni əvvəl mövcud olan qeyri-şəffaflığın aradan qaldırılmasını dövlətin rezervi hesab etmək olar. Çünki dövlətin gəlirlərinin azalması zamanı kölgə iqtisadiyyatını vergiyə cəlb etməklə, dövlət gəlirlərindəki boşluğu doldura bilir.  Amma bu kimi addımlar  vətəndaşların həyat səviyyəsinə çox pis təsir edir. Ən azı yuxarıdakı nümunədə bu aydın hiss oluna bilir. 
Antiböhran tədbirləri nəticəsində dövriyyənin şəffaflığından dövlət vergi və yığımlar şəklində, sahibkar da ən azı idxal məhsulunun üzərinə 20 % əlavə etdiyi mənfəətinə sahib ola bilərdi. Lakin həm  əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, həm də dövlət gəlirləri sahibkar gəlirlərinin formalaşmasına mane olur.  Əlbəttə, biz bu müqayisəni yalnız idxalın timsalında izah etməyə çalışdıq. Bu digər göstəricilərimizə də şamil oluna bilər. 

- Məsələn, hansı göstəricilərə şamil oluna bilər? 
 
- Əhalinin gəlirlərini manatla sabit qaldığını, yaxud da 10% artdığını nəzərə alsaq, bu gün milli valyutamızın devalvasiyasından sonra idxal olunan məhsulların iki dəfə artan qiymətləri fonunda alıcılıq qabiliyyətinin neçə dəfə aşağı düşdüyünü təsəvvür etmək çətin deyil. Artıq 25 illik müstəqillik tariximizlə bahəm ixracda xammal, idxalda isə ən bəsit texnoloji proseslərin məhsulu olan gündəlik tələbat və ərzaq məhsulları sahəsində dünya iqtisadiyyatına inteqrasiya olunmuşuqsa, bu inteqrasiya səmərəli hesab edilə bilməz. İndi görülən antiböhran tədbirləri isə qısa zamanda vəziyyəti sabitləşdirməyə şərait yaratmayacaq. İstənilən halda son zamanlar sahibkarlığın stimullaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməyə başlaması gecikmiş olsa da, sevindirici haldır. Vergi yoxlamalarının azaldılması sahibkarlara daha ürəklə investisiya qoymağa stimul verəcək. Rəqabət mühitinin formalaşması, monopoliyanın aradan qaldırılması üçün böyük təkan olacaq. Xarici valyuta ilə bağlı atılan addımların bir qismini müsbət hesab etmək olsa da, bəziləri yanlışdır və ona görə də həmin tədbirlər vəziyyətin sərtləşməsində öz töhfəsini verməyə başlayıb. 
- Müşahidə edilən əsas problem işsizlik və bank sektorunda kütləvi ixtisarlardır. Eyni zamanda kreditlərin verilməsi demək olar ki, məhdudlaşıb. Bu vəziyyət nə qədər davam edəcək? Bu sektoru nə gözləyir? Maliyyə palatası sektordakı durumu tənzimləmək iqtidarındadırmı? 
 
- İqtisadiyyatımıza problemlər valyutamızın dəyərdən düşməsi ilə əlaqədar maliyyə sektorundan qədəm qoydu. Sözsüz ki, bu da bankların bu sektorda həlledici rol oynayan bir qurum kimi ən çox təsirlənməsini şərtləndirməli idi. Amma ümumilikdə işsizliyin artması yuxarıda sözügedən kompleks geriləmənin nəticəsidir. Kreditlərin verilməyə başlaması ilə prosesi zəiflətmək olar ki, bunun üçün də manatın öz real məzənnəsini tapması və bu məzənnəyə etibarın bərpa olunması  olduqca vacibdir. Ona görə də işgüzar mühitə yeni yanaşma tətbiq olunmalıdır. 

- İndiki reallıqlar çərçivəsində hansı yanaşma uğurlu ola bilər? 
 
- Biznes üçün ən vacib məsələlərdən biri qərar qəbul etmək üçün lazım olan informasiyadır. Düzgün maliyyə qərarı qəbul etmək üçün bu  gün sahibkarlığa və maliyyə sektoruna hər şeydən çox lazım olan informasiya rəsmilərin səsləndirdiyi "qırmızı xətt" haqqındakı informasiyadır. Vətəndaşlarda qismən də olsa arxayınçılıq yaradan  Mərkəzi Bankın nəzarətdə saxladığı "qırmızı xətt" sahibkarlıq və eləcə də bank mühitinə rəqəmlə ifadədə daha gərəklidir. Əgər "qırmızı xətt"in rəqəmlə ifadəsi bəyan olunarsa, bu rəqəmi öz vəsaitləri üçün elə də gəlirli hesab etməyən bir çox sahibkarlar təcili öz valyutadakı yığımlarını təkrar biznes mühitinə qaytara bilərlər. Məsələn, 2016-cı ilin sonunadək 1 dolların 2 manat olmayacağına əmin olan sahibkarın əlində olan 100 000 dolları ilin sonunadək 3 dəfə dövriyyə etdirə bilməsinə və hər dövriyyədə bu puldan 25 faiz xalis  mənfəət əldə etməsinə imkan verən biznesə görə o pulunu təcili manata çevirəcək və biznes layihəsinə investisiya edəcək. Kommersiya bankları da əmin olsalar ki, bundan sonra manatın dollara nisbəti tutaq ki, 1dollar 1 manat 70 qəpik ola bilər, o zaman onlardan illik 26-28% -lə kredit istəyən etibarlı müştərilərinə həmin vəsaiti sata bilərlər. 

- Əks halda vəziyyət necə ola bilər?

- Əks halda passiv gözləmə mövqeyi kommersiya banklarının da rezervlərini əridəcək. Kommersiya banklarındakı manatla olan depozitlər ötən ilin fevral ayından sonra müştərilər tərəfindən xarici valyutada depozitlərə çevrilib. İndi kommersiya bankları da dollarla kredit verməkdə  çətinlik çəkir. Ancaq aybaay öz müştərilərinə depozitlərə görə faiz hesablamağa və onu ödəməyə borcludurlar. Əgər vəziyyət belə getsə, banklar indi müştərilər dollarla olan kreditləri qaytara bilmədikləri kimi, dollarda olan depozitlərə görə faizləri ödəyə bilməyəcəklər. Vəziyyətin daha şiddətlisi o ola bilər ki, hətta depozitlərin də taleyi sual altına düşə bilər. Amma istənilən halda gözləmə mövqeyindənsə çevik qərarlar daha az itki ilə bu vəziyyətdən çıxmağa kömək edə bilər. Hər  halda iqtisadi sabitliyə inamı bərpa etmək sonra daha çətin olacaq, nəinki indi. Manat öz kursunu tapınca böhran iqtisadiyyatımızda əvvəlki illərdə qazandığımız uğurları da heçə endirə bilər. Hesab edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası manatın kursunun üzən məzənnədən tənzimlənən məzənnəyə keçirilməsi ilə bu vəziyyəti yüngülləşdirə və əhalinin manata etibarını artıra bilər.   
- Bu günlərdə BVF və Avropa Yenidənqurma və İnkişaf Bankının missiyası Azərbaycanda oldu və bank sektorunu sağlamlaşdırmaq istiqamətində təkliflər verdilər. Ümumiyyətlə, hazırkı vəziyyətdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq nələr vəd edir?
(Davamı növbəti sayımızda)